Səhabələr

Xeybərdən sonraki hadisələr

Ancaq bir neçə adam deyil, əksər səhabələr imkansız idi və:

– Ya Rəsulullah, əlimizdə heç bir şey yoxkən, nə verə bilərik ki?!

– Əlinizdə bir xurmanın yarısı belə olsa, – buyurur Allah Rəsulu (sallallahu əleyhi və səlləm).

Belə ki, Cəbrailin gətirdiyi "Allah yolunda xərcləyin. Öz əlinizlə özünüzü təhlükəyə atmayın, yaxşılıq edin"[9] məallı ayə də bundan bəhs edirdi. Demək ki, əsas təhlükə insanın döyüş meydanlarında cəbhədən-cəbhəyə atılması deyil, möhtacları görə-görə yardım etməməklə özü-özünü həlak etməsidir! Məsələ indi aydınlaşmışdı: vermək üçün mütləq zəngin olmağı gözləmək lazım deyildi. Və səhabələr əllərindən gələni əsirgəmir və Beytullaha yola çıxan qardaşlarına dəstək olmağa çalışırlar.

Bu minvalla Mədinədən Kəbəyə qadınlar və uşaqlar xaric iki min nəfər yola çıxır. Allah Rəsulu (s.ə.s.) Mədinədə yerinə Əbu Ruhm əl-Ğifarini qoymuşdu.[10] Bir il əvvəl görülmüş yuxu və geri dönərkən nazil olan ayələrlə verilən müjdə həyata keçmək üzrə idi. Əmin-amanlıq içində Kəbəyə gedəcək və əsrlərdən bəri ilk dəfə burada ibadətin necə edilməsini bütün aləmə göstərəcəkdilər.

Allah Rəsulu (s.ə.s.) Məscidi-Nəbəviyə girir və təlbiyə gətirməyə başlayır. Onu eşidən hər kəs təkrar edir. Mədinə "Ləbbeyk Allahummə ləbbeyk; ləbbeyk lə şərikə ləkə ləbbeyk. İnnəl-hamdə vən-Nimətə ləkə vəl-mülkə lə şərikə lək" sözləri ilə silkələnir.

Qurban kəsməyə altmış dəvə aparırlar. Allah Rəsulu (s.ə.s.) öz qurbanını şəxsən hazırlayır, boynuna nişan qoyur. Qurbanlıqlara nəzarəti yenə Naciyə ibn Cündəbə həvalə edir. Ona beş nəfər də qoşaraq dəvələri otlada-otlada sağ-salamat Məkkəyə çatdırmağı tapşırır.

Bu səfərdə əsas məqsəd Allaha qulluq vəzifəsini əda etmək olsa da, Allah Rəsulu ehtiyatı əldən vermir və silahların da götürülməsini istəyirdi. Hətta Məhəmməd ibn Məsləmənin başçılığı ilə yüz nəfərlik bir dəstə seçmiş, süvari birliyi kimi öncədən göndərmişdi! Qılınc, qalxan, nizə, dəbilqə kimi silah-sursatı Bəşir ibn Sada tapşırmış və  onları da Məhəmməd ibn Məsləmə ilə birlikdə yola salmışdı. Bunları səhabələr diqqətlə izləsə də, heç nə başa düşmür:

– Ya Rəsulullah, onlar bizim Məkkəyə girərkən özümüzlə yalnız yolçu qılıncı götürməyimizi, onu da qınında saxlamağımızı şərt qoyublar. Səni bu qədər silah götürməyə sövq edən nədir? – deyə soruşurlar.

Allah Rəsulu (s.ə.s.) bu suala:

– Biz silahlarla Hərəmə girəsi deyilik, amma onların bizə yaxın bir yerdə olması faydalıdır! Əgər işdi birdən bizə hücum etsələr, bunlar əlimizin altında olsun, – deyə cavab verir.

Deməli, tam əmin deyildi ki, Qureyş verdiyi sözə əməl edəcək. Bəlkə də, əshabına hər ehtimala qarşı tədbirli tərpənməyin vacibliyini göstərmək istəyirdi.

Zül-Huleyfədə onlardan ayrılıb qabaqda gedən Məhəmməd ibn Məsləmə və yoldaşları Mərrüz-Zahran adlı yerə çatanda bir dəstə qureyşli ilə qarşılaşır. Qureyş təşvişə düşür və bu hərəkətliliyin  səbəbini soruşur. Məhəmməd ibn Məsləmə və yoldaşları Rəsulullahın da arxadan gəldiyini xəbər verirlər.

Hələ Bəşir ibn Sadın apardığı silah-sursatdan xəbər tutanda qorxudan rəngləri ağarır. Tələsik Məkkəyə gəlir, rəhbərlərini vəziyyətdən xəbərdar edirlər. Qureyşi təlaş bürüyür:

– Necə ola bilər? Biz müqaviləni pozacaq yanlış bir hərəkət etməmişik. Müqaviləyə sadiqik! Bəs onda Məhəmməd və tərəfdaşları niyə əllərində silah üstümüzə gəlirlər?

Vəziyyəti təfərrüatı ilə və hadisələrin gedişatını öyrənmək üçün Müqrəz ibn Hafsın rəhbərliyi ilə bir heyət təşkil edib Yəcəc adlı yerə göndərirlər. Bu vaxt Allah Rəsulu da Yəcəcə gəlib çatmışdı.

– Vallah, ya Məhəmməd, Sənin nə uşaq ikən, nə də sonralar insanlara haqsızlıq etdiyini görmüşlər. İndi isə bu silahlarla birlikdə Hərəmə girmək istəyirsən! Halbuki sən qövmünlə (Qureyşlə) bağladığın sazişdə sadəcə səfər qılıncları və onların da qınlarında olması şərtini qəbul etmişdin!

Allah Rəsulu (s.ə.s.) verdiyi cavabla onların narahatlığına son qoyur:

– Mən oraya silahlarla birlikdə girməyəcəyəm ki!

Miqrəz və yoldaşları rahat nəfəs alırlar. Ürəkləri yerinə gəlir. Rəsulullaha (s.ə.s.) dönüb:

– Sənə yaraşan da budur. Necə ki Sən daim yaxşılıq və vəfa ilə tanındın, – deyir və birbaşa Məkkəyə yollanırlar. Bunları deyirlər:

– Şübhəsiz ki, Məhəmməd sizinlə bağladığı sazişə sadiqdir və buraya silahla girməyəcək!

Bu vaxt Qureyş: "Səhabələr yeriyə bilməyəcək dərəcədə taqətdən düşmüş," – deyə dedi-qodu etməyə başlayır. Bu sözlər əshabın da qulağına çatır. Məkkəlilər müsəlmanların Mədinə hummasından (qızdırma xəstəliyi) əldən düşdüyünü deyir, onları məsxərəyə  qoyurdular. Əshab Rəsulullahın hüzuruna gəlib deyir:

– Dəvələrimizdən kəsib ətindən yesək, sabah onların yanında gedərkən daha güclü, daha canlı  olarıq!

Ancaq Allah Rəsulu buna razılıq vermir. Əvvəlcə:

– Əsla bunu etməyin, – deyir və ardınca da, – siz əlinizdə olan bütün azuqənizi mənə gətirin, – deyə onlara yeni bir qapı açır.

Hər kəs olan-qalan azuqəsini hüzura gətirir və ortaya sərilmiş süfrəyə tökür. Çox keçmədən bir təpəcik meydana gəlir. Sayca iki mindən çox olan müsəlmanlar burada doyunca yeyib gedir, amma təpəcik kiçilmir. Artıq hər kəs dəvə kəsmədən bu ilahi ehsandan doyunca yemiş, ehtiyat azuqə də götürüb dağılışmışdı.