Səhabələr

Həvazindən gələn xəbərlər

Allah Rəsulu (sallallahu əleyhi və səlləm) Hz.Xalidə verilən bu cavabın müqabilində Taifə yönəlir. Huneyndən yola düşüb Taif istiqamətinə irəliləyən Allah Rəsulu Nəhlətül-Yəmaniyyə, Qarn, Müleyh və Liyyədəki Buhratür-Ruqa məntəqələrindən keçir. Buhrətür-Ruqaya çatanda fasilə verir və bir məkanı məscid kimi hazırlayıb əshabına namaz qıldırır. Bu vaxt Ona bir məsələ ərz edirlər həll etsin deyə. Leysoğullarından bir nəfər bir hüzeyllini öldürmüş, hadisə şahidlər tərəfindən də təsdiqlənmişdi! Bir insanı öldürmək bütün insanları öldürmək qədər böyük günah idi və cəmiyyətdə yeni ölümlərin baş verməməsi üçün bir dəfə qatilin öldürülməsi lazım idi: haqsız yerə adam öldürmənin əvəzini qatil öz canı ilə ödəməli idi. Rəsulullah da Allahın təbliğ etdiyi bu hökmü tətbiq edərək qatilin edam hökmünü verir. Eyni zamanda bu, İslamda ilk qisas alma hökmü idi.

Bu zaman orada yerləşən Malik ibn Avfın qalasını dağıtmaq əmrini verir və yola  düzəlib  Dayqa və Nahb istiqamətindən Taifə doğru irəliləməyə başlayır. Rəsulullah üçün Taif kədərli xatirələrlə dolu bir şəhərdi. Təxminən on il əvvəl buraya necə böyük ümidlərlə gəlmiş, amma gözləmədiyi münasibətlə qarşılaşıb al-qan içində geri qayıtmağa məcbur olmuşdu! Ogünkü Taif bu gün də həmin rəftarı göstərir və bu qədər hadisələrə, dəyişikliklərə baxmayaraq, küfrün mərkəzi olma yolunu seçirdi!

Allah Rəsulu (s.ə.s.) bir qəbrin başında dayanıb əshabına deyir:

–Bu, saqiflilərin babası Əbu Riqalın qəbridir. O, Səmud qövmündəndir və qövmünün başına gələn müsibətdən Hərəmə girərək qurtulmuşdu! Ancaq daha sonra Hərəmdən çıxdı və buraya qədər gəldi. Fəlakət onu da burada yaxaladı və elə burada da dəfn edildi. Bunun sübutu onunla birlikdə basdırılmış qızıl budaqdır. Əgər məzarı açsanız, onu görəcəksiniz!

Saqiflilərin üzərinə gedən Allah Rəsulu onların babası Əbu Riqalın qəbrini ortaya çıxarır və bununla məsələni sülhlə həll etməyin vacibliyi istiqamətində bir addım da atmış olur. Həqiqətən, əshab məzarı açmağa başlayacaq və çox keçmədən də qızıl budağı çıxarıb Rəsulullahın verdiyi xəbərin doğruluğuna şahid olacaqdılar!

Mühasirə

Taifdə qalaya yaxınlaşıb danışıq istəyir, cavab olaraq onları ox yağışına tuturlar. Məlum idi ki, döyüşməkdən başqa bir yol seçməmişdilər və mühasirə də artıq başlamışdı. Qala divarları üzərinə çıxan taiflilər İslam əsgərlərini oxa tutur, mancanaqlarla daş atır, ocaqda qızdırılmış, alov saçan dəmir çubuqlardan istifadə edirdilər. Bu müqavimət on iki səhabənin  şəhid olması ilə nəticələnir.

İlk qarşılaşmadan sonra ordusunu geri çəkən Allah Rəsulu bir qədər də geridə qərargah qurur və bundan sonra mühasirəni oradan davam etdirir. Burada Ümmü Sələmə və Zeynəb validəmiz üçün iki çadır qurulmuşdu: Rəsulullah (s.ə.s.) da namazlarını bu iki çadır arasında qılırdı.

Heç kim qaladan çıxıb üzbəüz vuruşmağa cəsarət etmir. Xalid ibn Vəlid:

– Mərd-mərdanə vuruşan döyüşçünüz yoxdurmu? – deyə səslənir, ancaq cavab gəlmir.

O gün bunu dəfələrlə təkrarlayır, qaladan ox, daş və alov saçan dəmirlərdən başqa bir şey gəlmir. Nəhayət, Əbdü Yaleyl adlı biri nəfərin səsi eşidilir:

– Bizim heç birimiz Sənin qarşına çıxmayacaq, qalamızda gözləməyə davam edəcəyik. Burada illərə çatan ərzağımız var və əgər sən bu ərzağımızın tükəməsinə qədər burada gözləsən, o zaman qılınclarımızı çəkib son damla qanımıza qədər səninlə üz-üzə vuruşacağıq!

Ox yağışına oxlarla cavab verməkdən başqa çarə görünmürdü. Artıq əshab da mövqelərini gücləndirmiş, atılan oxlara cavab verir – qalaya ox yağdırırdı!

Mühasirə müddətinin uzanmasına baxmayaraq, içəridən hələ də bir səs çıxmadığını görən Allah Rəsulu səhabələrindən birini hüzuruna çağırıb belə səslənməsini tapşırır:

– Qaladan çıxıb bizə qoşulan hər kölə azaddır!

Bu taktiki gediş çiyin-çiyinə müdafiə olunan saqiflilərin ahəngini pozur. Çünki çağırışdan sonra azadlıq eşqi ilə alışıb-yanan kölələr qaladan enməyə başlamış, Rəsulullahın hüzuruna üz tutmuşdular. Az vaxtda gələnlərin sayı iyirmi üçə çatır. Sultanlar Sultanı gələni azadlığına qovuşdurur və Quranı öyrənib İslamı mənimsəmək üçün hər birini bir səhabəyə təhkim edir. Bu, saqiflilərə çox ağır gəlir, kölələrin onları tərk edib Rəsulullahın hüzuruna getməsini heç cür həzm edə bilmirdilər![9] Hər nə qədər kölə gəlib təslim olsa da, hələ saqiflilərdən bir səs çıxmır, ox atışları davam edirdi. Allah Rəsulu bir tərəfdən əshabını ox atmağa təşviq edir, digər yandan da insanları alçaldan köləlik anlayışının ortadan qaldırılması üçün onlara yeni hədəflər göstərirdi. O, gün buyururdu:

– Kim bir oxu hədəfə vursa, cənnətdə onun üçün bir dərəcə vardır! Kim Allah yolunda bir ox atarsa, onun üçün bir kölə azad etmək qədər savab vardır! Kim Allah yolunda saçlarını ağartsa, qiyamət günündə bu, onun üçün bir nur olacaqdır! Sizin biriniz Müsəlman köləni azadlığa qovuşdurarsa, azadlığa qovuşdurduğu insanın sümükləri qədər öz sümükləri ilə cəhənnəm arasında pərdə yaranar! Hər hansı bir Müsəlman qadın özü kimi Müsəlman bir qadını azadlığa qovuşdursa, Allah onun üçün də azad etdiyi qadının sümükləri qədər qalxan yaradaraq onun sümüklərini cəhənnəm atəşindən hifz edər!

Bu ifadələrlə eyni zamanda azadlığın bir əsas olduğunu öyrədir və yalnız saqiflilərdən gələnlər deyil, öz kölələri haqqında da əshabı dərindən düşünməyə sövq edirdi.

Allah Rəsulu (s.ə.s.) günlər keçsə də, heç cür nəticə görməyincə bundan sonrakı strategiyanı əshabı ilə bir daha müzakirə edir. Səlmani Farisi irəli çıxır və Xəndəkdə olduğu kimi yenə də Fars diyarındakı tətbiqatlara istinadən qala divarları qarşısına mancanaq qurulması təklifini verir. Təklif qəbul edilir və Rəsulullahın da razılığı ilə qısa vaxtda bir mancanaq qurulur. Artıq daha böyük daşlar ata və ardıcıl atışlar apara bilirdilər. Bu əsnada yuxarıdan atılan ox, daş və qızdırılmış dəmirlərdən qorunmaq üçün iki "dəbbabə" – qoruyucu da inşa edir, bunlarla qala divarlarına yaxınlaşıb içəri girməyə cəhd göstərirlər. Ancaq təbii ki, əshabın qala divarlarına yaxınlaşmasını istəməyən saqiflilər də müqaviməti artırır, dəbbabə və mancanaqları hədəfə alır! Çox keçmədən dəbbabələr də od tutub yanmağa başlayır və ona sığınan səhabələr da çölə çıxmağa məcbur olur. Bu həmlə də bir neçə səhabənin şəhadəti ilə və nəticəsiz yekunlaşır.