Səhabələr

İsra və Merac

Hirada peyğəmbərliyin verilməsindən on bir il ötmüşdü. Tarix Rəcəb ayının iyirmi yeddinci gününü göstərirdi. Bu müddət ərzində çox səylər göstərilmiş, amma Məkkə əhli qəti şəkildə etiraz edərək bu səylərə müsbət cavab verməmişdi. Hərçənd qəbul edənlər də var idi. Amma imanla bütünləşmək üçün ölümü gözə alıb göstərilən səylərə müsbət cavab vermək bir yana, onlar bu dəvətə qaça-qaça gəlməli idilər. Çünki Allah Rəsulu (s.ə.s.) özü üçün yaşamır, ən qatı düşmənlərinin də iman şərbətindən içməsi üçün əlindəki bütün imkanlarını səfərbər edir və bunun üçün də hər gün qapı-qapı dolaşırdı.

Bu alqışlanası səylərə qarşı ciddi bir əks-səda müşahidə olunmurdu. Xüsusilə də, Əbu Taliblə Hz. Xədicənin vəfatından sonra məkkəlilərin hərəkətləri, Taifdə başına gələnlər və geri qayıtdıqdan sonra insanların davranışları Onun pak ruhunu çox sıxırdı. Bu cansıxıcı şəraitdə Allah Rəsulu (s.ə.s.) özünü ancaq ilahi mərhəmətin isti qucağına atmaqla təsəlli tapırdı. Bu mərhəmət küləyi də olmasaydı, Məkkənin kəsif havasına tab gətirmək mümkün olmazdı.

Beləcə, bir axşam Peyğəmbərimiz (s.ə.s.) Əbu Talibin qızı Ümmü Haninin evində ikən sanki birdən-birə evin tavanı açılmış və buradan Cəbrail nüzul etmişdi.[1] Görünür, bu səfərki gəliş əvvəlkilərdən fərqli idi. Yanında əvvəlki peyğəmbərlərin də mindiyi uzunqulaqdan bir az böyük, qatırdan da bir az kiçik “Buraq” adlı bir minik var idi. Görünür, bir dəvət var idi və Cəbrail də dəvət edilən ən müqəddəs qonağı aparmaq məqsədi ilə gəlmişdi. Allah Rəsulu (s.ə.s.) Haqqın xüsusi qonağı olaraq göylərə ziyafətə çağrılırdı.