Səhabələr

Xeybərdən sonraki hadisələr

Onlar da həyəcanlı idilər və az qala qaça-qaça yeriyirdilər. Hüzura gələndə Rəsulullahın mübarək üzünü təbəssüm süsləmişdi. Ay kimi nurlu çöhrəsi gün kimi parlayırdı. Öncə Xalid ibn Vəlid salam verir Rəsulullaha. Salamı elə alır ki, səsindəki lətafət vücudunu əfsunlayır. Allah Rəsulunun (s.ə.s.) qucaq açması, təbəssümündəki hərarət və sevgisinin təcəllisi onları fəth edir. Bu zaman:

– Mən şəhadət edirəm ki, Allahdan başqa ilah yoxdur və Sən də Onun Rəsulusan! – deyir Hz.Xalid. Bir qəhrəmanın da müsəlman olmasına sevinən Allah Rəsulu (s.ə.s.):

– Sənə hidayət nəsib edənə həmd olsun, – deyir, – onsuz da Mən sənin çox ağıllı olduğunu bilir və bu ağılın səni bir gün doğru yola gətirəcəyini gözləyirdim!

Hz.Xalid neçə illərdən sonra yalnız indi Xalid olduğunun fərqinə varır. Bu ehtiram və iltifatı görüb o vaxtadək keçirdiyi zamana heyifsilənir:

– Ya Rəsulullah, – deyir, – Sənin də görüb bildiyin kimi bu günə qədər mən hər dönüş nöqtəsində Sənin əleyhinə və Haqqa qarşı hərəkət etdim. Allaha dua etməyini və bu vəsilə ilə məni bağışlamasını istəyirəm!

Amr ibn As və Osman ibn Talha da eyni hisləri keçirirdi. Əvvəlcə əlini Rəsulullaha (s.ə.s.) uzadan Amr ibn As əlini  geri çəkir. Peyğəmbərimiz də bunun səbəbini soruşur:

– Mənim bəzi şərtlərim var! – deyir Amr ibn As. Allah Rəsulu (s.ə.s.):

– Nədir şərtlərin? – soruşur. İri cüssəli insan boynunu bükmüş və əvvəlki həyatın xəcaləti ilə:

– Məni bağışlamaq olmaz, – deyir.

Allah Rəsulu (s.ə.s.) onun əllərindən tutub:

– Məgər bilmirsən? İslam müsəlman olmamışdan əvvəl işlənən günahları təmizləyir!

Hudeybiyyənin bir fəth, bir zəfər olduğunu artıq hamı görürdü. Həmin gün Məkkəyə girməmişdilər, amma indi könüllər İslama açılır, Məkkə böyükləri Mədinəyə axışırdı. Bundan sonra bu proses sürətlənərək davam edəcəkdi.

Keyfiyyət dərsi və əldə edilən məqam 

Hiradakı vüslətdən sonra, demək olar, hər gün Cəbrail müxtəlif məsələlərlə bağlı gəlir və insanlığın kamala çatması üçün Allahın kəlamlarını çatdırırdı. Qəlbin və ruhun kamala yetişməsi üçün bu yol tutulmuşdu; məqsəd Rəsulullah əshabını, İslamı birbaşa Onunla bilən, tanıyan bu toplumu qiyamətə qədər bütün möminlərə nümunə olacaq səviyyədə yetişdirmək idi. Gələn hər yeni bəyan bir dinamizm, hərəkətverici qüvvə  demək idi. Və nazil olar-olmaz cəmiyyətdə əks olunur, mənimsənilir, yaşanılırdı.

Yenə Cəbrail gəlir, "Göylərdə və yerdə nə varsa, hamısı Allaha məxsusdur. Siz ürəyinizdə olanı zahirə çıxarsanız da, çıxarmasanız da, Allah ona görə sizi haqq-hesaba çəkər. Allah istədiyini bağışlar, istədiyinə də əzab verər. Allah hər şeyə qadirdir!"[15] ayəsini gətirir.

Hər yeni gələn ilahi əmr kimi, bu ayə də dalğa-dalğa Mədinə üfüqlərində əks-səda verəcək, əshab arasında yeni bir həyəcan tufanı meydana gətirəcəkdi. Ancaq bu səfərki həyəcan tamam başqa idi; belə ki, ayəni eşidənin rəngi solur və dizləri titrəyirdi. Çünki Allah (c.c.) yalnız əməl kimi zahirdə olanlara görə deyil, eyni zamanda ağıl və ürəkdən keçən düşüncələrə görə də haqq-hesab çəkəcəyini bildirirdi.

Çox keçmədən səhabələr Məscidi-Nəbəviyə axın etməyə başlayır. Hər gələn də səssizcə bir kənara çəkilib dayanır. Rəngi qaçmış, gözləri alacalanmış bu insanlar, nəhayət:

– Ya Rəsulullah, bu günə qədər namaz, oruc, Allah yolunda cihad və bu kimi öhdəsindən gələ biləcəyimiz neçə-neçə əməllə mükəlləf edildik. Amma bu gün Sənə elə bir ayə gəldi ki, bunun öhdəsindən gəlməyə gücümüz çatmaz!

Əlbəttə, bu, nazil olan ayəyə etiraz deyildi. Əksinə, bu, onun mahiyyətindəki ağırlıq qarşısında acizliyin təlaşı və ilahi əmri əda edə bilməmək qorxusu ilə yenidən Rəhmani şəfqətə sığınmaq idi. O şəfqətin yeganə Sultanı Rəsulullah (s.ə.s.) yetişdirdiyi bu insanların ruhi-mənəvi aləmini çox gözəl bilirdi. Ancaq Onun həmsöhbəti yalnız öz dövründə Məscidi-Nəbəviyə gələnlər deyildi. Onların hər biri dünyanı külli mənada (ümumi) bir məscidə çevirəcək bir mömin idi. Ona görə əvvəlcə əshabına:

– Yoxsa sizdən əvvəl gələn əhli-kitabın söylədiyi kimi siz də: "Eşitdik, amma üsyan edirik!" – demək istəyirsiniz? Əksinə, sizin borcunuz: "Eşitdik və qeyd-şərtsiz itaət edirik! Ey kərim Rəbbimiz! Hər halımızdan Səndən  bağışlanma diləyirik, çünki Səndən başqa müraciət ediləcək qapı yoxdur və dönüş də Sənədir," – deməkdir!– buyurur.

Onlar başqa cür düşünmürdülər, sadəcə qəlblərinə hakim ola bilməməkdən çəkinmiş və qeyri-iradi Allahın əmrlərini yerinə yetirə bilməməkdən narahat olmuşdular. Yoxsa, təbii ki, Rəbbin istəklərinə ram olacaqdılar. Təlaşın səbəbi də əslində ilahi əmri yerinə yetirməmək istəyi deyil, Onu xoşnud edə bilməmək qayğısı idi. Vəziyyəti Allah Rəsuluna ərz edib Onun verəcəyi hökmü gözləyirlər.

Ancaq yenə də O, ilahi əmr məsələsində mütləq itaəti nəzərə çatdırır. Doğrusu, başqa bir alternativ də düşünmək olmazdı və Allah Rəsulunun (s.ə.s.) sözləri ilə Məscidi-Nəbəviyə lərzəyə gəlir, hər tərəfdən:

– Eşitdik və itaət edirik, – sədaları eşidilir.