Səhabələr

Xeybərdən sonraki hadisələr

Zatür-Riqa

Qatafan səfəri Mədinədən çıxandan geri dönənədək keçən on beş günlük müddət ərzində baş verən qeyri-adi, xarüqüladə hadisələrə görə əshab arasında "qeyri-adi hadisələr səfəri" də[3] adlandırılır.

Hər zaman olduğu kimi, həmin gün də Mədinəyə bir tacir gəlir və malını əshaba satır. Bir müddət oturub söhbət etdikdən sonra da:

– Ənmar ibn Bəğiz və Bəni Saadoğulları sizə qarşı döyüşmək məqsədilə toplandıqları halda, sizin bir tədbir görmədiyinizi görürəm, – deyir.

Mühüm xəbər idi, belə ki, həmin adamlar əvvəllər də fürsət düşdükcə Mədinəyə hücum etməyə çalışımışdılar. Bu xəbər Allah Rəsuluna çatan kimi yerinə Əbu Zərri vəkil qoyub[4] dörd yüz[5] nəfərlik bir qüvvə ilə Məhərrəm ayının bir şənbə günündə həmin istiqamətə doğru yola çıxır. Mədik istiqamətində gedir və Şuqra vadisinə çatanda orada bir gün dincəlir, orada səhabələri müəyyən dəstəlara bölüb ətrafı yoxlamağa göndərir.

Gecədən xeyli keçmiş geri dönən əshab ətrafda heç kəslə rastlaşmamış, ancaq bəzi izlər tapmışdı. Bundan sonra Allah Rəsulu (s.ə.s.) yenidən hərəkət əmri verir, hədəfinə doğru sürətlə irəliləyir. Yorulduqca və isti güclənincə fasilə verir, yenə yola davam edirlər.

Nəhayət, Mədinədən iki günlük məsafədə yerləşən bir xurmalığa çatırlar. Bura həmin tacirin dediyi qəbilələnin məskəni idi. Ancaq orada qadınlardan başqa heç kim yox idi. Rəsulullahın gəlməsi xəbərini alan kimi dağlara çəkilmiş, hadisələrin gedişini gizləndikləri yerdən izləməyə başlamışdılar.

Gərgin ab-hava hökm sürürdü. Dağ başına qaçıb sığınan qatafanlılar artıq sonlarının gəldiyini düşünürdülər. Allah Rəsulu ilə olan əshab isə dağlara çəkilən insanların qəfil hücum edib etməyəcəyini dəqiq bilmək istəyirdi. Səssicə gözləyirlər.

Elə bu vaxt günorta (zöhr) namazının vaxtı girir və Allah Rəsulu (s.ə.s.) əshabı ilə namaza hazırlaşır. Azan oxunur, cərgələr düzülür! Bunu görən qatafanlılar əllərinə fürsət düşdüyünü düşünürlər.

Əvvəlcə dərhal hücum edib müsəlmanlara zərbə vurmağı planlaşdırsalar da, bir qismi:

– Bu dəfə onlara bir şey etməyin, necə də olsa, bundan sonra da namaz qılacaqlar. Namaz onlara övladlarından da əzizdir, – deyincə bu hücum planını sonrakı namaza saxlayırlar.

Ancaq bir şeyi nəzərə almamışdılar. Belə ki, bu vaxt Cəbrail gələrək Allah Rəsulunu onların bu xain planından xəbərdar edir. Bundan sonra Rəsulullah (s.ə.s.) əsr namazının vaxtı girər-girməz əshabını iki dəstəyə ayırır və yenə camaatla namaz qılır. Buna görə ilk rükətdə Onunla birlikdə namaz qılan səhabələr ikinci rükətə qalxdığı zaman ayrılıb ehtimal olunan təhlükələrə qarşı keşik çəkir  və bu vaxt digər dəstə namaza durub ikinci rükəti Onunla birlikdə tamamlayır. Daha sonra hər iki dəstə da qılmadığı bir rükəti özü  tamamlayır və beləcə, pusquda duran düşmənin niyyətini puç edirlər. Bunula dağa çəkilən düşmənin göz dikdiyi bir ümid işığı sönür, həm də əbədi olaraq!

On günə yaxın bu bölgədə qalan Allah Rəsulu düşmənlə qarşılaşma ehtimalı aradan  qalxan kimi əshabına Mədinəyə qayıtmaq əmri verir. Hətta səhabə Cual ibn Suraqanı öncül qüvvə kimi Mədinəyə göndərir və heç bir problem olmaması barədə ora xəbər çatdırmağı tapşırır.

Bu vaxt bir səhabə quş yuvası tapır. Yuvada olan quş balalarından birini götürüb düşərgəyə gəlir. Onun hərəkətlərində bir dəyişiklik hiss edən əshab maraqla əlinə baxmağa başlayır. Hər bir hadisəyə ayrıca qiymət verən Allah Rəsulu da ona baxır və hadisənin sonunu gözləyir.

Elə bu vaxt bir quşun həmin səhabənin üstünə enib-qalxdığını görürlər. Bu, balasını onun əlindən qurtarmaq istəyən bir ananın çırpıntısı idi! Məsələ aydın olmuşdu. Quş ana şəfqəti ilə yuvasını dağıdan insana hücum edir və balasını onun əlindən almaq istəyirdi. Həqiqətən də, ürək kövrəldən bir mənzərə idi, balasını nəyin bahasına olursa-olsun, qurtarmaq üçün özünü təhlükəyə atırdı. Rəsulullah:

– Bu quşa baxanda yazığınız gəlir, elə deyilmi? – deyə soruşur, – siz onun balasını götürdünüz, o da balasına olan mərhəmətinə görə özünü təhlükəyə atır. Unutmayın ki, Allahın öz qullarına olan mərhəməti bu quşun balasına olan mərhəmətindən daha güclüdür!

Yenə yola düzəlir və Mədinəyə xeyli yaxınlaşırlar. Nəhayət, gecənin qaranlığı çöküncə  Sırar adlı yerdə fasilə verirlər. Allah Rəsulu (s.ə.s.) burada bir dəvə kəsilməsini əmr edir.

Fikir verməmişdilər: bu zaman onları bir Müsəlman qanı tökməmiş geri dönməyəcəyinə əhd edən bir düşmən təqib edirdi. Küləkli bir gecə idi və Allah Rəsulu (s.ə.s.) üzünü əshabına tutub:

– Bu gecə bizi kim qoruyacaq ? – deyə soruşur.

Abbad ibn Bişr və Ammar ibn Yasir ayağa qalxıb:

– Biz qoruyacağıq, ya Rəsulullah, – deyirlər və Allah Rəsulu da bundan məmnun olub istirahətə çəkilir.[6]

Ümrənin qəzası

Hicri yeddinci ilin zülqədə ayı idi. Cəbrail "Döyüş haram olan ay (hicrətin 7-ci ilinin zülqədə ayı) döyüş haram olan ay (hicrətin 6-cı ilinin zülqədə ayı) müqabilindədir. Hörmətlər qarşılıqlıdır".[7] məallı ayəni gətirir. Bununla Allah keçən il əda edilməyən ümrə vaxtının yetişdiyini xatırladırdı.[8] Allah Rəsulu (s.ə.s.) da bir il əvvəl razılığa gəldikləri kimi əshabına ümrə üçün hazırlaşmaq əmri verir. Keçən müddətdə şəhid olan və ya öz əcəli ilə ölənlər xaricində Hüdeybiyyədə olanların hamısının iştirakının vacibliyini bildirir.

Bu vaxt ümrə üçün imkanları olmayan insanlar da yola çıxmaq istəyirdilər. Nə minməyə atları, nə də yol azuqələri var idi:

– Ya Rəsulullah, Allaha and olsun ki, bizim əlimizdə yol azuqəmiz olmadığı kimi bizə əl tutan bir kəs də yoxdur! – deyirlər.

İstək səmimi olsa da, imkanları yox idi. Onların içində Mədinə kənarlarından buraya hicrət etmiş insanlar var idi! Ona görə də bu insanlara əl tutulmalı, yola çıxmaq üçün lazımi köməklik göstərilməli idi.

Bunun üçün Fəxri-Kainat Allah Rəsulu (s.ə.s.) əshabını sədəqə verməyə təşviq edir. Allah üçün verənə Allahın da bol miqdarda verəcəyinə şübhə yoxdur. Beləliklə, fani olan dünya malını axirətdə əbədi bir sərvətə döndərmə fürsəti  vardı.

– Sədəqə verin və əsla əlinizi çəkməyin, yoxsa həlak olarsınız, – deyir.