Səhabələr

İsra və Merac

Buradakıların əksəriyyətinin səfahət və əyləncə toruna düşən, düşdüyü yerə başqalarını da çəkərək günah dairəsinin böyüməsinə səbəb olan və namuslu-iffətli həmcinslərinin bədduasına hədəf olan qadınlar olduğunu görmüşdü. Onlar insanları ovlamaq üçün tələ kimi istifadə etdikləri bədən üzvlərindən asılmışdılar və ahu-fəğan edərək inim-inim inildəyirdilər.

Sidrətül-Müntəha

Sonra qarşısına Sidrətül-Müntəha[7] çıxır. Sözlərin ifadə etməkdə aciz qaldığı bir mənzərə ilə qarşılaşır. Ora bütün rəng çalarlarından meydana gələn bir mərasim sahəsi kimi idi. Bura, eyni zamanda, Allahın (c.c.) insanlar içərisindən seçərək yalnız onun çıxardığı xüsusi bir məqam idi və artıq Peyğəmbərimizin (sallallahu əleyhi və səlləm) yanında Cəbrail də yox idi. Çünki yaradılmış varlıqların yaşadığı aləm artıq arxada qalmışdı. Bura xüsusi yer və xüsusi qonaq otağı idi və insanlığın  yaradılışından o günədək heç bir məna qəhrəmanı iltifat görüb bu otağa gətirilməmişdi. Yəni Bəşərin Şərəfli Nümayəndəsi və Zamanın Nadir Varlığı Həzrəti Məhəmməd (s.ə.s.) bu xüsusi yerin ilk və yeganə, həm də son qonağı idi. Onun bu məsələdə sələfi olmadığı kimi, xələfi də olmayacaqdı. Çünki O (sallallahu əleyhi və səlləm), peyğəmbərlik məktəbinin Sonuncu Sultanı idi.

Allah Rəsulu (s.ə.s.) tale qələminin mürəkkəbinə şahid olur, təqdiri yazarkən qələmin çıxardığı səsləri eşidirdi.[8] “Qabə qavseyni əv ədna  (yayın iki ucu arasındakı kimi yaxınlıq; “Nəcm” surəsinin 9-cu ayəsində bundan bəhs olunur)” sirrinin təzahürü var idi ortada! Allah Rəsulu yaxınlaşmış və artıq addımını atacağı bir yer qalmayanda da məkanı laməkan olmuşdu.[9]

Bütün bunlara rəğmən, Allah Rəsulunda (sallallahu əleyhi və səlləm) zərrə qədər də bir göz yayınması, hüzurun haqqına müxalif ən kiçik bir fərq belə görünmürdü. Bir anda hər yer nura qərq olmuşdu və Sidrəni elə bir gözəllik əhatələmişdi ki, onu ifadə etməkdə göz və dil aciz idi.[10]

Faniyə məxsus olan hər şey nura qərq olmuşdu, bir nur heykəli olan Allah Rəsulu da Rəhmanın Nuruna tamaşa edirdi. Cənnətdə möminlər üçün vəd edilən Camalullah burada müşahidə ediləcəkdi. Allah Rəsulu (s.ə.s.) da məkanın məkansızlıq olduğu bu üfüqdə mərhəmətli Rəbbi ilə vasitəsiz görüşəcəkdi. Rəsulullahdan (sallallahu əleyhi və səlləm) əvvəl Hz. İbrahimi dostluq, Hz. Musanı da kəlamla təltif edən Uca Allah peyğəmbərlik səmasının sonuncu qızıl həlqəsi olan Həbibi-Əkrəmini də ruyətlə (Allahın Nurunu görməklə) ucaldır və bununla da Allah Rəsulunun (s.ə.s.) Haqq nəzdindəki yerini bütün məxluqata göstərmiş olurdu.[11]

Vasitəsiz gələn əmr: Namaz

Bura vəhyin vasitəsiz cərəyan etdiyi bir məkan idi: ən önəmli vəzifə belə bir şəraitdə bildirilirdi: Namaz. Bu namaz hər gün əlli vaxtda qılınacaq bir namaz idi. Bu, həm də ümmətin meracı olacaq bir düstur idi.

Artıq Allah Rəsulunun (s.ə.s.) qayıtmaq vaxtı gəlib çatmış, Rəsulullah (sallallahu əleyhi və səlləm) yola çıxmışdı. Hz. Musanın yanına gələndə O:

− Rəbbin ümmətinə nəyi fərz buyurdu? − deyə soruşur. Görünür, belə bir yaxınlıq özü ilə mükəlləfiyyət gətirirdi.

− Əlli vaxt namaz, − buyurur. İsrail oğulları ilə çox ağrılı-acılı təcrübələr yaşayan Hz. Musa:

− Rəbbinə müraciət et və bu mükəlləfiyyəti yüngülləşdirməyini xahiş et, çünki ümmətinin buna gücü çatmaz! Mən İsrail oğulları ilə buna oxşar çox təcrübələr yaşadım və bunu təcrübə ilə gördüm, − deyir.

Bundan sonra mübarək əllərini qaldıran Hz.Məhəmməd (s.ə.s.) belə dua edir:

− Ya Rəbbim! Ümmətimin bu mükəlləfiyyətini yüngülləşdir!

Bu qədər şahanə iltifatlar lütf edilən Sevgili Peyğəmbər xahiş edər, ona müsbət cavab verilməzdimi? Gələn bəyan namazın beş rükət azaldığını söyləyirdi. Hz. Musa (ə.s.) bunun da öhdəsindən gəlməyin mümkün olmadığını deyir. Yenə müraciət edir və yenə beş rükət azaldılır. Bundan sonra hər dəfə yeni bir müraciət olur və namaz hər dəfə beş vaxt azaldılırdı. Nəhayət, məsələ axırıncı beş vaxta qədər gəlib çatır. Hz. Musa (ə.s.) bunun da çox olduğunu düşünürdü, amma Allah Rəsulu (sallallahu əleyhi və səlləm) rəhmət qapısının bundan artıq döyülməməsi qənaətində idi. Bu əsnada mərhəmətli bir səs eşidilir:

− Ya Məhəmməd! Bunlar bir gündə beş vaxt olaraq fərzdir. Mənim dərgahımda artıq hökm dəyişməz. Ancaq hər bir namaz on namaz kimidir, bununla da yenə əlli namaz savabı hasil olar. Hər kim bir yaxşılığa niyyət edib onu yerinə yetirə bilməsə, yenə də bir savab alar. Hər kim də yaxşılığa niyyət edib onu etməyə müvəffəq olsa, ən azı bunun on misli qədər savab qazanar. Yenə hər kim ayağı sürüşüb bir pisliyə meyl edərsə, lakin bunu etməzsə, pisliyin əvəzi olan günah ona yazılmaz, əgər bu adam ürəyindən keçirdiyi pisliyin içinə düşərsə və bunu edərsə, bu vaxt da ona ancaq bir pisliyin əvəzi yazılar.[12]