Səhabələr

Qalacağı yeni yurd – Mədinə

Övladları Lemis və Vəhabi ataları qədər həssas deyildi və bu evi başqalarına satdılar. Bu ev miras keçə-keçə indi Əbu Əyyuba qalmış, hazırda onun əmlakı sayılırdı. Onu qonaq saxlamaq Yəmən hökmdarı Əsadul Hımyeriyə nəsib olmamışdı, amma Allah (cəllə cəlaluhu) onun bu ürəkdən gələn, səmimi arzusunu hədər etməmiş, hicrət etdiyi gün qalsın deyə tikdirdiyi bu evdə Allahın Rəsulunu qonaq edirdi. Kainatda təsadüfə yer yoxdu və:

− Dəvənin ovsarını sərbəst buraxın, onun qabağını kəsməyin, onu sərbəst buraxın, çünki o bir məmurdur, öz vəzifəsi var, − sözünün mənası indi daha yaxşı başa düşülürdü.

Əlbəttə, Hz. Əbu Əyyub özünü Mədinənin ən bəxtiyar adamı hesab edirdi. Bu sevincini səhabələrlə də bölüşmək istəyən Əbu Əyyubun bir şeiri eşidilir:

− Mən Əhməd adlı bir adamı tanıyıram ki, O,

Allah tərəfindən hər kəsə göndərilən bir Rəsul və yaradılmışların ən şərəflisidir.

Əgər ömrüm Onun ömrünə yetişərsə, Ona ən sadiq bir vəzir

Və yanındakı əmisi oğlu kimi olacağam.

Bu gün mən qılıncımla Onun düşmənlərinə müharibə elan etmişəm ki,

Beləliklə, Onun sinəsində meydana gələcək sıxıntını indidən aradan qaldırım.[14]

Bu şeir Allahın Rəsulu üçün bu evi inşa edən Əsadül-Himyeriyə aid idi.[15]

Xatirələr canlanmışdı: Allahın bəxş etdiyi nemətlər dilə gətirilir, bu cür mühüm təvafüqün bütün ümmətə şamil olunması arzulanırdı. Zülmə güc verən Məkkənin müqabilində Mədinənin Onu qəbul etməkdə bu qədər fəal olmasının kökündə, bəlkə də belə bir tarixi gerçəklik dayanırdı.[16] Allah Rəsulu (s.ə.s.) əslində Əbu Əyyubun evinə qonaq gəlmişdi, amma bütün ənsar eyni həyəcanı yaşayırdı, çünki O (sallallahu əleyhi və səlləm), onlara qonaq olmuş, Məkkənin hiddət püskürən havasına müqabil Mədinənin isti qucağını seçmişdi. Artıq Əbu Əyyubun evi ənsarın gediş-gəliş yerinə çevrilmişdi. Hər axşam evə ən azı iki və ya üç ənsar yemək gətirir, Allah Rəsulunu və hüzuruna gələn qonaqları doyuraraq ənsar səxavətini  göstərmək istəyirdi.[17]