Səhabələr

Xeybərdən sonraki hadisələr

Mədinədən Mutəyə

Bu tərəfdə Allah Rəsulu (s.ə.s.) Mədinədə əshabına döyüşün gedişindən xəbər verirdi. Gözləri dolmuş ağlamaqdan saqqalı-şərifi islanmışdı:

– Bayrağı Zeyd aldı və şəhid oldu. Sonra onu Cəfər göturdü və o da şəhid oldu. Ondan sonra bayrağı İbn Rəvaha aldı və o da şəhid oldu. İndi isə onu Allahın qılınclarından olan bir qılınc aldı! Məhz əsas döyüş indi başladı və Allah (c.c.) onun vəsiləsilə bir fəth nəsib etdi!

Bunları söylədikdən sonra Allahın cənnətdə onlar üçün  hazırladığı lütf və ehsanlardan söz açır və onların adlarını da çəkərək dua edir.

Bu vaxt Yala ibn Ümeyyə Mədinəyə gəlmiş, Mutədə olanları Allah Rəsuluna xəbər vermək istəyirdi.  Rəsulullah:

– İstəyirsən, onu sən Mənə danış, istəyirsən, Mən sənə danışım, – deyir.

Hz.Yala çaşıb qalır. Ondan qabaq kiminsə baş verənlərdən xəbər gətirməsi mümkün deyildi. Deməli, Cəbrail gəlmiş və hamıdan qabaq Mutənin xəbərlərini gətirmişdi.

– Ya Rəsulullah, onu Sən mənə danış!

Buna cavab olaraq Allah Rəsulu lap əvvəldən Mutədə nə baş veribsə, hamısını bir-bir danışmağa başlayır. Dinlədikcə Hz.Yalanın heyrətdən gözləri bərəlir: Rəsulullah  hər şeyi təfərrüatlı şəkildə təsvir edirdi.

– Səni haqq bəyan ilə göndərənə and olsun ki, Sən mücahidlərin başına gələnləri bütün təfərrüatı ilə danışdın. Mən danışsaydım, bundan artıq heç nə deyə bilməzdim!

Onun təəccübünü görən Allah Rəsulu  (s.ə.s.):

– Allah (c.c.) Mənim üçün yer üzü məsafələrini aradan götürdü və döyüş meydanını öz gözlərimlə gördüm! – deyir

Bundan sonra Rəsulullah (s.ə.s.) təxminən on beş illik hicrətdən sonra bir il əvvəl ailəsi ilə qovuşan əmisi oğlu Hz.Cəfərin evinə gedir, uşaqlarının başını sığallayıb şəfqətlə qucaqlayır. Əsma binti Ümeys bunu görüb narahat olur və:

– Ya Rəsulullah, anam-atam Sənə fəda olsun! Niyə oğullarıma yetim uşaqlar kimi baxıb göz yaşı tökürsən? Yoxsa Cəfər və yoldaşlarının acı xəbərini almısan?

– Bəli, onlar bu gün şəhid oldular! – deyir Allah Rəsulu.

Bunu eşidən kimi:

– Vay Cəfərim! – deyə ağlamağa başlayır Hz.Əsma. Allah Rəsulu ona dönüb şəhidin arxasınca necə davranmağı başa salır:

– Ey Əsma! Əsla ağzından kobud və uyğun olmayan sözlər çıxarma, özünü döyüb  ağlama!

Hz.Cəfərin uşaqlarını qucağına alıb başlarını oxşayan Rəsulullahın gözlərindən axan yaş saqqalını isladır. Peyğəmbərimiz həmişəkindən daha kədərli idi. Əllərini qaldırıb dua edir:

– Allahım! Şübhəsiz, Cəfər  savabın ən gözəlinə layiq görüldü. Ona görə də Sən onları əməli saleh qullarına verdiyin ehsanlarla və ən gözəl şeylərlə mükafatlandır!

Bir müddət Hz.Cəfərin evində qalan Allah Rəsulu (s.ə.s.) oranı tərk etdikdən sonra qızı Fatimə validəmizin qapısını döyür. Bu vaxt Hz.Fatimə də hadisədən xəbər tutmuş: "Vay, əmim," – deyə ağlayırdı. Əvvəlcə ona:

– Ağlayırsansa, Cəfər kimisinə ağla, – deyə əmisi oğlunu tərifləyir. Ardınca da:

– Cəfərin ailəsinə yemək hazırlamağı unutmayın. Onlar bu gün ailə başçılarının itkisinə ağlayır, dərd içində boğulurlar! Onlar üçün yemək hazırlayın, – deyir.

Bu yeni təlimat ilk dəfə həmin gün verilirdi və sonralar adət olacaqdı. Mutə şəhidləri üçün Mədinədə üç gün yemək bişiriləcəkdi.

Üç gün keçdikdən sonra yenidən Hz.Cəfərin evinə gələn Allah Rəsulu (s.ə.s.) artıq onların ardınca ağlamağı qadağan edir, digərləri üçün də xeyir və bərəkət duası edir. Sonra isə Cəfər ibn Əbu Talibin uşaqlarının hər ehtiyacını öz üzərinə götürdüyünü bildirir və ana Hz.Əsmaya da təsəlli verib bundan sonra heç nədən narahat olmamasını deyir.

Eyni diqqəti digər şəhid ailələrinə də göstərən Allah Rəsulu (s.ə.s.) Hz.Zeydin kiçik qızının kədər dolu baxışları qarşısında özünü saxlaya bilmir, göz yaşı tökür. Bunu görən səhabələr:

– Ya Rəsulullah! Bu nədir? – deyə soruşurlar.

– Bu, sevgilinin sevgilisinə həsrətidir, – cavabını verir.

Allahın qılıncı

Sükanı ələ alan Hz.Xalid həmin günün axşamına qədər savaşın gedişini pozmadan döyüşür və bütün məharətini qaranlığa saxlayır. Bu qədər böyük ordu bir ovuc müsəlman qoşununu beş gündür diz çökdürə bilməmişdi və bilməyəcəkdi də! Belə ki, həmin axşam Hz.Xalid ordunun nizamını kökündən dəyişdirir. Öndə vuruşanları arxa tərəfə, sağ tərəfdəkiləri sola, sol tərəfdəkiləri sağ cinaha keçirir və bununla elə bir görünüş hazırlayır ki, sanki, qaranlıq gecədə onlara yeni kömək gəlib.

Ertəsi gün səhər yerini tutan düşmən əsgərləri axşamdan bəri eşitdikləri gurultunun səbəbini indi anlayır. Demək ki, bu gecə müsəlmanlara köməyə yeni qüvvə gəlmişdi. Çünki qarşılarında duran əsgərlər altı gün boyu döyüşdükləri insanlar deyildi. Böyük bir sarsıntı keçirirlər: üç minlik ordu ilə bacara bilməmişdilər! İndi yenicə kömək almış bu ordu ilə necə döyüşəcəkdilər?! Həmin gün hələ döyüşə girməmiş, sanki, məğlubiyyəti qəbul etmişdilər.

Hz.Xalid bu vəziyyətdən istifadə edir. Nizamlı şəkildə  geri çəkilməklə düşmənlə aranı açmağa çalışır. Bunu görən Bizans ordusu Hz.Xalidin bu gedişini yeni bir taktiki addım hesab edir və hücum edəcəkləri təqdirdə mühasirəyə düşüb böyük itki verməkdən çəkinir.