Səhabələr

Yeni hücum və Xəndək

Qatafanla sülh təşəbbüsü 

Bəni-Qureyzənin anlaşmanı pozaraq xəyanət etməsi Allah Rəsulunu (s.ə.s.) çox düşündürürdü. Çünki eyni vaxtda bir neçə cəbhədə savaşmaq məcburiyyətində qalmışdılar. Daxili düşmənin verəcəyi zərər Əhzab ordusundan daha təhlükəli olardı. Ona görə də Allah Rəsulu (s.ə.s.) öncə Əhzab ordusunu geri oturdub tez bir zamanda daxili düşmənin zərərindən qurtulmaq istəyirdi. Bu məqsədlə Qatafanın iki lideri – Uyeynə ibn Hısn və Haris ibn Avfa xəbər göndərir. Onlar on iki nəfərlik dəstəla Peyğəmbərimizin hüzuruna gəlirlər. Allah Rəsulu (s.ə.s.) bu sevdadan vaz keçməyə çağırır Qatafanı.[11]

Aralarında uzun söhbət olur. Nəhayət, Uyeynə və Haris Məkkə ordusunu tərk edib geri qayıdacaqlarını vəd edirlər. Ancaq bunun əvəzində Mədinə xurmalıqlarının yarısını istəyirlər. Bir bəlanın qarşısını almaq üçün onlara mal da verə bilərdilər, amma tələb etdikləri əvəz çox idi. Ona görə Allah Rəsulu xurmalıqların üçdə birini vəd edir. Onlar isə bunu qəbul etmir, "yarısı" deyə israr edirlər. Təkidlərə baxmayaraq, Rəsulullah (s.ə.s.) qərarını dəyişmir, onlar da razılaşırlar  və növbə  bu razılığın kağız üzərində təsdiqlənməsinə çatır.

Abbad ibn Bişr də əynində zireh Rəsulullahın keşiyini çəkirdi. Bu vaxt Üseyd ibn Hudayr əlində nizə onların yanına gəlir. Baş verənlərdən xəbəri yox idi. Əvvəlcə gözü Rəsulullahın hüzurunda ayaqlarını uzadıb oturan Uyeynəyə sataşır və ona:

– Yığ ayaqlarını! Nə cəsarətlə Rəsulullahın hüzurunda ayaqlarını uzadıb oturmusan? Vallah, əgər Rəsulullah indi burada olmasa idi, səni nizə ilə parça-parça edərdim!

Məsələnin təfərrüatını öyrənincə üzünü Allah Rəsuluna tutub:

– Ya Rəsulullah, – deyir, – əgər bu, Sənə səmalardan gələn bir əmrdirsə, istədiyini et. Ancaq belə deyilsə, vallah, biz bu adamlara qılıncdan başqa heç nə vermərik. Nə vaxt biz onlara güzəştə getmişik ki, indi də bizdən bunu qoparsınlar!

Cəsarətli addım idi. Məsələ ətrafında düşünmək lazım idi. Əgər hər kəs belə cəsarətli və əzmli idisə, onda narahatlığa bir səbəb yox idi. Ona görə də Allah Rəsulu Sad ibn Muaz və Sad ibn Ubadəni çağıraraq[12]mövzunu bir də onlarla müzakirə etmək istəyir. Bu vaxt Qatafan heyəti bir kənarda oturub gözləyirdi. Onlar gələn kimi mübarək əllərini hər ikisinin çiyninə qoyub yavaş səslə məsələni danışır. Sonra da bu haqda nə fikirləşdiklərini  soruşur. Onlar:

– Ya Rəsulullah! Əgər bu, səmadan gəlmiş bir əmrdirsə, onu yerinə yetir, əgər bu, səmadan gəlməyib ancaq Sənin istəyindirsə, yenə də icra et, bizə yalnız dinləmək və itaət etmək düşür. Ancaq bu, ortada bir problemdirsə, biz  onlara qılıncdan başqa heç nə vermərik!

Onların niyyəti Üseydin sözlərindən fərqlənmirdi. Ancaq məsələni düzgün dərk etmək lazım idi. Şəfqət peyğəmbəri Allah Rəsulu (s.ə.s.) hər zaman sülhün tərəfdarı idi. Onun nəzərində savaş ən sonuncu yol idi. Bu yola çıxacağı ana qədər sülh naminə hər vasitədən istifadə edəcək və bir insanın da burnu qanamadan məsələni həll etməyi əsas məqsəd seçəcəkdi. Buna görə Allah Rəsulu:

– Şübhəsiz ki, Mən ərəblərin sizin əleyhinizə birləşib birlikdə hücum etdiyini görürəm. Dörd tərəfdən hücumlar təşkil edirlər. Belə bir vəziyyətdə Mən onların qüvvələrini parçalayıb bir müddət vaxt qazanmağın doğru olacağına ümid edirəm,–deyir.

Bu dəfə də Sad ibn Muaz sözə başlayır:

– Ya Rəsulullah, əvvəllər biz də bu adamlar kimi Allaha şərik qoşar və bütlərə ibadət edərdik. Allahımıza ibadət etməzdik! O zamanlarda  belə bunlar satın aldıqları və qonaq olduqları vaxtları çıxmaq şərtilə Mədinədən bircə xurma götürüb yeməyə cəsarət etmədikləri halda, Allah (c.c.) bizi  İslamla şərəfləndirib, hidayətə gətirib Səninlə və İslamla bizi əziz tutduğu zamanmı bunlara mallarımızı verəcəyik? Bizim belə bir razılaşmaya ehtiyacımız yoxdur. Vallah, Allah (c.c.) bizimlə onlar arasındakı hökmünü verənə qədər onlara qılıncdan başqa heç nə daddırmarıq!

Əshabının münasibəti daha qəti idi və belə bir zəmində daxildəki birlik hər şeydən üstün idi. Qatafanlılarla bağlanan saziş bu birliyi sarsıda bilərdi. Ona görə də Rəsulullah (s.ə.s.) xurmalıqların üçdə birini verməkdən vaz keçir və Hz.Sada:

– Elə isə işi sənə həvalə edirəm, istədiyin kimi həll et, – deyir.

Bunun cavabında Sad ibn Muaz da:

– Əllərindən gələni etsinlər, – deyib belə bir sazişin olmayacağını bildirir, məsələyə son nöqtəni qoyur.

Xəndəyin aşıldığı an      

Xəndəy ətrafındakı gərgin vəziyyət neçə gün idi davam edirdi. Gecə-gündüz hücum edir, amma heç cür Mədinə tərəfə keçə bilmirdilər. Xəndəyin hər iki tərəfində üz-üzə dayanan ordular arasında  bu günə qədər ciddi bir ox, nizə və daş vuruşması olmamışdı.

Heç cür nəticə əldə edə bilmirdi müşrik ordusu. Əbu Sufyan, İkribə ibn Əbi Cəhil, Dirar ibn Xattab, Xalid ibn Vəlid, Amr ibnül-As, Nəvfəl ibn Müaviyə, Nəvfəl ibn Abdullah, Amr ibn Abdivüdd, Uyeynə ibn Hısn, Haris ibn Avf və Məsud ibn Ruhayl ilə Bəni-Əsədin başçıları plan qurub razılaşırlar; müəyyən etdikləri zəif nöqtədən birlikdə hücum edəcək və bütün maneələri dəfə edib qarşı tərəfə keçəcəkdilər.

Dediklərini edirlər; dar bir keçid tapır və İkrimə ibn Əbi Cəhil, Dirar ibn Xattab, Nəvfəl ibn Abdullah, Hübeyrə ibn Əbi Vəhb və Amr ibn Abdivüdd atlarını mahmızlayaraq müsəlmanların  cəbhəsinə keçirlər. Qalanları onların arxasınca baxırlar. Xəndəyi keçənlər Əbu Sufyandan:

– Bəs sən keçmirsən? – deyə soruşurlar, o da:

– Siz keçmisiniz də! Əgər ehtiyac olsa, biz də keçərik, – deyə cavab verir.

Xəndəyi keçib "qəhrəmanlıq" göstərməyə fürsət tapan bu insanlar Sel dağına doğru at səyirdirlər: günlərlə qılınc oynatmadan gözləməyin heyfini çıxaracaq və arxadan gələn dəstəklə də möminlərə böyük zərbə endirəcəkdilər. Ancaq vəziyyət heç də istədikləri kimi olmur. Onların xəndəyi keçdiyini görən möminlər bir göz qırpımında özlərini çatdırır, arxadan gələnlərin qarşısını kəsir.

Bəlkə də, bu, Allah Rəsulunun taktiki  gedişi idi; müəyyən yerlərdə "boşluq" buraxaraq qarşı tərəfin keçməsinə imkan vermiş, bu yolla düşmən qüvvələrini parçalayıb zəiflətmək istəmişdi. Belə ki, bu hücum zamanı Amr ibn Abdivudd kimi cəsur müşrik Hz. Əlinin qılınc zərbələri altında canından olur,[13] Onun həlak olduğunu görənlər də arxaya baxmadan qaçmağa başlayır. O gün İkrimə isə heç nizəsini qaldırmağa macal tapmır! Hz. Ömər və Zübeyr ibn Avvam kimi səhabələr də qaçanları təqib edirlər. Hətta Hz. Zübeyr Nəvfəl ibn Abdullaha çatır və endirdiyi qılınc zərbəsi ilə onu başından iki yerə ayırır. Zərbənin şiddətidən qılınc cilovun ucunu da qoparır və atın boynuna qədər işləyir. Bunu görənlər Hz. Zübeyrə:

– Ey Əba Abdullah! Sənin qılıncın kimi qılınc görmədik, – deyirlər, o da bu cavabı verir:

– Vallah, onu kəsən qılınc deyil, biləkdir!

Hz.Zübeyr qaçmaqda olan Hübeyrə ibn Əbi Vəhbə də bir zərbə endirmişdi. Atın arxa tərəfinə enən bu zərbənin şiddətidən Hübeyrənin zirehi yerə düşmüş, o da çıxış yolunu qaçmaqda görmüşdü.[14]

Müsəlmanları məhv etmək məqsədilə xəndəyi aşsalar da, məğlub olub geri dönənlər Əbu Sufyanın yanına gəlir və:

– Bu gün elə bir gündür ki, biz artıq heç nə edə bilmərik. Yaxşısı budur, geri qayıdaq, – deyirlər.

Sonra isə Allah Rəsuluna xəbər göndərib on min dirhəm əvəzində Amr ibn Abdivüddün cəsədini almaq istədiklərini bildirirlər. Rəsulullah (s.ə.s.) isə:

– O, sizin olsun. Biz ölü pulu yemirik![15] – buyurur

Duaya açılan əllər

Artıq on gün geridə qalmışdı, amma gərginlik davam edirdi. Atını mahmızlayan Əhzab ordusu fürsət axtarır, möminlər isə onlara bu fürsəti verməmək, onların aşkar etdiyi boşluqları bağlamaq üçün var qüvvələri ilə mübarizə aparırdılar. Boş, mənasız qayə uğrunda buralara qədər gəlib özünə bu əziyyətləri rəva görən Məkkə ordusu barədə Allah Rəsulu (s.ə.s.) səhabələrinə xəbərdarlıq etmiş və bunları tapşırmışdı:

– Ey insanlar! Öz arzunuzla düşmənlə qarşılaşmaqdan çəkinin, Allahdan sağlıq diləyin! Ancaq nə zaman düşmənlə qarşılaşsanız, o zaman dişinizi sıxıb səbir edin və səbatlılıq göstərin. Şübhəsiz ki, cənnət qılıncların kölgəsi altındadır!

İndi düşmənlə qarşılaşma gerçəkləşmiş və növbə səbir və səbata gəlmişdi. Ancaq günlər keçsə də, düşməndə geri dönmə niyyəti sezilmirdi, əksinə Əhzab ordusu hər dəfə müsəlmanların qarşısına yeni taktika ilə çıxmağa çalışırdı.