Səhabələr

Həvazindən gələn xəbərlər

Bu yerdə hüzurda olan Hz.Əbu Bəkir Abbasın nə şeir söyləmə, nə də nəql etmə qabiliyyətinin olduğunu, onun belə bir şeir qoşmasının qeyri-mümkünlüyünü dilə gətirərək həmin şeiri bir dəfə də özü orada oxuyur. Ancaq bu şeiri Abbas ibn Mirdasdan başqa heç kim  söyləməmişdi və Allah Rəsulu (s.ə.s.) əshabına dönüb:

– Gedin onun dilini kəsin, – buyurur.

Rəsulullahın buyruğunu eşidən əshab Abbas ibn Mirdasın dilini kökündən kəsməyə hazırlaşır. Bu vaxt aydın olur ki, məsələ sözün həqiqi deyil, məcazi mənasındadır, yəni Abbasın istədiyi miqdarı verməklə dilini – səsini kəsmək. Beləliklə, o, digərləri kimi qənimətdən yüz dəvə alaraq razı salınmış və Rəsulullahın ifadəsi ilə "dili də kəsilmişdi"!

Müəllifeyi-quluba bölgüdən pay verilərkən Təmim qəbiləsindən Zül-Huveysıra adlı  şəxs Allah Rəsulunun (s.ə.s.) hüzuruna gələrək:

– Ya Məhəmməd! Bu gün mən Sənin etdiklərinə şahid oldum, – deyir. Səs gələn tərəfə dönən Allah Rəsulu da ondan:

– Bəli, nəyə şahid oldun? – deyə soruşur.

– Sənin ədalətli davranmadığını gördüm. Ədalətli ol! – deyə cavab verir.

Allah Rəsulu:

– Əgər Mən də adil olmasam, demək işim bitmişdir, – buyurur, – əgər ədalət Mənim yanımda dəyəri olan fəzilət deyilsə, o zaman kimin yanında ədalətdən danışmaq olar!

Bütün bunlara şahid olan Hz.Ömər hövsələdən çıxır, Rəsulullaha yaxınlaşıb:

– Ya Rəsulullah! Bu münafiqi mənim öhdəmə burax, boynunu vurum, – deyə izin istəyir.

Hz.Ömərin bu sözləri də Allah Rəsulunu (s.ə.s.) əndişələndirir və öncə:

– Belə bir şey etməkdən Allaha sığınıram, – deyir. Onu bu qədər üzsə də, Allahın qeyrətinə (qayrətullaha) toxunan sözlər desə də, heç olmasa, zahirən səhabə sayılan bir insana qarşı qılınc qaldırılmasını istəmirdi.

Ancaq bir xəbərdarlığı vardı; gözünü gələcəyə dikib bunları söyləyir:

– Ona toxunmayın, çünki irəlidə onun kimi başqa insanlar da zühur edəcək! Onlar din məsələsində, bəlkə də, dərin biliklər əldə edəcəklər. Başlarını Qurandan qaldırmayacaqlar, amma bu, boğazdan aşağıya enməyəcək və onlar oxun yaydan çıxdığı kimi, dindən uzaqlaşacaqlar! Ox bir dəfə yaydan çıxdıqdan sonra nə ondan qoyulduğu yerdə, nə də kamanın olduğu yerdə əsər-əlamət qalır! Çünki o, çoxdan hədəfinə çatmış və heyvanın qarnını dəlib qana bulanmışdır! Eyni zamanda siz onların namazları yanında öz namazlarınızı, orucları yanında da öz oruclarınızı kiçik görərsiniz!

Allah Rəsulu hələ o günlərdən gələcək ümmətinə xəbərdarlıq edərək İslam dininin daha çox insan tərəfindən mənimsənilməsi yolunda başqalarının da əlindən tutmaq üçün körpülər qurub qapılar açır, yeni dialoq zəminləri axtarır, o zaman da bəzi insanların bunu çox görəcəyini və yerli-yersiz danışacağını xatırladır və onların sözlərinə qulaq asmadan doğru hədəfə irəliləməyin vacibliyini bildirir.

Ənsarın dəyərləndirməsi

Bu arada qənimət bölgüsünün əks-sədası Ciranədə dalğa-dalğa gəzib-dolaşırdı. Hətta bir mədinəli müsəlman – ənsar  Rəsulullahın bu bölgüsünü nəzərdə tutaraq:

– Bu ədalətə riayət edilməyən bir bölgüdür və bunda Allahın rizası da nəzərdə tutulmamışdır, – demişdi.

Bunu eşidən İbn Məsud:

– Vallah, bu sözü Rəsulullaha çatdıracağam, – deyib dərhal hüzura gəlir və Allah Rəsulunu vəziyyətdən xəbərdar edir. Rəsulullah çox kədərlənir. Üzünün rəngi qaçmışdı, sanki, damarlarındakı qan çəkilirdi! Ətrafına dönüb:

– Allah və Rəsulu da adil olmayacaqsa, kim adil davrana bilər ki?! – buyurur,– Allah Musaya mərhəmət etsin! O, bundan da artığına məruz qalmış, daim səbirlə qarşılıq vermişdi!