Səhabələr

İsra və Merac

Qureyşlilərin Məscidül-Əqsanı təsvir etmək tələbləri

Qureyşlilərin ümidi boşa çıxmışdı: üz tutub getdikləri qapılar bir-bir üzlərinə bağlanmış və onlar təsdiqlə inkar arasında bir seçim etmək məcburiyyətində qalmışdılar. Bu seçimi etməmək üçün ağlabatan bəhanələr axtarırdılar. Çünki onsuz da qəbul etmək istəmirdilər. Bu qədər aşkar əlamətlər olduğu halda, inkar etmək də məntiqli deyildi. Buna görə onlardan biri qabağa çıxıb:

− Məscidül-Əqsaya getdiyini deyirsən, elə isə, onu bizə də təsvir et. Məscidin neçə qapısı və nə qədər pəncərəsi var? − deyə soruşur.

Bir az rahat nəfəs almışdılar. Bəli, həqiqətən də, getdiyini deyirdisə, o halda pəncərə və qapıların sayını da bilməli idi. Öz düşüncələrinə görə haqlı idilər, çünki mənəviyyata qapalı olan ürəkləri maddənin fövqündə heç  bir dəlilə etibar etmirdi.

Amma Peyğəmbərimiz (s.ə.s.) işin məkan ölçülərini nəzərə alan səyahət etməmişdi. Buna görə də, pəncərə və qapılarla bağlı hər hansı statistik məlumata malik deyildi. Allah Rəsulu (sallallahu əleyhi və səlləm) heç bir dəlilə inanmayan və hələ də başqa dəlillər tələb edən, işi çətinə salmağa çalışan inadkar insanların rəftarı qarşısında sıxılmağa başlamış, onların küfr saçan davranışlarından da usanmışdı.

Amma Onun (s.ə.s.) mərhəmətli Rəbbi var idi: belə bir vəziyyətdə də imdadına çatacaq və Məscidül-Əqsanı gözləri qarşısına gətirəcəkdi. Sanki Kəbəyə böyük ekran yerləşdirilmiş və Məscidül-Əqsanın hər tərəfi bu ekranda əks etdirilmişdi. Belə ki, Rəsulullah (sallallahu əleyhi və səlləm) müşriklərin soruşduqları hər bir suala bilavasitə Məscidül-Əqsaya baxaraq cavab verir və bununla da, bütün etiraz qapılarını bağlayırdı.[14]

Bu, küfrün kin-küdurətini və nifrətini zirvəyə qaldöran bir mənzə­rə idi... “Artıq onun işini bitirdik” dedikləri yerdə Peyğəmbərimiz heç gözləmədikləri həmləni edir və müşriklər yenə də çox pis vəziyyətdə qalırlar. Onların iman gətirmək məqsədləri də yox idi, ancaq “Bir səhvini tapıb qarşısını kəsə bilərikmi” deyə fikirləşir və ağlagəlməz hiylələrlə Allah Rəsulunun (s.ə.s.) ətrafındakı adamları Ondan uzaqlaşdırmaq planları qururdular.

Bu vaxt Əbu Cəhil  Kəbənin yanından keçirdi. İzdihamı görən kimi yaxınlaşır. O da söz atacaq və Allah Rəsuluna lağ edəcəkdi. Yaxınlaşır və kinayəli şəkildə:

− Bu gecə yenə nə olub? Yeni nəsə varmı? − deyə soruşur. Peyğəmbərimiz ona tərəf dönür və çox ciddi tərzdə:

− Bəli, var, − deyir, sonra da əlavə edir:

− Allah (c.c.) məni gecənin bir vaxtı Məscidül-Əqsaya apardı.

Əbu Cəhilin də beyni qarışmışdı:

− Sonra da aramıza qayıtdın, eləmi? − deyə reaksiya verir. Çünki onlar ancaq aylarla sürən yorucu və məşəqqətli səyahət nəticəsində bu cür səfərlər edə bilirdilər. Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm) tərəddüd etmədən belə cavab verir:

−Bəli, həm də başqa peyğəmbər qardaşlarımla namaz qıldım.

Əbu Cəhil  bu sözləri eşidən kimi əvvəlcə sevincindən qışqırır. Bu, onun üçün ən gözəl bir fürsət idi. Onun fikrincə, artıq bu məsələnin sonu gəlmişdi. Allah Rəsuluna mülayim bir səslə belə deyir:

− Qövmünü bura yığsam, mənə danışdıqlarını onlara da danışarsanmı?

Burada gizlədiləsi heç nə yox idi... Hz. Məhəmməd bunları danışırdı, çünki Allahın lütf etdiyi böyük bir ikramı insanlara danışmamaq olmazdı. Buna görə də:

− Bəli, − cavabını verir.

Bu sözü eşidən Əbu Cəhlin kefi yüksəldi. Adamları ora yığmaq üçün qışqırırdı:

− Ey Kaboğulları! Tez bura gəlin!

Hz. Əbu Bəkrin fərqi

Artıq bu məsələni Məkkədə eşitməyən qalmamışdı. Nəhayət, bunu Hz. Əbu Bəkirə xəbər vermək üçün onun yanına gedirlər. Qəti qənaətə gəlmişdilər ki, artıq Əbu Bəkrin yolu Məhəmmədül-Əmindən birdəfəlik ayrılacaq. Çünki bu, Rəsulullahın “bitib-tükənməsi” (!) mənasına gəlirdi. Hz. Əbu Bəkir qapını açar-açmaz  ona belə deyirlər:

− Ey Atiq![15] Dostunun bu günəcən dediyi məsələlər həm asan, həm də baş verməsi qismən də olsa, mümkün görünən şeylər idi. Amma sən gəl bir də bu gün Ona qulaq as!

Hz. Əbu Bəkir yumşaq ürəkli bir adam idi və müşriklərin Peyğəmbərə pislik edəcəyindən narahat olaraq dərhal:

− Vay halınıza! Nə oldu dostuma? Başına nə isə gəldimi? − deyə soruşur.

− O, indi Kəbədədir. Başına yığışanlara Beytül-Maqdisə necə getdiyini danışır, − deyə istehza ilə cavab verirlər. Aralarından biri:

− Gecənin bir anında getmiş və yenə eyni gecə aramıza qayıtmışdır, − deyə əlavə də edir.

Məsələ indi aydın olurdu. Təəssüflə onların üzlərinə baxır:

− Ey camaat, − deyə səslənir. Duyğularına müraciət edirdi sanki:

− Bunda nə var ki? Siz bunun doğru olmadığınımı demək istəyirsiniz? Mən bundan da dərin şeylərə inanmışam. Mən göylərin o tayından Ona səhər-axşam xəbər gəldiyinə inanır və təsdiq edirəm!

Bu adamlar hansı xəyallarla ona üz tutmuşdular, indi nə ilə qarşılaşırdılar? “İndi işini bitirdik” deyə etdikləri bir həmlə də boşa çıxırdı. Zəfər nərələri çəkməyə hazırlaşdıqları bir vaxtda paylarına yenə də məğlubiyyət düşmüşdü. Hz. Əbu Bəkirdən (r.a.) müşrikləri öz kinlərini qeyzlə udmağa məcbur edən son həmlə gəlir:

− Əgər bunları O deyirsə, deməli, mütləq doğrudur.[16]

Bunlar babalarından miras qalan, yaxud da təsadüfən ürəyinə gələn cümlələr deyildi. Onun qənaətinə görə, nəyinsə düzgün olub-olmaması bütün Hicaz camaatının dediyi ilə yox, gözünün nuru və könlünün memarı Məhəmmədül-Əminin dedikləri ilə ölçülürdü. Buna görə də “Nə olmuşdur?”, “Həqiqətən, belə bir şey baş vermişdirmi?”, “Bəlkə də, siz səhv başa düşmüsünüz” və “Bu işin içində başqa bir iş olmalıdır, siz bu cür izah verirsiniz” kimi suallara yer qoymamış və bir anlıq da olsa, tərəddüd əlaməti göstərib müşrikləri sevindirməmişdi. Bu, “ Siddiqiyyət”(sadiqlik)  məqamı idi və o gündən də Hz. Əbu Bəkir “Siddiq” adını alacaqdı. Çünki dərhal sonra Hz. Əbu Bəkir Kəbəyə gələcək və işin əslini şəxsən Allah Rəsulundan (s.ə.s.) eşitmək istəyəcəkdi:

− Ey Allahın Elçisi! Sən bunlara gecənin bir vaxtı Beyti-Maqdisə gedib-gəldiyini dedinmi?

− Bəli, − deyəcəkdi Rəsulullah (sallallahu əleyhi və səlləm). Hz. Əbu Bəkir bir addım da atacaqdı. Məqsədi müşriklərin təzyiqini azaltmaq və Peyğəmbərimizə kömək etmək idi:

− Bu hadisəni mənə də danışarsanmı, çünki mən əvvəllər orada olmuşam və həmin yerləri tanıyıram, − deyəcəkdi.

Hz. Məhəmməd danışdıqca Əbu Bəkir (r.a.):

− Bəli, eynilə dediyiniz kimidir. Mən şəhadət gətirirəm ki, Sən doğru söyləyirsən, ey Allahın Rəsulu! − deyirdi.

Bu davranışı onu Siddiqiyyət məqamına yüksəldəcəkdi. Çünki Allah Rəsulu (s.ə.s.):

− Ey Əbu Bəkir! Sən bundan sonra Siddiqsən, − deyəcəkdi.[17]

Artıq bu nəbəvi ünvan Hz. Əbu Bəkrin ayrılmaz bir hissəsi olacaq və qiyamətə kimi də həmişə onun adı ilə birlikdə xatırlanacaqdı.

Namaz vaxtlarının təyin edilməsi

Merac gerçəkləşmiş və namaz fərz qılınmaqla möminlər üçün hər gün namazlar vasitəsilə merac etmək imkanı və fürsəti verilmişdi. Çox keçmədən, yenə Cəbrail Peyğəmbərimizin yanında idi. Çünki “Namaz qılın!” deyilmişdi, amma namazın necə qılınacağı, hansı vaxtlarda və neçə rükət yerinə yetiriləcəyi ilə bağlı elə də çox məlumat yox idi. Əslində, Hirada peyğəmbərliyin verilməsindən sonra iki fərqli vaxtda və iki rükət qılınan bir namaz var idi. Bundan başqa, bir də gecə qılınan təhəccüd namazı fərz buyrulmuşdu. Amma indiki durum fərqli idi. İndi Cəbrail də namazla bağlı məchul qalan bu məsələləri öyrətmək üçün gəlmişdi.

Tam zəval vaxtı idi (Günəşin tam ortada olduğu vaxt) və günəş meyl edən kimi Cəbrail namaza başlayır. Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm) də onun arxasında dayanır. Günorta namazı qurtarmış və ikindi (əsr) vaxtı gəlib çatmışdı. Əşyanın kölgəsi öz boyu qədər olduğu ikindi vaxtında ikindi namazını qılmağa başlayır. Yenə də Peyğəmbərimiz Cəbrailin arxasında namazını qılır. Günəş batanda axşam namazını, şəfəqin aydınlığı çəkiləndə də yatsı (işa) namazını camaat halında qılırlar. Gecənin qaranlığı yerini aydınlığa verməyə başladığı ilk vaxtlarda, yəni fəcr çıxan kimi sübh namazını qılırlar. Beləliklə, bir günün namazı tamamlanır.

Ancaq məsələyə burada son qoyulmurdu. Günorta vaxtı Cəbrail yenə gəlir. Bu dəfə günəş xeyli meyillənmiş və əşyanın kölgəsi öz boyu qədər uzanmışdı. Yenə ən xeyirli camaat yığışır və namaz qılmağa başlayırlar. İkindi namazı kölgələrin iki qat uzandığı vaxt qılınır. Axşam namazı günəş batdığı zaman, yatsı isə gecənin üçdə ikisi arxada qalandan sonra qılınır. Sübh namazı isə günəş çıxmamışdan bir az əvvəl qılınır.

Bu iki günlük namaz təlimindən sonra Cəbrail Məhəmmədül-Əminə tərəf dönüb bunları deyır:

− Ey Məhəmməd! Bax, namazlar dünənki ilə bugünkü vaxtların arasında qılınacaq.[18]

İsra və merac hadisəsi imanla küfr arasındakı fərqi daha da aydınlaşdırmışdı. İnkarçılar öz qaranlıq dünyalarına qayıdıb daha təsirli hiylələr axtardığı halda, iman gətirənlər heç nəyə baxmayaraq, ən inadkarlara da iman həqiqətlərini çatdırmaq əzmini göstərəcək, imana hazır yeni simalar tapmaq yarışının igidləri olmaqda davam edəcəkdilər.

 
[1]. Bəzi rəvayətlərdə bu hadisənin başlanğıc yerinin Ümmü Haninin evi yox, Kəbə olduğu qeyd edilir. Yəqin ki, Ümmü Haninin evində olduğu bir axşam Allah Rəsulu (sallallahu əleyhi və səlləm) ibadət niyyəti ilə Kəbəyə gəlmiş və bir müddət ibadət edəndən sonra Xatim adlı yerdə bu hadisə baş vermişdi.
[2]. Bax: ibn Hişam, Sire, 2/242, 243
[3]. Taberi, el-Camiu’l-Beyan, 8/3
[4]. Bax: İbn Kesir, Tefsir, 3/18; Taberi, el-Camiu’l-Beyan, 15/7
[5]. Buhari, Sahih, 5/2193 (5489)
[6]. Taberi, el-Camiu’l-Beyan, 15/1
[7]. Ümumiyyətlə, Sidrətül-Müntəha yeddinci səmanın üzərində, Ərşin sağ tərəfində və altından təqva əhlinə vəd edilən cənnət çaylarının axdığı bir mübarək şəcərə şəklində təsvir edilir. Bu yer haqqında danışarkən Peyğəmbərimiz (s.ə.s.) də: “Bir süvari kölgəsində yetmiş il at çapsa, yenə o kölgəni qət edə bilməz; onun yarpağı bir milləti bütövlükdə örtə bilər,” −  buyumuşdu. Bax: Taberi, el-Cemaiu`l-Beyan, 15/1
[8]. İbn Kesir, Tefsir, 3/33; Kadı İyaz, Şifa, 1/147
[9]. Muslim, Sahih, 1/159 (290)
[10]. Quranda bu mövzudan bəhs edilərkən “Onun gözü yayınmadı, qətiyyən çaşıb qalmadı və həddini aşmadı. Orada Rəbbinin ən böyük bürhanlarını müşahidə etdi” (Nəcm 53,/17-18) ifadələri əksini tapır.
[11]. Bax: Taberi, el-Camiu’l-Beyan, 27/48
[12]. Muslim, Sahih, 1/145 (162, 163)
[13]. Bax: ibn Hişam, Sire, 2/248, 249
[14]. İbn Sa’d, Tabakat, 1/215
[15]. Bu ad Hz. Əbu Bəkirə simasının gözəlliyinə və ya anası ona hamiləykən valideynlərinin əhdlərinə görə və ya cəhənnəmdən qurtuluş müjdəsi verildiyinə görə verilmişdir.
[16]. Muhibbuttaberi, er-Rıyadü’n-Nadıra, 1/403 (322)
[17].  Hakim, Müstedrek, 3/65 (4407); Heysemi, Mecmaü’z-Zevaid, 9/41; İbn Hişam, Sire, 2/244; Muhibbuttaberi, er-Rıyadü’n-Nadıra, 1/403 (322)
[18]. Nesai, Sünen, 1/256 (513); Taberani, Mu’cemu’l-Evsat, 2/192 (1689)