Səhabələr

Xeybərdən sonraki hadisələr

Allah Rəsulunun (s.ə.s.) Məkkəyə girişi

Zülhiccə ayının dördüncü günü idi. Allah Rəsulu (s.ə.s.) günəşin ilk şəfəqləri ilə Mərrüz-Zəhran adlı mövqedən hərəkətə başlamış, Məkkəyə girirdi. Kəbə neçə ilin həsrətindən sonra ilk dəfə öz əkizi ilə görüşəcəkdi! Yeddi il əvvəl vidalaşdığı bu məkana indi onun hər zaman problem çıxaran sakinləri ilə saziş bağlayaraq qədəm qoyurdu. Qurbanlıqları qabağa keçirmiş, onların arxasınca Kəbəyə doğru hərəkət edirdi. Zi-Tuva adlı yerə çatanda təkbir səslərini yüksəldir, təlbiyə deməyə başlayırlar. Kəbəyə ehtiramı ilk dəfə Allah Rəsulundan (s.ə.s.) öyrənəcəkdilər! Abdullah ibn Rəvaha Qasvanın yüyənini tutub Rəsulullahın önündə gedir və dünəndən bu günə gəldikləri məqamı nəzmə çəkirdi. Onun bu vəziyyətini qəribə qarşılayan və etdiklərinin nə qədər doğru olduğunu xatırladan Hz.Ömərə  Allah Rəsulu cavab verir:

– Mən də eşidirəm, ey Ömər! Səs salma, – deyir və Abdullah ibn Rəvahaya müdaxilə etməməsini istəyir. Sözün ayrı bir gücü vardı və: "Mane olma, ya Ömər! Şübhəsiz ki, o, oxların zərbəsindən daha təsirlidir,"– deyərək bu gücə işarə edirdi. Bu arada üzünü Hz.Abdullaha tutur, Məkkəyə girərkən: "O (c.c.), elə bir Allahdır ki, ondan başqa ilah yoxdur. Quluna zəfəri ilə yardım edər, ordusunu qalib edər və qarşısına çıxan kütləni  təkbaşına yox edər!" – de," – buyurur.

Artıq Abdullah ibn Rəvaha Allah Rəsulundan öyrəndiyi sözləri deyir və onun bu cümlələrini eşidən əshab da təkrar edirdi. İllərlə matəm saxlayan Məkkə ilk dəfə bayram əhvali-ruhiyyəsinə bürünmüşdü. Ən çox sevinən isə mühacirlər idi: hər bir döngədə onların xatirəsi yaşayırdı. Xüsusən də, Haşimoğullarının övladları Rəsulullahı dövrəyə almış, sevgilərini nümayiş etdirirdilər.

Artıq Kəbəyə çatmışdılar. Rəsulullah (s.ə.s.) Kəbə ilə görüşmüş və mehrabla minbər qovuşmuşdu. Səhabələr Rəsulullahı hər hansı təhlükədən qorumaq üçün ətrafında ətdən divar çəkmiş, pərvanə olub başına dolanırdılar. Müqaviləyə görə üç gün Məkkədə qalacaq və Allaha bol-bol dua edəcəkdilər.

Allaha yönəlişi tam və qulluq məqamı da zirvədə idi. Artıq təvaf başlayırdı və Həcərül-Əsvədə əl sürtməzdən əvvəl Allah Rəsulu (s.ə.s.) ehramının (hacıların büründüyü tikişsiz paltar) bir ucunu qoltuğunun altına keçirib sağ çiynini açır, digər ucunu da sol çiyninin üstünə atır. Əshabına bir tapşırığı vardı:

– Bu gün özünü daha güclü, daha gümrah göstərənlərə Allah mərhəmət etsin, – deyə dua edir və: – Onlara xoşlamaqdıqları şəkildə görünün, – deyə göstəriş verir.

Məqsədi onları zəif görən və bunun dedi-qodusunu edən müşriklərə möminin izzət və əzəmətini göstərmək idi. Buna görə də, xüsusən, ilk üç şavtda (dövrədə) sərt addımlarla, başlarını dik tutub, sinələrini də qabardaraq Kəbəni təvaf etmələrini istəyir və Özü də bunları tətbiq edərək əshabına örnək olur.

Sayı iki mindən çox olan gözü yaşlı, səsi gur və addımları sərt müsəlmanların meydana gətirdiyi mənzərə, həqiqətən də, seyrə dəyərdi və dağların başına çəkilən müşriklər də elə onlara tamaşa edirdi. Təkbir və təlbiyə səsləri Faran dağlarına yayılır, Bəkkə vadisində möhtəşəm əks-səda oyadırdı. Məkkə müşrikləri bütün bunların nə dediyini, nələr hayqırdığını çox yaxşı bilirdi.

Günorta vaxtı Allah Rəsulu (s.ə.s.) Hz.Bilalı çağırıb azan oxumağı tapşırır. Bilali-Həbəşi Kəbədə ilk dəfə Allahın adını hayqıracaqdı. Bu, onun ən böyük arzusu idi. Belə ki, burada istədiyi kimi ürəkdən Allahın adını hayqırmağa fürsət tapmamış, hər zaman işgəncələr altında inləmişdi. Dərhal Kəbənin üstünə çıxır və səsinin var gücü və gözəlliyi ilə azan oxumağa başlayır.

Qureyşin davranışı

Quayqıan dağının Hicrə baxan yamacında oturub Kəbəni təvaf edənləri seyr edən müşriklər ilk dəfə eşitdikləri bu səslərdən diksinmiş, heyrət içində öz aralarında danışırdılar. Əbu Cəhlin oğlu İkrimə:

– Yaxşı ki, Allah  Əbul-Hakəmə (Əbu Cəhlə) ölüm nəsib etdi, bu kölənin söylədiklərini  eşitdirmədi, – deyir və atası Əbu Cəhlin belə bir mənzərəyə tab gətirə bilməyəcəyinə işarə edir. Safvan ibn Ümeyyə ona qoşulub:

– Bunları görmədən atamı alan Allaha həmd olsun, – deyir. Xalid ibn Əsid də onlarla razılaşır:

– Bilalın Kəbənin üstünə çıxıb çığırdığı bu günləri görmədən atamı öldürən Allaha şükürlər olsun, – deyir.

Süheyl ibn Amr və onunla birlikdə bir dəstə insan isə Hz.Bilalın səsini eşitməmək üçün qulaqlarını tıxayıb üzlərini də örtmüşdülər: Allah kəlamını eşitmək belə istəmirdilər. Kin, nifrət və qısqanclıqdan özlərinə yer tapa bilmirdilər, əllərindən başqa nə gəlirdi ki?! Hər şey müqavilənin maddələrinə uyğun yerinə yetirilirdi.

Görüb eşitdikləri hər mənzərə Kəbəyə yeni bir canlanmanın gəldiyini göstərirdi. Dünənə qədər haqlarında xoşagəlməz söz-söhbətlər gəzən və halsızlıqdan addım atmağa taqətləri olmadığı söylənilən insanlar bunlar ola bilməzdi. Ona görə ya bu günə qədər Məkkədə deyilənlər yalandı, ya da Allah Rəsulu və əshabı gümrah saxlayan başqa güclər vardı.  Bir-birinə:

– Sizin: "Qızdırmaya tutulub halsızlaşıblar," – dediyiniz insanlar bunlardırmı? – deyə soruşur və:

– Bunlar  filankəslərdən daha güclüdür, bir baxın təvaf edərkən nəinki adi yerişlə yeriyir, az qala ceyran kimi səkirlər, – deyə təəccüblərini gizlətmirlər.

Bu zaman Allah Rəsulu Kəbənin içinə girmək istədiyini  bildirir. Onlar qəzəblə:

– Müqavilədə belə bir maddə yoxdur, – deyib etiraz edirlər.

Nəhayət, Allah Rəsulu (s.ə.s.) təvaf namazını da qılıb Səfa ilə Mərvəyə yönəlir. Burada da yeddi dəfə gedib-gələndən sonra Mərvədə dayanıb qurbanları kəsirlər. Artıq ehramdan çıxmaq zamanı idi və Allah Rəsulu (s.ə.s.) Hiraş ibn Ümeyyə adlı səhabəni hüzuruna çağırıb mübarək saçlarını ona təraş etdirir. Beləliklə, ümrənin qəzası tamamlanır.

Ümrə bitən kimi Rəsulullah (s.ə.s.) iki yüzə qədər səhabəyə əmr edərək hər ehtimala qarşı Yəcəcdəki silahların keşiyini çəkən yoldaşlarının yanına getməyi və növbəni təhvil alaraq onları da Kəbəyə göndərməyi tapşırır. Beləliklə, ümrə niyyəti ilə yola çıxan hər kəs vəzifəsini yerinə yetirmiş olur.

Məkkəyə vida

Günlər çox tez keçmişdi. Buraya gəldiyi andan özünü ibadətə həsr edən Allah Rəsulu (s.ə.s.) üçün Abtah adlı yerdə bir çadır qurulmuşdu və qalan vaxtlarında Rəsulullah buraya gəlirdi. Dördüncü günün səhəri Qureyşi təmsil edən Süheyl ibn Amr və Hüveytib ibn Abdilizza Allah Rəsulunun hüzuruna gələrək:

– Artıq vaxtdır, sizin müddətiniz bitdi. Buranı tərk edin, – deyirlər.

Bu vaxt Allah Rəsulu (s.ə.s.) bir dəstə ənsarla söhbət edirdi və onlara dönüb:

– Mənə bir neçə gün də möhlət versəydiniz, burada bir müddət qalar, sizə bir ziyafət verərdim, – deyə təklif edir.[11]

– Bizim Sənin yeməyinə ehtiyacımız yoxdur. Dərhal buranı tərk et! Üç gün tamam oldu, ya Məhəmməd! Razılaşmaya görə yurdumuzu tərk etməkdən başqa bir seçimin yoxdur!