Səhabələr

Xeybərdən sonraki hadisələr

Xeybər qənimətləri ilə Mədinəyə qayıdan Allah Rəsulu (s.ə.s.) bu imkanlarla iki əhəmiyyətli iş görəcəkdi. Birincisi, mal-mülklərini Məkkədə qoyub Mədinəyə hicrət edən mühacirlərə təlimat verəcək, qapılarını onların üzünə açıb mal-mülklərini də onlarla bölüşən ənsara bu malları geri qaytarmalarını  tələb edəcək və özü şəxsən bunu yerinə yetirəcəkdi. Belə ki, Hz.Ənəsin anası Ümmü Süleym hicrətdən sonra Ona bir xurmalıq bağışlamışdı. O gün Allah Rəsulu bu xurmalığı istifadə üçün verdiyi Ümmü Eyməndən alıb sahibinə qaytaracaqdı.

İkincisi, yenə Məkkə ilə bağlı idi. O ərəfədə Məkkədə böyük bir quraqlıq olmuş, insanlar və mal-qara qıtlıqdan əziyyət çəkirdi. Bunu bilən Allah Rəsulu (s.ə.s.) hər fürsətdə Ona qılınc qaldırıb həyatına qəsd etməyə çalışan məkkəlilərə kömək edəcək və onlara Xeybər qənimətlərindən  yardım göndərəcəkdi.

Rəsulullahın bu addımı möminin şəfqət və həssaslığını göstərirdi. Onlar da Allahın qulu idi, buna görə də məkkəlilərin dadına yetişir və bu hərəkəti ilə onları Allaha "qul" olmağa çağırırdı.

Yardımı səhabə Amr ibn Ümeyyə aparır. Yardımın ünvanı yenə Əbu Sufyan, Süheyl ibn Amr və Safvan ibn Ümeyyə idi. Onlar Məkkə böyükləri idi və bu yolla həm də onların fikirləri öyrənilir, İslama münasibətləri yenidən yoxlanılırdı. Belə ki, bir vaxt bunların üçü də Rəsulullahın (sallallahu əleyhi və səlləm) hüzuruna gələcək və Onun səhabəsi olmaqla şərəflənəcəkdi.