Səhabələr

Yeni hücum və Xəndək

Bəni-Qureyzənin ödü ağzına gəlmişdi. Yavaş-yavaş ölümə yaxınlaşdıqlarını görürdülər; hər addım onları bataqlığın içinə çəkirdi. Böyük bir qorxu və təlaş içində idilər:

– Ey ibn Hudayr, – deyirlər, – biz xazrəclilərin deyil, sənin müttəfiqlərinik!

Bu boyda xəyanətdən sonra ittifaqın nə mənası ola bilərdi? Buna görə də Üseyd onlara:

– Sizinlə mənim aramda nə bir anlaşma, nə bir sözləşmə, nə də bir əhd vardır, – deyə səslənir.

Bu vaxt Allah Rəsulu yaxınlaşır. Səhabələr Onu dövrəyə alıb ətrafına canlı sipər çəkirlər. Allah Rəsulu əvvəlcə Bəni-Qureyzənin başçılarına səslənir:

– Allah qəzəbini endirib sizi rəzil-rüsvay etdi, siz isə bunun qarşısında hələ Mənə küfr də edirsiniz, hə?

O an büsbütün dəyişirlər. Sanki, bir az öncə Allah Rəsuluna və xanımlarına təhqiramiz ifadələr işlədən onlar deyildi.

– Ya Əbal-Qasım, biz belə bir şey etmədik, – deyə israr edirlər, – Sənin cəhalətlə bir əlaqən ola bilməz və Sən belə ağır sözlər də söyləməzdin.

Beləliklə, onlar Rəsulullahı belə bir şeyi etmədiklərinə inandırmağa çalışır və Onun fəzilətinə sığınırdılar.

Mühasirə

Artıq mühasirə başlamışdı. Həmin gün axşam Sad ibn Ubadə möminlərin ərzaq ehtiyacını təmin etmək üçün çoxlu xurma göndərir. Bu vaxt Allah Rəsulu (s.ə.s.):

– Xurma nə gözəl yeməkdir, – buyurur və belə bir vaxtda əshabına dəstək olanları təqdir edir.

Ertəsi gün sübh tezdən Bəni-Qureyzəyə hücum başlanır. Oxçuları müəyyən yerlərə yerləşdirmiş və mühasirə üçün də əshabını cərgələrə ayırmışdı. Qarşılıqlı ox atışları həmin  gün axşama qədər davam edir.

Günlər bir-birini əvəz edirdi. Qalalarının içində ərzaq ehtiyatları olduğu üçün bəni-qureyzəlilər özlərinə arxayın idi və heç cür təslim olmaq istəmirdilər.

Bir müddət sonra isə artıq ümidləri kəsilmiş, gücləri tükənmişdi. Bundan sonra müqavimət göstərməyin də əhəmiyyəti yox idi. Ona görə də içəridən səslənməyə başlayırlar:

– Bizə imkan verin, sizinlə danışmaq istəyirik!

Allah Rəsulu (s.ə.s.) onların təklifi ilə razılaşır.

Çox keçmədən Nəbbaş ibn Qeys bayıra çıxır və Rəsulullaha (s.ə.s.) tərəf gəlməyə başlayır:

– Bəni-Nadirə icazə verdiyin kimi, bizə də icazə ver, silahdan başqa dəvələrin daşıya biləcəyi qədər yükü və ailələrimizi götürüb buralardan çıxıb gedək, – deyirdi.

Bəni-Nadirdən sonra neçə qış gəlmiş, neçə bahar keçmiş, çox dəyişmişdi. Əvvəlki iki qəbilənin başına gələnləri görə-görə ikinci dəfə müqaviləni pozmuş, qəbul etdikləri hakimiyyətə müharibə elan edərək düşmənlə ittifaqa girmişdilər. Halbuki onlar Bəni-Nadirlə eyni əməli etsələr də, bağışlanmış, Mədinənin birgə mühafizəsi məsləsində Rəsulullahla yeni bir müqavilə imzalamışdılar. Peyğəmbərimizin onlara etdiyi yaxşılıq bununla bitmirdi. O, Mədinəyə gələnə qədər bir bəni-qureyzəli bir bəni-nadirliyə bərabər tutulmurdu. Belə ki, Bəni-Nadirdən birini öldürən bəni-qureyzəliyə qisas tətbiq edildiyi halda, eyni vəziyyətdə olan bəni-nadirli sadəcə maddi cərimə ödəyərək ölümdən qurtulurdu. Məhz Allah Rəsulu əsrlərdən bəri davam edən sosial statusdakı bu qeyri-bərabərliyi aradan qaldıraraq, Bəni-Qureyzənin də digərləri ilə eyni statusda olduğunu elan etmiş və bununla da əzilən Bəni-Qureyzəyə arxa olmuşdu.

Bəni-Qureyzə isə bütün bu yaxşılıqlara baxmayaraq, bazarlarını Əhzab ordusunun düşərgələrinə daşımaqla düşmən əsgərlərini qida ilə təmin etmiş, ona maddi dəstək vermişdi. Bu, xaincəsinə arxadan vurulan zərbə idi. Huyeyy ibn Ahtaba qucaq açmış və  döyüşün baiskarı olan bu insanla birlikdə müsəlmanlara meydan oxuma yarışına girmişdilər. Bundan başqa, xəndəyin o biri tərəfində gözləyənlərə məktub yazmış və bir dağıdıcı həmlə ilə qələbə qazanmaq məsələsində Əhzab ordusunu cəsarətləndirmişdilər.

Bir qismi hətta arxadan möminlərə hücum etmiş, qadınların və uşaqların üstünə yeriyərək Xəndəkdə mücadilə edənləri zəiflətmək istəmişdilər. Qılınclarını çıxarmış, yaylarını çəkərək möminləri arxadan ox yağışına tutmuşdular. Həmçinin ağızlarına gələni danışmış, hər cür həqarətə əl atmışdılar. Bunların hamısı qanuni müsəlman idarəsinə qarşı üsyan etdiklərini açıq-aydın göstərirdi ki, onlar da bunu öz iradələri ilə etmişdilər.

Ona görə də Allah Rəsulu (s.ə.s.) bu təklifi qəbul etmir. Görünür, əvvəlcədən məsələni qərarlaşdırmışdılar. Dərhal ikinci variantı irəli sürürlər:

– Elə isə canımıza toxunmayın, qadın-uşağımızı bizə ver, dəvələrin daşıya biləcəyi malları götürmədən çıxıb gedək!

Bu təklif də qəbul olunmur. Rəsulullahın verəcəyi hökmlə razılaşmaqdan başqa çarələri qalmamışdı. Başqa çıxış yolu olmadığını görən Nəbbaş çarəsiz qalaya  qayıdır.

Nəbbaş gəlib baş verənləri onlara danışarkən Kab ibn Əsəd qövmünə müraciət edir:

– Ey Bəni-Qureyzə camaatı! Başımıza nələr gəldiyini hamınız görürsünüz, mən sizə üç variant təklif edirəm. Siz istədiyinizi qəbul edə bilərsiniz.

– Hansı variantları? – deyə soruşurlar.

Təcrübəli lider deyir:

– Bu adama tabe olub Onu təsdiq edək. Onsuz da, onun Allah tərəfindən göndərilmiş bir peyğəmbər olduğu açıq-aydın bilindi. Kitabınızda xüsusiyyətlərini gördüyünüz Nəbi Odur. Bununla siz canlarınızı, mallarınızı və qadınlarınızı qorumuş olacaqsınız. Allaha and olsun ki siz, Məhəmmədin peyğəmbər olduğunu bilə-bilə susursunuz. Onun Bəni-İsraildən deyil, Allahın dilədiyi yerdən – ərəblərdən göndərilməsinin həsədini çəkməyimiz Onu qəbul etməyimizə mane olur. Bildiyiniz kimi, mən Onunla anlaşmanın pozulması tərəfdarı da deyildim. Bütün müsibət və uğursuzluqları burada oturan bu adam (Huyeyy ibn Ahtab) başımıza gətirdi![22] Yəqin ki, İbn Cəvvasın buraya gəldiyi zaman sizə söylədiklərini xatırlayırsınız? O: "Mən Şam kimi növ-növ içki, çörək və xurma məhsulları ilə zəngin bir yeri qoyub, su, xurma və arpadan başqa bir şeyi olmayan bu bölgəyə niyə gəldim, bilirsinizmi? – deyə soruşmuşdu. O zaman ondan: "Yaxşı bəs niyə gəldin?" – deyə səbəbini soruşmuşdular. O da: "Çünki bu şəhərə bir Nəbi gələcəkdir. Əgər O gəlsə və mən də Ona sağ-salamat yetişsəm, Ona tabe olar və kömək edərəm. Ancaq O, məndən sonra ortaya çıxarsa, siz əsla Ona biganə olmayın, gedin tabe olun və Ona dost və yardımçı olun! Bax o zaman siz əvvəlki ilə sonrakına birdən və iki kitaba inanan bəxtiyarlardan olarsınız. Məndən də Ona salam söyləyin və Ona Onu təsdiq etdiyimin xəbərini verin, – demişdi".  İndi gəlin biz də Ona tabe olub Onu təsdiq edək!