Səhabələr

Həvazindən gələn xəbərlər

Yenə Ciranə və Həvazin heyəti

Yenidən Ciranəyə gəlmişdilər. Altı min əsir, dörd min uqiyyə gümüş, iyirmi dörd min dəvə və qırx mindən artıq qoyun hələ də gözləyirdi. Allah Rəsulu əsirlər və qənimət malları məsələsindəki qərarını bilə-bilə gecikdirirdi. Görünür, bir hikməti vardı! Elə də olur. On gündən çox idi Taifdən çıxdıqları... Və bir gün Züheyr ibn Suradın başçılığı ilə on dörd nəfərlik Həvazin heyətinin Ciranəyə tərəf gəldiyini görürlər. Onların içində Allah Rəsulunun  süd əmisi Əbu Burqan da vardı. Müsəlman olmuşdular! Fasiləsiz savaşların bir nəticə vermədiyini anlamış və Müsəlmanlığı qəbul edərək hallarını Rəsulullaha ərz etməyə gəlmişdilər. Öncə:

– Ya Rəsulullah, – deyirlər, – biz əsil-nəcabətli xalqıq, ancaq Sən də bilirsən, başımıza gələn bəla və müsibəti. Bizə yaxşılıq və ehsan et ki, Allah da Sənə lütf etsin!

Məqsəd aydın idi. Allah Rəsulu bu mənzərədən çox sevinir. Bütün dünyanı Ona versəydilər, bu qədər sevinməzdi!

Ancaq bir şey onu maraqlandırırdı və  soruşur:

– Malik ibn Avf nə edir?

Malik ibn Avf Həvazin xalqını Huneyn vadisinə töküb başına bu müsibəti gətirən gənc sərkərdə idi. Rəsulullah onu da unutmamış, Həvazin heyətindən soruşurdu.

– Ya Rəsulullah, – deyirlər, – o, saqiflilərlə birlikdə qaçıb Taifə sığındı.

Yıxılanın əlindən tutmaq lazım idi və Allah Rəsulu da onlara:

– Gedib ona xəbər verin, əgər müsəlman olaraq o da Mənim yanıma gələrsə, malları ilə arvad uşaqlarını ona qaytarar və əlavə yüz dəvə də verərəm, – buyurur.

Belə ki, O, Malik ibn Avfın ailəsini Məkkəyə göndərmiş, xüsusi baxsınlar deyə bibisi Abdillah binti Əbi Ümeyyənin yanında saxlayırdı. Allah Rəsulunun (s.ə.s.) niyyətindəki səmimiyyəti görən Həvazin heyəti:

– Ya Rəsulullah, – deyir, – onlar bizim böyüklərimiz və ən çox sevdiyimiz insanlardır!

– Elə Mən də onlara xeyir murad edirəm, – buyurur Allah Rəsulu (s.ə.s.).

Əshab baş verənləri təəccüblə seyr edirdi! Demək ki, bu günə qədər Allah Rəsulunun (s.ə.s.) Huneyndə əldə edilən əsirlər və qənimət məsələsində tələsməməsinin kökündə bilmədikləri bəzi həqiqətlər vardı. Rəsulullahın onlara şəfqətli olacağı hələ əsirlərə pambıq və kətan geyimlər paylamasından hiss olunmuşdu. İndi isə bir neçə həftə əvvələ qədər onlara qılınc çəkən adamlar öz iradələri ilə gəlib müsəlman olduqlarını elan edirdilər! Bu arada sözə başlayan heyətin rəhbəri şair Züheyr ibn Surad Peyğəmbərimizə (s.ə.s.):

–Ya Rəsulullah, – deyir, – burada olan əsirlərin bir qismi Sənin süd xalaların, süd bibilərin və Səni əmizdirib böyüdən dayələrindir. Əgər biz Şam hökmdarı Haris ibn Əbi Şimr və ya İraq padşahı Numan ibn Münziri əmizdirmiş olsaydıq və bu hadisə onlarla bizim aramızda baş versəydi, biz onlardan şəfaət və ehsan gözlər, çətinliklərdən qurtulmağı umardıq. Halbuki Sən, ya Rəsulullah, baxılıb böyüdülənlərin ən xeyirlisisən, bizə ehsan et!

Züheyr sözlərini deyib məqsədini şeir dili ilə də ifadə edir! Allah Rəsulu elə bunu gözləyirdi və öncə:

– Mənim və Abdulmuttaliboğullarının payına nə düşürsə, hamısı sizindir, – buyurur.

Əshabına bir məsələdə də öndərlik edəcək, haqlarından könüllü vaz keçmələri üçün ilk addımı yenə özü atacaq və yenə onlara yol göstərəcəkdi. Bunu görən Qureyş də:

– Bizim payımıza düşənlər də Allah Rəsuluna aiddir, – deyir və haqqından vaz keçdiyini elan edir. Bu mənzərəyə şahid olan Allah Rəsulu (s.ə.s.):

– Hansını seçirsiniz, – deyə soruşur, – Mənim üçün ən sevimli şey sözün ən doğru olanıdır. Sizin üçün arvad-uşaqlarınız, yoxsa mallarınız daha qiymətlidir? İkisindən birini seçin! Elə Mən də sizin gələcəyinizi gözləyib onların bölüşdürülməsini gecikdirmişəm!

Döyüş meydanında itirdiklərini geri qayatara bilməyəcəyini və ikisindən birini seçmək məcburiyyətində qaldığını görən Həvazin heyəti:

– Ya Rəsulullah, – deyir, – görürük ki, Sən ailələrimizlə mallarımız arasında seçim təklif edirsən. Bizim üçün qadınlarımızla uşaqlarımız daha vacibdir və dəvələr və qoyunlar barədə Səninlə danışıb israr edəsi deyilik!

Bu cavab Allahı Rəsulu üçün gözlənilməz deyildi və:

– İnsanlarla namaz qıldıqdan sonra yanıma gəlin, hər kəsin qarşısında müsəlman olduğunuzu elan edin və: "Biz sizin din qardaşlarınızıq. Uşaqlarımız və qadınlarımız barədə Rəsulullahı şəfaətçi edərək müsəlmanlardan və Rəsulullahdan şəfaətçi olmalarını diləyirik!" – deyin! O zaman öz hissəmi sizə bağışladığım kimi, insanlardan da öz hissəsini sizə bağışlamasını istəyərəm, – deyərək onlara yol göstərir. Bundan başqa onlara kəlmeyi-tövhid söyləyib şəhadət gətirmək və namazdan sonra insanlarla necə danışmaq barədə məsləhətlər verir.