Səhabələr

Qalacağı yeni yurd – Mədinə

İlk əzan

Məkkə kin-küdurət püskürən səs-küylü bir ab-havaya malik idi. Burada birgə namaz qılmaq ancaq səssiz və xəlvət yerlərdə mümkün ola bilərdi. Ancaq Mədinə daha munis, camaatla birgə namaz qılmağa daha əlverişli idi. Üstəlik, burada artıq Məscidi-Nəbəvi inşa edilmiş: camaat namazlarına hazır gözləyirdi.

Namaz vaxtları da məlum idi, ancaq bu vaxtları müsəlmanlara xatırladıb onları namaza çağırmaq üçün hələ bir metod yox idi. Buna görə də, əvvəlcə yəhudilərdə olduğu kimi şeypur çalmaq məsələsi gündəmə gətirilir, amma qəbul edilmir. Sonra xristianlardakı kimi kilsə zəngi haqqında söhbət açılır, bu da məsləhət görülmür. Deməli, yeni bir xəbər gözlənilirdi.

Namaza dəvətin müzakirə edildiyi bu günlərdə Abdullah ibn Zeyd Peyğəmbərimizin hüzuruna gəlmiş,  yuxusunu danışırdı:

− Ey Allahın Rəsulu! Bu gecə yuxumda iki parçadan tikilmiş yaşıl paltar geyən  bir adam yanıma gəldi. Əlində böyük bir zəng vardı. Mən ondan:

− Ey Allahın bəndəsi! Bunu mənə satarsanmı? − deyə soruşdum.

− Onunla nə edəcəksən? − dedi. Mən də:

− Onunla insanları namaza çağıracağam, − cavabını verdim.

− Bundan daha xeyirlisini sənə öyrədimmi? − dedi.

− Nədir o? − deyəndə bunları söyləməklə insanları namaza çağırmağı söylədi:

− Allahu Əkbər, Allahu Əkbər, Allahu Əkbər, Allahu Əkbər.

Əşhədu ən lə iləhə illəllah, Əşhədu ən lə iləhə illəllah.

Əşhədu ənnə Məhəmmədən Rəsulullah, Əşhədu ənnə Məhəmmədən Rəsulullah.

Hayyə aləs saləh, Hayyə aləs saləh.

Hayyə aləl fələh, Hayyə aləl fələh.

Allahu əkbər, Allahu əkbər.

Lə iləhə illəllah.

Allah Rəsulu (s.ə.s.) bunları eşidən kimi:

− Şübhəsiz ki, bu, doğru və haqq yuxudur, − buyurur. Deməli, danışılanlar çox xoşuna gəlmişdi.

Birdən məclisdə Cəbrailin havası hiss edilir. Yeni xəbər gəlir, vəhyin əlamətləri çəkilib məclis də sakitləşəndən sonra Rəsulullah (sallallahu əleyhi və səlləm) Hz. Abdullahı hüzuruna çağırır və bunları söyləyir:

− Dur və bunları Bilala da öyrət! Bu sözləri insanlara o çatdırsın. Çünki onun səsi səninkindən daha gurdur.

Çox keçməmiş artıq Hz. Bilal əzanla insanları namaza dəvət edirdi.

Digər tərəfdə isə Hz. Ömər Peyğəmbərimizin arxasında namaz qılmağa tələsir, gördüyü yuxunu Allah Rəsuluna (sallallahu əleyhi və səlləm) danışmağa can atırdı, çünki bu bir neçə gündür müzakirə edildiyi halda, nəticəsiz qalan namaza çağırış məsələsini həll edəcəkdi. Bu düşüncələr içində birdən Hz. Bilalın yanıqlı səsini eşidir. Məəttəl qalmışdı, çünki bu səs yuxusunda ona deyilən sözləri təkrar edirdi. Bütün bunlar  həqiqət idimi, yoxsa hələ yuxu görürdü?

Paltarının ətəklərini əlinə yığıb iti addımlarla Məscidi-Nəbəviyə tərəf getməyə başlayır. Allah Rəsulunun (s.ə.s.) hüzuruna çatanda təngnəfəs olmuşdu. Və:

− Ey Allahın Rəsulu! Səni Haqq ilə göndərənə and olsun ki, bunun eynisini mən də yuxuda görmüşəm, − deyir.

Allah Rəsulunun duruşundan “Səndən daha çoxuna Mən şahid oldum” sözləri oxunurdu və Hz. Ömərə tərəf dönüb iltifatla:

− Bu mövzuda vəhy səni qabaqladı, −  deyir, ardınca da:

− Buna və Ömərin yuxusuna görə Allaha həmd olsun, − buyuraraq Uca Rəbbimizə şükür edir.[44]

Beləcə, möminlər üçün namaza çağırış məsələsi öz həllini tapmış və gündə beş dəfə səmalar Allah və Rəsulunun adı ilə şənlənməyə başlamışdı. Namazın bayrağı olan bu çağırışa o gündən etibarən “əzan” deyiləcəkdi.