Səhabələr

Ən öndəkilər

Bəli... Əbu Bəkir də təslim olmuşdu... Bu, ayrılmaz, sağlam bir təslimiyyət idi və axtardığını tapmağın sevinci ilə gözlərində yaş çağlamışdı, artıq göz çeşmələrindən də qətrə-qətrə  səadət damcılayırdı.

Əlbəttə, sevincdən ağlayan təkcə Əbu Bəkir deyildi. Evinin gülü Hz. Xədicə gənc Zeyd və əmisi oğlu Əlidən sonra bir könül də hüzuruna gəlib müsəlman olmuşdu. Məkkə dağları arasında heç kəs Rəsulullah qədər sevincli-sürurlu deyildi, ola bilməzdi də...

O günədək onsuz da iman etməyə hazırlaşan Hz. Əbu Bəkir (radiyallahu anh) o qədər sürətlə qərar vermiş və o qədər asan iman gətirmişdi ki, gün gələcək Allah Rəsulu (s.ə.s.) bunu belə ifadə edəcəkdi:

− Əbu Bəkirdən başqa kimi İslama dəvət etmişəmsə, bir müddət çəkinmiş, qətiyyətsizlik və tərəddüd göstərmişdir. O isə məsələni açar-açmaz heç tərəddüd etmədən qəbul etdi.[9]

Şübhəsiz ki, Əbu Bəkirin müsəlman olması xəbəri dərhal yayılmış və sözün əsl mənasında Məkkəni sarsıtmışdı. Necə ola bilərdi ki, məsələnin həllini həvalə etdikləri adam gedir və  mövqeyini  dəyişdirirdi? Deməli, məsələ göründüyündən də ciddi idi.

Artıq Məkkədə özünü başqalarının imanına həsr etmiş bir Rəsul və Onunla ölümə belə getməyə gözünü qırpmadan and içmiş səhabələri vardı. O, ətrafında halqalanan camaatına Allahın ayələrini oxuyur, həqiqətə susayan könüllərə hikmət və kitabı öyrədirdi.[10] Onlar isə ən dəruni hislərlə Rəsulullaha üz tutmuş, qəlb qapılarını hikmət şəlalələri kimi axıb gələn bəyanlara açaraq imanda dərinləşdikcə dərinləşir, kamillik zirvəsinə addımlayırdılar.[11]