Səhabələr

Həvazindən gələn xəbərlər

Vaxt irəliləyir, amma saqiflilər heç cür təslim olmaq istəmirdilər. Bunu görən Allah Rəsulu (s.ə.s.) yeni bir taktikaya əl atır və təslim olmadıqları təqdirdə üzüm bağları ilə xurma ağaclarının məhv ediləcəyini elan etdirir. Çünki üzüm və xurma bağları taiflilərin şah damarı idi! Bu arada səhabələrə də işarə edib bir kənardan ağacların kəsilməsi əmrini verir. Onların dünyasında mal canın bir hissəsi idi, sanki, ağac deyil, damarları kəsilirdi. Ancaq buna baxmayaraq, qalanın divarları üstünə çıxıb meydan oxumağında olanlar vardı!

Nəhayət, bir nəfər ağıllısı çıxır və:

– Mallarımızı nə üçün kəsirsən? Əgər bizə qalib gəlsən, onlar, onsuz da Sənin olacaq, – deyir və Allaha and verərək onlara toxunmamasını xahiş edir.

Bunu cavabında Allah Rəsulu:

– Onlara Allah üçün və qohumluq xətrinə əl dəymirəm, – deyərək işlərin dayandırılmasını əmr edir.

Bu vaxt Uyeynə ibn Hısn Rəsulullaha yaxınlaşır, qalaya girib taiflilərlə danışmaq üçün izin istəyir. Bu yolla onları Allaha dəvət edəcəyini söyləyir, onlardan bəzilərinin müsəlman olacağına ümid etdiyini bildirir. Allah Rəsulu (s.ə.s.) izin verən kimi birbaşa qalaya yönəlir. İçəri girər-girməz başına yığışan saqiflilərə səslənir:

– Atam sizə fəda olsun! Nəbadə yerlərinizi tərk edəsiniz! Vallah, biz kölələrdən daha zəifik! Allaha and olsun ki, Onun başına bir iş gəlsə, ərəblər yenidən izzət və şərəf sahibi olacaq! Ağacların kəsilib məhv edilməsi nəbadə sizin gücünüzə təsir göstərməsin və əsla özünüzü təslim etməyin!

Bunları söylədikdən sonra qalanı tərk edib hüzura gələn Uyeynə Allah Rəsulunun sualı ilə qarşılaşır:

– Onlara nə dedin, ey Uyeynə?

Bunu söyləyərkən hiss olunurdu ki, Allah Rəsulu Uyeynənin göründüyü kimi, olmamasına vaqifdir. Görünür, məsələni başa düşmüş və ya Cəbraildən xəbər almışdı! Ancaq Uyeynə hələ də bunu sezmirdi və:

– Onlara İslamdan danışıb imana dəvət etdim, cəhənnəm barədə xəbərdarlıq edib cənnətə çatmanın yollarını göstərdim, – deyir. Demək ki, anlamamışdı və onunla daha açıq danışmağa lüzum vardı. Buna görə də Allah Rəsulu əvvəlcə:

– Yalan söyləyirsən, – deyir.

Ardınca da qalada söylədiklərini bircə-bircə təkrar edir. Sanki, qalaya birlikdə girmişdilər. Bunları eşidən Uyeynə rəngdən-rəngə düşür. Kiminsə gəlib xəbər verməsi mümkün deyildi. Demək, Məhəmmədül-Əmin, həqiqətən də, səmalardan  dəstək alırdı. Xəcalətdən Rəsulullahın üzünə baxa bilmir və:

– Doğru deyirsən, ya Rəsulullah, – deyə Uyeynə sözə başlayır, – bu xətamdan Allaha tövbə edir və Səndən də üzr istəyirəm!

Zahirən belə bir istək, tövbə etmək, əlbəttə, müsbət hal idi. Allah Rəsulu (s.ə.s.) da Uyeynənin üzrünü xoş qarşılayıb qəbul edir.

Mühasirənin sonu 

Mühasirənin başlanmasından iyirmi[10] gündən çox keçmişdi. Bir gün Peyğəmbərimiz əshabına yuxusunda "Ona südlə dolu bir qabın hədiyyə edildiyini, ancaq bir xoruzun onu dimdiklədiyini, sonra da südün dağıldığını" görməsini danışır. Görünür, qabdakı südün tamam dağılmaması üçün daha həssas davranmaq lazım idi. Risalətin qırxdan çox parçasından birini ifadə edən sadiq (doğru) yuxular Rəsulullah baxımından, əlbəttə, xüsusi məna kəsb edirdi. Allah Rəsulu da yuxunun mənasını anlamışdı və strategiyasını buna uyğun, yenidən qurur. Ancaq bunun üçün əshabı da işin içinə cəlb etmək lazım idi və bu vaxt Hz.Əbu Bəkrə tərəf dönüb onun yuxunu yozmasını istəyir.

– Bu gün Sənin Taif məsələsində məqsədinə çatacağını sanmıram, – deyə Hz.Əbu Bəkir cavab verir.

Allah Rəsulu (s.ə.s.) da:

– Mən də! – deyir və Nəvfəl ibn Muaviyəyə dönüb ondan:

– Ya Nəvfəl! Mühasirəni davam etdirib etdirməmək barəsində nə düşünürsən? – deyə soruşur.

– Ya Rəsulullah, – deyə Nəvfəl sözə başlayır, – onlar hal-hazırda küncə sıxışdırılmış tülkü kimidir, əgər üstünə getsən, yaxalayarsan, buraxıb getsən, Sənə heç bir zərəri dəyməz!

Bu arada Osman ibn Mazunun xanımı Havlə binti Hakim Allah Rəsulunun hüzuruna gəlir və Taifin fəthi müyəssər olarsa, Badiyə binti Qalyan və ya Faria binti Aqilin cəvahirlərini istəyir. Çünki bu cəvahirlər dillərdə dastan idi və bir qadın olaraq Hz.Havlə də şöhrətini eşitdiyi bu ləl-cəvahirata sahib olmaq istəyirdi! Bunun cavabında Allah Rəsulu ondan:

– Saqif üzərinə gedib qalalarını fəth etmək məsələsində bizə izin verilməmişsə, onda nə olacaq, ey Havlə? – deyə soruşur.

O da çaşıb qalır: bir tərəfdən mühasirə davam edir, digər tərəfdən də Rəsulullah bu mühasirə barədə ilahi iznin olmadığını söyləyirdi! Oranı tərk edən Hz.Havlə dərhal Hz.Ömərin yanına gəlib eşitdiklərini ona danışır. Hz.Ömərin də fikri qarışır. Tez özünü Rəsulullahın hüzuruna çatdırır və:

– Ya Rəsulullah, – deyir, – Havlənin danışdıqları doğrudurmu? O deyir ki, bunları ona Sən söyləmisən!