Səhabələr

İsra və Merac

Yenə eyni cavab:

− Oldu, razıyam, ya Rəbbi![6]

Fəryad-fəğanın yüksəldiyi tərəfə baxanda bütün dəhşəti ilə cəhənnəm görünür və Allah Rəsulunun (s.ə.s.) qarşısında ürəyin tab gətirə bilmədiyi mənzərələr açılırdı. Əlbəttə, bu, gördüklərini ümmətinə danışıb onları çəkindirə bilmək üçün sadəcə bir mənzərəyə tamaşa etməkdən ibarət idi. İnsanların və daşların alışdırdığı atəş tufanları var idi meydanda... Dərin bir donquldanma eşidilir və içinə girənlərin azlığından doymaq bilməyən bir iştaha ilə:

− Daha yoxdurmu? − deyə qışqırırdı. Bu dəhşətli mənzərə içində əzaba düçar olanlar bir kənara çıxıb buradan xilas ola bilmirdi. Nə zaman bədənlər kül olub vücudlar buxarlanırdısa, əməliyyat yenidən başlayırdı. Görünür, əzabı tam dadmaları üçün bu işgəncə sümüklərə ət geyindirilməklə hər dəfə yenidən təkrarlanırdı. Cəhənnəmin dərinliklərindən iniltilər yüksəlirdi:

− Kaş yenə dünyaya qayıtmaq imkanımız olaydı!

− Kaş ağlımızı işlədib deyilənlərə qulaq asaydıq, bu vəziyyətə də düşməyə idik!

− Nə olar, Allahım! Heç olmasa bir gün əzabını yüngülləşdir!

− Kaş torpaq olub gedəydim! − kimi fəryadlar bir-birini izləyirdi. İnsan kütlələri dəstə-dəstə müəyyən yerlərdə toplanıb oxşar əzaba düçar olurdular. Başlarının üstündə onlara rəhbər təyin edilmiş “zəbanilər” deyilən əzab mələkləri var idi və onların üzündə təbəssüm nişanəsin­dən əsər-əlamət yox idi. Elə insanlar var idi ki, bir nizə məsafəsində yaxınlaşdırılan günəş kimi alov kütləsi qarşısında tamamilə əriyib tükənmiş, xirtdəyinə qədər qan-tərə batmışdı.

Qan və irin çayları axıb gedir, heç cür xilas ola bilməyən bədbəxtlər bu çaylarda çırpınırdı. Fəryad edə-edə sahilə yaxınlaşan hər bir zavallıya orada gözləyənlər daş atmağa başlayır və yalvararkən açılan ağızları bu daşlarla dolan həmin günahkarlar yenidən qan və irinin içinə qayıtmaq məcburiyyətində qalırdılar.

Rəsulullah (sallallahu əleyhi və səlləm) başlarına dəmir və daşlar vurulmaqla əzab verilən adamlara rast gəlir və bunların kimlər olduğunu soruşur. Cəbrail (ə.s.):

− Bunlar fərz namazları qılmaqda heç cür sabit olmayan və onu ötürənlərdir, − deyə buyurur.

Hz. Məhəmməd (s.ə.s.) bir tərəfdə də dünyada ikən mallarının zəkatını verməyən adamların irin və zəqqum udaraq heyvanlar kimi sürünməsinə şahid olur, Allahın əmrini yerinə yetirməməyin cəzası­nın təcəllisini müşahidə edir. Hələ başqa görəcəyi şeylər də var idi.  malını yeyənlər bir kənarda od kütlələri udur, sonra bunları ifrazat kimi çölə çıxarmaqla əzab görürdü. Digər tərəfdə isə əmanətə riayət etmək məsələsində qüsura yol verənlərin getdikcə ağırlaşan yüklərin altında inim-inim inildəməsi nəzərə çarpırdı. İnsanlar arasında fitnə-fəsad alovunu körükləməyə adət edənlərin ağızları əyilmişdi. Günahsız adamları aldadıb zalımlara təhvil verənlərin halları da ürək dağlayırdı.

Başqa bir yanda da qarınları özlərindən bir neçə dəfə böyük olan adamlar var idi. Bu zavallılar nə ayağa dura, nə də yerlərindən tərpənib hərəkət edə bilirdilər. Allah Rəsulu (sallallahu əleyhi və səlləm) bunların kim olduğunu soruşanda Ona bu adamların puldan pul qazanmağa adət edən faiz əhli (sələmçilər) olduğu deyilir.

Hz. Məhəmmədin (s.ə.s.) gözünə bəzi adamlar da dəyirdi. Bir tərəflərində gözəl və təzə ət olduğu halda, digər yanlarındakı murdar və iylənmiş leşlərə daraşmışdılar, tərtəmiz yeri qoyaraq bataqlıqda çabalayırdılar. Rəsulullahın (sallallahu əleyhi və səlləm) onlara maraqla baxdığını görəndə Cəbrail (ə.s.) bunların da halal çərçivədə keflə kifayətlənməyib haram dalınca qaçan zinakarlar olduğunu bildirir.