Səhabələr

Yeni hücum və Xəndək

İbn Sudanın yolu Məscidi-Nəbəviyə idi. Gəlir və səhərə qədər orada qalır. Ertəsi gün səhər hamı onu burada görəcəyini düşünürdü. Ancaq o, çoxdan Məscidi-Nəbəvidən çıxmış və naməlum istiqamətə yollanmışdı. Bunları Allah Rəsuluna danışanda:

– O, elə bir adamdı ki, Allah (c.c.) vəfasına görə onu xilas etdi, – buyuracaqdı.

Ölümlərinə özləri fərman vermişdilər

Özləri haqqında veriləcək hökmün edam olacağından danışırdılar. Hər fürsətdə sözü ölümə gətirir və xilas olmaq üçün bir ümid yeri görə bilmirdilər. Məsələni ölçüb-biçir, əllərini vicdanlarına qoyub o vaxtadək etdiklərini düşünür, bir nəticəyə gəlməyə çalışırdılar, amma yenə də ölümdən başqa yol görmürdülər. Çünki əməlləri ölümə artıqlaması ilə layiq idi.

 Aralarında Hakəm adlı bir nəfər var idi. Həm o xanımını, həm də xanımı onu çox sevirdi. Mühasirə zamanı bir yerdə oturub uzun-uzadı ağlaşırdılar. Xanımı Nübatə ona:

– Məni tərk edib gedəcəksən, – deyir və həsrətlə ərinin üzünə baxıb fəryad edirdi.

Bunu görən və bu işin ölümlə nəticələnəcəyini yəqin edən Hakəm xanımını da özü ilə "aparmaq" üçün plan qurur. Xanımının əsir alınmasına heç cür razı ola bilmirdi. Özü öldürülsə, xanımı da ölməli idi. Oturub gözləməyin mənasız olduğunu düşünən Hakəm xanımı Nübatəni yanına çağırır və tapşırır:

– Tövrata and olsun ki, dediyin kimi olacaq! Nə deyirsən? Sən bir qadınsan! Ən yaxşısı, sən bu dəyirman daşını onların üstünə yuvarlat! Onsuz da bundan sonra biz onların heç birini öldürə bilmərik! Sən qadınsan və əgər bu gün Məhəmməd bizə qalib gəlsə, qadınlara toxunmaz və onları öldürməz!

Ərinin bir sözünü  iki eləməzdi Nübatə. Hakəm olmadan həyatın mənası yox idi onun üçün və Zebir ibn Batanın qalasının üstünə çıxaraq orada olan bir dəyirman daşını qalanın kölgəsində dincələn möminlərə tərəf yuvarladır.

Yuxarıdan böyük bir daşın yuvarlanıb üstlərinə gəldiyini görən səhabələr sağa-sola qaçmağa başlasa da, daş Xallad ibn Süveydin başına düşüb onu şəhid edir.

Əbu Lübabə  

Mühasirənin daha da şiddətləndiyini görən Bəni-Qureyzə Allah Rəsulundan müzakirə aparmaq üçün Əbu Lübabənin göndərilməsini xahiş edir. Rəsulullah (s.ə.s.) bunu da qəbul edir. Çox keçmədən Əbu Lübabə ibn Abdilmünzir Bəni-Qureyzə yurduna gedir. Arvad-uşaq yollara tökülmüşdü, acınacaqlı hallarını ərz edib ağlaşır və mərhəmət istəyirdilər. Bunu görən Əbu Lübabə çox kövrəlir. Başçıları Kab ibn Əsəd irəli çıxır və:

– Ey Əba Lübabə, – deyə səslənir, – biz səni xüsusi olaraq seçdik. Məhəmməd ancaq Özünün verəcəyi hökmlə razılaşmaqdan başqa bizə yol qoymur. Nə deyirsən, Onun hökmü ilə razılaşaq?

– Bəli, – deyə cavab verir Əbu Lübabə. Əli ilə boğazını işarə edərək Rəsulullahın verəcəyi hökmün edam olacağını bildirir. Və dərhal bu hərkətindən – əli ilə boğazını göstərib Rəsulullaha aid hökmə işarə etməsindən peşman olur. Bu, onun üçün böyük xəyanət demək idi, özü-özünü bağışlaya bilmir. Rəsulullahın buyruğu xaricinə çıxmış, bağışlanmaz bir xəta etdiyini düşünürdü.

Hər kəsin Əbu Lübabənin gətirəcəyi xəbəri maraqla gözlədiyi bir vaxtda o, Bəni-Qureyzə qalalarının arxasından çıxaraq birbaşa Məscidi-Nəbəviyə gəlir və özünü dirəklərdən birinə bağlayaraq, ölənəcən və ya əfv olunanacan burada qalacağına əhd edir. Eyni zamanda Allah və Rəsuluna "xəyanət etdiyi yerə" – Bəni-Qureyzə yurduna bir daha ayaq basmayacağına and içir.

Çox keçmədən bu hadisə möminlər arasında yayılır, Rəsulullaha da çatır. Allah Rəsulu (s.ə.s.) buyurur:

– Allah onun haqqında hökm verənədək ona yaxınlaşmayın. Əgər yanıma gəlib vəziyyəti ərz etsə idi, onu bağışlayardım.

Elə bu zaman Cəbrail gəlir və Uca Allahın: "Ey iman edənlər! Allah və Rəsuluna xəyanət etməyin, bilə-bilə aranızdakı əmanətlərinizə də xəyanət etməyin"[24] – bəyanını gətirir.

Əbu Lübabə ayənin birbaşa ona xitab etdiyini düşünür və xəcalətdən heç kimin üzünə baxa bilmirdi. Artıq o yeyib-içmir, ilahi əfvin gələcəyi anı səbirsizliklə gözləyirdi. Altı gün boyu xanımı ilə qızı növbə ilə yanına gəlir və ancaq dəstəmaz alıb namaz qılmaq üçün iplərini açırdılar. Əbu Lübabə qulluq vəzifəsini icra etdikdən sonra özünü yenidən bağlatdırırdı.[25] Dünyadan küsmüşdü, getdicə zəif eşidir, zəif görürdü.

Bir səhər vaxtı Allah Rəsulu (s.ə.s.) Ümmü Sələmə validəmizin hücrəsində ikən yenə Cəbrail gəlir və Əbu Lübabə kimi qədirbilən insanların Allah dərgahındakı məqamını bildirən ayə gətirir. Şəfqət və mərhəmət insanı təbəssüm edir. Onu belə görən Ümmü Sələmə validəmiz:

– Ya Rəsulullah, – deyir, – Allah ömrünü uzun eləsin, təbəssümünün sirri nədir, niyə gülürsən?

– Əbu Lübabənin tövbəsi qəbul edildi, – buyurur Allah Rəsulu, – çünki gələn ayədə daim yaxşı işlər gördüyü halda, bəzən xəta edib və dərhal xətasını başa düşərək tövbə edən kəslər təqdir edilir. Bunların ürəkdən etdikləri tövbələrə Allahın mərhəmətlə yanaşacağı bildirilir. [26]

Rəbbinə yönələn səmimi bir möminin bağışlanmasına şahid olan Ümmü Sələmə validəmiz də həyəcanlanır:

– Bunu tez ona xəbər verək, ya Rəsulullah? – deyə soruşur.

– Yaxşı, – cavab verir Rəsulullah.

Ümmü Sələmə hücrəsindən çölə çıxır və:

– Ey Əba Lübabə, – deyə səslənir, – sənə müjdələr olsun! Allah sənin tövbəni qəbul etdi.