Səhabələr

Həvazindən gələn xəbərlər

Həqiqətən, düzəldilməli xəta idi. Çünki müvəffəqiyyət çoxluqla deyil, ixlasla qazanılır. Nəhayət, Huneyn vadisinə enişdə pusquya düşürlər. Əvvəlki döyüşlərdəki kimi cərgələr düzüləndən sonra döyüşün başlayacağını düşünürdülər. Bu zaman düşmən əsgərləri vadinin iki tərəfindən çəyirtkə sürüsü kimi axın etmiş və İslam əsgərlərini atəş çənbəri ilə əhatələmişdilər! Meydanda nə təkbətək döyüş, nə də söz deyişməsi vardı! Bu gün Həvazin  əsas döyüş qaydalarını, adətlərini bir kənara qoyub, mərd-mərdanə vuruşmaq əvəzinə tələ quraraq kəsə yolla qalib gəlməyi düşünürdü. İslam ordusu hələ qılıncını çəkməmişdi, çünki ordunun önündə gedənlərin əksəriyyəti təcrübəsiz cavanlar idi. Çoxunun əlində silahı da yox idi və ya olsa da, döyüş üçün yararlı deyildi. Sağına-soluna baxan hər kəs özünü dörd tərəfdən düşmən əhatəsində görürdü. Çünki Həvazinlər özləri ilə cəbhəyə gətirdikləri qadınlarını da dəvələrə mindirmişdilər; onları da arxa cərgələrdə döyüş vəziyyətində saxlayır, özləri ilə götürdükləri qoyun və dəvələri də müsəlmanların üstünə sürürdülər.

Huneyndə dəhşətli mənzərə vardı və bu həngamədə öndə gedən süvari birliklərinin nizamı pozulmuş, çarəni geri çəkilməkdə görmüşdülər. Onların ardınca qənimət niyyəti ilə orduya qatılmış məkkəlilər gəlirdi! Bu mənzərə digər insanların da əhvali-ruhiyyəsini sarsıtmış və müsəlmanların taleyi məchul istiqamətə yönəlmişdi! Görünür, bu say çoxluğuna güvənmənin bir nəticəsiydi![5]

Hətta bu əsnada fürsət tapıb qarışıqlıq içində Rəsulullahı öldürmək istəyənlər də vardı. Onlardan biri də Nadir ibn Haris idi. Məkkəlilərlə birlikdə Həvazin səfərinə çıxmış və İslam ordusunun ən cüzi zəifliyində qarşı tərəfə keçməyi planlaşdırmışdı. İndi onun kimilərin – qara niyyətlilərin əlinə fürsət düşmüşdü. Elə bu vaxt Allah Rəsulu müşriklərin üstünə gedirdi. Arxadan yaxınlaşıb qılıncını qaldıran Haris "Ey, sən! Yerində qal" deyə bir səs eşidir. Bu səsin dərinliyi beyninə işləmiş, qorxudan tir-tir əsməyə başlamışdı. Səs gələn tərəfə dönüb baxanda Bədirdəki kimi ağ paltarlı adamlar görür. Nadirin əl-qolu tutulur, addım atmağa taqəti də qalmır. Anlamışdı; öldürmək istədiyi şəxs Allahın qoruduğu, mələklərdən yardım etdiyi Rəsulullahdır və qılıncını qınına qoyub gözdən itir.

Bu arada meydanda gəzən söz-söhbət müsibəti ikiqat artırırdı. Müsəlman olmadığı halda, qənimət həvəsi ilə orduya qatılan və ya hələ İslamın mahiyyətini mənimsəməyə imkan tapmayanlar: "Bu gün cadu pozulmuşdur, artıq hər şey bitdi," deyərək digər insanların da əhvali-ruhiyyəsinə mənfi təsir edirdilər. Bu sözlər müşrik olduğu halda, Rəsulullahla (s.ə.s.) Huneynə qədər gələn və hadisələri uzaqdan seyr edən Savfan ibn Ümeyyəni belə hövsələdən çıxarır. Onun yanına qaçaraq:

– Müjdələr olsun, Məhəmməd və yoldaşları məğlub olurlar! Vallah, artıq heç vaxt özlərinə gələ bilməzlər, – deyirlər. İbn Ümeyyə bunları eşidincə yerindən qalxır və xəbəri gətirən ögey qardaşı Kəldə ibn Hənbəlin üstünə:

– Səsini kəs və ağzını yum! – deyə çığırır, – Sən mənə səhra bədəvilərinin qələbə xəbərinimi gətirirsən? Vallah, mən həvazinlilərin əli altında yaşamaqdansa, bir qureyşlinin mənə ağa olmasını üstün tuturam!

Bunu deyəndə hirsindən əsirdi: Rəsulullahın məğlub olmasını istəmirdi. Vəziyyəti öyrənmək üçün kölələrindən birini yanına çağırır və:

– Get, gör meydanda parol nədir? – tapşırığı ilə döyüş meydanına göndərir.

Bu əsnada sağ tərəfdən bir səs yüksəlir:

– Ey insanlar! Mənə tərəf gəlin! Mən Allahın qulu və Rəsuluyam, bunda yalan yoxdur! Mən Abdulmuttalibin oğlu Məhəmmədəm!

Ətrafında yüzə yaxın səhabəsi qalan Rəsulullah bu çıxışı ilə dönüş nöqtəsini başladır. Sultanlar Sultanı əshabına səslənməklə kifayətlənmir, düşmən üzərinə həmlə edərək yol göstərirdi! Rəsulullahın miniyinin cilovundan tutan Hz.Abbas və bir yanda Ondan ayrılmamağa and içmiş Əbu Sufyan qan tər içində idi! Digər tərəfdən Allah Rəsulu Rəbbi ilə irtibatını da unutmur və döyüşün yenidən qızışdığı bu dəmlərdə əllərini qaldırıb:

– Allahım! Nüsrətinlə imdadımıza yetişib Mənə vəd etdiklərinin xətrinə qələbə ehsan et! Allahım! Bizə onların qarşısında məğlubiyyət yaşatma! Allahım! Əgər məğlub olarsaq, yer üzündə Sənə ibadət edən kimsə qalmaz. Allahım! Həmd yalnız Sənədir, şikayətlər Sənə edilir və yardım da yalnız Səndən istənilir, – deyə dua edir. Bu vaxt Cəbrailin ümid verən səsini eşidir:

– Sən önündə dəniz və arxasında da Firon olarkən dəniz yarılıb dalğalardan qurtulduğu vaxt Allahın Hz.Musaya öyrətdiyi kəlmələrlə dua etdin, – deyir.

Rəsulullahı sevindirən bu sözlər eyni zamanda zəfərin müjdəsi idi. Ancaq yenə də səbəbələri yerinə yetirməkdə qüsura yol verilməməliydi və bu mənada iş düşünüldüyündən də ciddi idi. Allah Rəsulu (s.ə.s.) üzünü  Hz.Abbasa tutub:

– Ey Abbas, – deyir,– ənsara səslən: "Ey Hudeybiyyədə söz verənlər! Ey "Bəqərə" surəsində səxavət və qonaqpərvərliyindən bəhs olunan insanlar!" – deyə onlara nida et! Hz.Abbas tapşırığı dərhal yerinə yetirir. Onun gur səsi Huneyn vadisinə yayılır:

– Ey Ənsar! Ey Səmurə xalqı! Ey Bəqərə əshabı!

Abdullah ibn Məsuda da "ənsar və mühacirlər haradadır" deyib onları çağırmağı tapşırır. İbn Məsud kimi bu səsi dalğa-dalğa yayılanların nidası Hz.Abbasın harayına qoşulur:

– Ey ənsar topluluğu! Ey xazrəclilər! Anam, atam sizə fəda olsun! Rəsulullahın olduğu yerdən heç qaçarlarmı! – deyə geri çəkilənləri haraylayır.

Bu səsləniş bəhrəsini verir. Səsi eşidənlər:

– Ləbbeyk (baş üstə), ya Rəsulullah! Hamımız Səninləyik, – deyib pətəyinə qayıdan arılar kimi ər meydanına tələsir, Rəsulullahın səsini eşidən hər səhabə geri dönub düşmənin üstünə yeriyirdi. Bunu görən Allah Rəsulu (s.ə.s.):

– Bax əsl döyüş indi başladı, – buyurur. Rəsulullah (s.ə.s.) düşmən üzərinə yeriməkdə davam edirdi. Bu vaxt yerdən bir ovuc çınqıl daşı götürüb düşmənin üstünə sovurur və:

– Üzlər qara olsun! Ha-Mim! Onlar əsla nüsrət üzü görməsinlər! Məhəmmədin Rəbbi adına hamınız yerlə-yeksan olun! – deyə dua edir. Sanki, hər bir daş kükrəyən köhləntək düşmən üstünə şığıyır, onlar da bunu qarşısıalınmaz bir ordu kimi görürlər.

Yenidən meydana qayıdan əshab həmin gün Rəsulullah qədər cəsarətlə, qorxmadan düşmənin üzərinə yeriyən başqa bir insana şahid olmamışdı! Rəsulullahın hüzuruna qovuşmuşdular: buradakı mənəvi rahatlığı heç yerdə tapmaq olmazdı. Əvvəlki təhlükəli anlarda olduğu kimi, yenə də qəlblərinə bir əminlik hakim olur və savaş meydanının çətinlikləri tamamilə unudulur! Bu vaxt göy gurultsu qopur, hasil etdiyi qorxu ilə düşmənin canına vəlvələ salır. Səmadan vadiyə bir ilahi nüsrət yayılır: Allah (c.c.) möminlərin əhvali-ruhiyyəsini yüksəltmək üçün beş min mələklə görünməz ordular göndərmişdi. Bölük-bölük gəlir, başlarındakı sarıqları çiyinlərinə aşıraraq düşmənin qəlbinə qorxu salırdılar! Hətta bu qorxunun vahiməsi ilə arxasına baxmadan qaçıb Taif qalalarına sığınan həvazinlilər vardı!

Eyni zamanda Rəsulullahın ovuclayıb atdığı çınqıl daşının hər biri, sanki, bir müşrikin gözünə tuş gəlmiş və qarşılarını görməz olmuşdular.

Gözü dönmüş Malik və Həvazin ordusu üçün məğlubiyyət zamanı idi. Bayaq dağılmış ordu indi nəfəslərini kəsirdi; qaçmaqdan başqa çarələri qalmamışdı.

Bu arada Safvan ibn Ümeyyənin göndərdiyi kölə də geri qayıdıb meydandakı parolun "Ya Bəni Abdirrahman! Ya Bəni Ubeydullah! Ya Bəni Abdullah" olması xəbərini gətirir.

Belə ki, həmin vaxtlar bunlar İslam mücahidlərinin parolu idi. Bunu eşidən Safvan:

– Məhəmməd qalib gəldi, çünki bu, onların döyüş meydanındakı paroludur, – deyib rahat nəfəs alır.