Səhabələr

Qalacağı yeni yurd – Mədinə

 Minbərdən gələn səs

Artıq Məscidi-Nəbəvi inşa edilmişdi: cümə namazları da burada qılınırdı. Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm) xütbə oxumaq və insanlarla danışarkən göz-gözə gəlib ünsiyyət qurmaq üçün bir xurma kötüyünün üstünə çıxır və əshabına buradan səslənirdi. Minbərin çox sadə quruluşu vardı. Bir gün Mədinəyə kənardan gələn səhabələrdən biri Allah Rəsulunun bu vəziyyətini görüncə üzünü yanındakı ənsara tutur və belə deyirdi:

− Əgər Allahın Rəsulu istər və bunu uyğun görərsə, mən Onun üçün bir minbər düzəldərəm. İstəsə, onun üstünə çıxıb xütbə oxuyar və ya xütbə oxuyarkən yanında dayanıb ona söykənər.

Həmin adamın bu təklifi Peyğəmbərimizə (s.ə.s.) də çatdırılır və Allah Rəsulu onunla bu məsələ haqqında danışır. Rəsulullaha (sallallahu əleyhi və səlləm) da eyni şeyləri deyirdi:

− Ey Allahın Peyğəmbəri! Sənə cümə günləri üstünə çıxıb insanlara xütbə oxumaq üçün bir minbər düzəldimmi? Bununla da hamı Səni görər və Sən də xütbəni hamıya çatdırarsan!

Səmimi və gözəl təklif idi. Belə bir minbərin hazırlanmasına ehtiyac da var idi. Buna görə də, Hz. Məhəmməd (s.ə.s.):

− Yaxşı, düzəlt, − buyurur.

Artıq icazə də alınmış və həmin adam minbəri düzəltməyə başlamışdı. Bir müddət sonra da üç və ya dörd pilləli bir minbər hazırlanmış və əvvəlki xurma kötüyü də bir tərəfə qoyulmuşdu.

Cümə günü idi. Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm) xütbə oxumaq üçün təzə minbərin üstünə çıxır və bu əsnada  əvvəlki minbərdən dəvə iniltisinə oxşar bir səs gəlir. Təəccüblüsü o idi ki, bu səsi məsciddəkilərin hamısı eşidirdi. Sanki  kötük üzüntü və kə­də­rindən ağlayırdı.

Peyğəmbərimiz (s.ə.s.) əvvəlcə səsin gəldiyi tərəfə dönür. Görünür, xurma kötüyü bir tərəfə atılıb unudulmaqdan, Rəsulullahı (sallallahu əleyhi və səlləm) bir daha görə bilməməkdən iztirab çəkirdi. Bəlkə, kötük özünün bu halı ilə, şüurlu olduqları halda Ondan ayrı qalanlara, Ona könlünü verib gətirdiyi dinlə bütövləşməyənlərə əbədi bir dərs vermək istəyirdi.

Yəqin idi ki, inilti səsi kəsilməyəcək. Buna görə də, Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm) xurma kötüyü tərəfə gedir. Yanına gəlir və mübarək əllərini kötüyün üstünə qoyub sığallamağa başlayır. Bu nə idi? İnilti səsi kəsilmiş və kötük sakitləşmişdi. Ayrılıq qəmi vüsalın şirinliyi ilə unudulmuş və xurma kötüyü də səssizliyə bürünmüşdü. Peyğəmbərimiz bir az da əyilir və:

− İstəyirsən səni yenə əvvəlki yerinə qoyum, ya da cənnətdə bir yerə qoyum və sən onun bulaqlarından istifadə et. Gözəl-gözəl budaqların çıxsın və Allahın ən sevimli bəndələri də sənin meyvələrindən yesinlər, − deyə buyurur. Artıq aydın idi ki, ikinci təklifə “bəli” deyir və bunun ardınca üzünü əshabına tutan Allah Rəsulu (sallallahu əleyhi və səlləm):

− Onu cənnətdə əkməyimi istədi, − buyurur.[42]

Sonra da kötüyü mehrab tərəfə qoyacaq və namazlarını ona yönələrək qılacaqdı.[43] Aydın idi ki, O da vəfaya vəfa ilə cavab verir və ümmətinə vəfa dərsi verirdi. Çünki onu görənlər həmin hadisəni xatırlayacaq və Peyğəmbərin ayrılığına dayana bilməyib ağlayan bir xurma kötüyü vasitəsilə baş verən bu möcüzəni başqalarına da danışacaqdı.