Səhabələr

Xeybərdən sonraki hadisələr

Onların Allah Rəsulu ilə kobud davrandıqlarını görən Sad ibn Ubadə qəzəblə irəli atılır:

– Anasız qalasınız, – deyir, – bura nə sizin, nə də atanızın torpağıdır! Allaha and olsun ki, Rəsulullah buradan müqavilənin şərtlərini yerinə yetirdiyi üçün çıxar, yoxsa sizin zorunuzla deyil!

Hz.Sadın bu sözləri ilə Rəsulullahın simasına təbəssüm qonur. Bu, bir insanın öz rəhbərinə qarşı göstərdiyi və göstərəcəyi ehtiram idi. Ancaq Allah Rəsulu (s.ə.s.) öz nəzakəti ilə həmsöhbətlərini əritmək istəyir:

– Ey Sad! Bizi öz evimizdə ziyarət edən bu insanları incitmə! – deyir.

Sonra isə Əbu Rafini çağırıb yola çıxmaq əmrini verir. Artıq Kəbədən ayrılma vaxtı gəlmişdi. Ancaq bu ayrılıq gələcək vüslətlərə qapı açan müvəqqəti bir ayrılıq idi. Çünki məkkəlilərin qəlbindəki buz əriməyə, beyinlərdə müxtəlif suallar yaranmağa başlamışdı. İndi Kəbədə Əbu Rafinin səsi əks-səda verirdi:

– Axşama qədər burada heç bir Müsəlman qalmasın!

Gözü-könlü Kəbədə qalan Allah Rəsulu da Qasvaya minərək yola düşür. Bu vaxt arxadan bir qız uşağının yanıqlı səsi eşidilir:

– Ay əmi, ay əmi, – deyə çağırırdı.

Allah Rəsulu (s.ə.s.) səs gələn tərəfə baxır. Bu qız əmisi və süd qardaşı Hz.Həmzənin yadigarı Ümamə idi. Doğrudan da, ürəkyaxan bir mənzərə idi; gözlər yaşla dolmuş, könüllər riqqətə gəlmişdi. Uhudun aslanı və şəhidlərin rəhbəri Hz.Həmzənin yetim qızı Rəsulullaha tərəf gəlirdi. Qan çəkirdi. Onlarla birlikdə getmək istəyirdi. Qaçıb tez uşağın əlindən tutan Hz.Əli:

– Əmimiz qızını nə deyib müşriklərin içində yetim qoyaq ki, – deyə Rəsulullaha müraciət edir və onu da Mədinəyə aparmaq istədiyini bildirir. Allah Rəsulu da bu fikirdə idi və beləliklə, Hz.Həmzənin əmanəti balaca Ümamə də Mədinə yolçularına qatılır.[12]

Rəsulullah Əbu Rafini Meymunə validəmizi gətirmək üçün geridə saxlamışdı və Şərifə çatanda fasilə verərək onların gəlməsini gözləyir. Onların gəlməsi ilə artıq Məkkədə heç kim qalmamışdı. Yenidən Mədinəyə doğru yola düşürlər və daha çox gecələr yol gedirlər. Beləliklə, bir il əvvəl görülmüş yuxu gerçəkləşmiş, Allahın vədi də yerinə yetmişdi.

Zeynəb validəmizin vəfatı

Mədinəyə döndükləri zaman təqvim zilhiccə ayını göstərirdi. Allah Rəsulu (s.ə.s.) qayıdandan sonra da müdafiə məqsədilə səriyyələr göndərməkdə davam edir. Bunun üçün əlli nəfərlik bir süvari birliyini İbn Əbil-Avcanın rəhbərliyi ilə ətrafa göndərəcək, Şuca ibn Vəhbi isə iyirmi dörd nəfərlik dəstə ilə Həvazin istiqamətinə çıxaracaq, Kab ibn Ümeyri də on beş nəfərlik bölüklə Bəni-Qadaya yollayacaqdı.

Bu ərəfədə Allah Rəsulunun (s.ə.s.) qızı Zeynəb validəmiz xəstə idi. Rəsulullah (s.ə.s.) Bədir döyüşündə əsir düşən Hz. Zeynəbin əri Əbul-Ası qızını, yəni Zeynəb validəmizi Mədinəyə göndərmək şərtilə azad etmiş və bu vəsilə ilə Zeynəb validəmiz də atasının yanına gəlmişdi. Gəlməyinə gəlmişdi, amma hamilə ikən Məkkədə baş verən münaqişədə xəsarət almış, uşağını itirmiş və buna görə də canında  bir xəstəlik qalmışdı.

Bir il əvvəl, məhərrəm ayında Allah Rəsulu (s.ə.s.) onu sonradan müsəlman olan keçmiş əri ilə evləndirmişdi. İndi isə o, dünyadakı yaxınlarından ayrılır və başda anası olmaqla ondan əvvəl dünyasını dəyişmiş bütün əzizlərinin yanına gedirdi.[13]

Hz.Zeynəbin vəfatı Allah Rəsulunu (s.ə.s.) da çox üzmüşdü. Kiçik yaşda vəfat edən oğullarından sonra əvvəlcə Ruqiyyə validəmiz, indi də Zeynəb validəmizdən ayrılırdı. Xədicə anamızın əmanəti olaraq yanında Ümmü Gülsüm validəmizlə Fatimə anamız qalmışdı. Onu yuyub kəfənləyən Ümmü Atiyyəyə görüləsi işləri başa salacaq və namazını da şəxsən özü qıldıracaqdı.

Məkkənin ciyərparələri

Müsəlmanlar, xüsusən, Rəsulullah məkkəlilərin könlündə, şübhəsiz ki, dərin izlər qoymuşdu. Mənimsənmiş düşüncəni, idealı yüksək səviyyədə təmsil etmək onu sözlə ifadə etməkdən daha təsirli idi. Allah Rəsulu (s.ə.s.) hər ikisini birdən edirdi. Hər fürsətdən Haqq məfkurəsi naminə istifadə edir, hər zaman daha ziyadəsinə nail olmaq istəyirdi. Kəbəyə girib Allaha qulluğunu əda etməyə başlayanda Onu maraq dolu baxışlarla uzaqdan seyr edənlər olduğu kimi Onunla qarşılaşmamaq üçün qaçanlar da vardı. Rəsulullah hamısını tanıyırdı; qapılarını onların da üzünə açmaq istəyirdi. Ona görə həmin günlər görə bilmədiyi insanlara ismarışlar göndərir, onları da düşünməyə vadar edirdi.

Xalid ibn Vəlid də bunlardan biri idi. Rəsulullah istəyirdi ki, o da gəlib İslama təslim olanlardan biri olsun. Ona görə də müsəlman olub Mədinəyə hicrət edən qardaşı Vəlid ibn Vəliddən soruşur:

– Xalid ibn Vəlid haradadır?[14]

Hz.Vəlid həmin gün qardaşı Xalidi axtarsa da, tapa bilmir. Ancaq mütləq tapmalı idi. Çünki Rəsulullahın ismarışı var idi və o da bunu bir məktub vasitəsilə qardaşına çatdırmağa çalışır. Məktubunda Rəsulullahla olan söhbətdən bəhs edir və Peyğəmbərimizin onun haqqında:

"Onun kimi bir adamın İslamiyyəti bilib qəbul etməməsi mümkün deyil. Kaş o, bütün döyüşlərdə müsəlmanların tərəfində müşriklərə qarşı vuruşaydı! Bu onun üçün nə qədər xeyirli olardı. Belə olsaydı, biz də onu digərlərindən üstün tutar və göz üstündə saxlayardıq," – dediyini yazır. Məktubunu bu cümlə ilə bitirir:

"Ey qardaşım! Qarşına çıxan bu fürsəti əldən vermə və itirdiklərinin yerini doldurmaq üçün dərhal gəl!"

Məktubu oxuyan Xalid ibn Valid qərarını verir. Onsuz da Allah Rəsuluna qarşı iştirak etdiyi hər döyüşdən sonra içində bir sıxıntı, bir məna verə bilmədiyi narahatlıq baş qaldırırdı. Hudeybiyyədən sonra da ciddi şəkildə düşünməyə başlamışdı. İndi özünə yoldaş axtarırdı. Məsələni Əbu Sufyan, İkrimə və Safvan ibn Ümeyyəyə açsa da, müsbət cavab almamışdı. Ancaq o, qərarlı idi.

Nəhayət, xeyli tərəddüddən sonra niyyətini Osman ibn Talhaya açır. Onun da eyni fikirdə olduğunu görüncə razılaşıb ertəsi gün yola düşürlər. Həddə adlı yerdə Amr ibn Asla qarşılaşırlar:

– Xoş gəldiniz, səfa gətirdiniz, ey camaat, – deyir.

– Sən də!

– Xeyir ola, hara belə?

Suala sualla cavab verir Amr:

– Bəs siz hara belə?

Artıq söhbəti uzatmağa gərək yox idi və:

– İslamı qəbul edib Məhəmmədə tabe olmağa, – deyə cavab verirlər.

Amr ibn As:

– Mən də sizinləyəm, – deyir.

Beləcə köhnə dostlar Mədinəyə üz tutub yeyin addımlarla irəliləməyə başlayırlar. Mədinəyə yaxınlaşdıqları zaman bir az dincəlib paltarlarını dəyişmək istəyirlər. Rəsulullahın hüzuruna təmiz və pak çıxmağı düşünürdülər.

Allah Rəsulu onların gəliş xəbərini çoxdan almışdı. Üzünü əshabına tutaraq:

– Məkkə ciyərparələrini qucağınıza atdı, – buyurur.

Məkkədə tapa bilməyib məktub göndərdiyi qardaşının gəlişini eşidən Hz.Vəlid sevincindən yerə-göyə sığmır. Onları qarşılamaq üçün dərhal yola çıxır. Həqiqətən, Xalid ibn Vəlid gəlirdi. Onlara xitabən:

– Tələsin! Rəsulullah (s.ə.s.) sizin gəliş xəbərini aldı və çox sevindi. İndi sizi gözləyir!