Səhabələr

Həvazindən gələn xəbərlər

Bu qədər dağınıq ordunu nizama salmaq üçün Cüşəm qəbiləsindən yaşı yüzü ötmüş Düreyd ibn Simmə adlı biri nəfəri ordu başçısı seçmək istəsələr də, o, gözlərinin zəif gördüyünü deyib təklifi qəbul etmir. Onun əvəzinə Malik ibn Avf adlı otuz yaşlarında bir gənci qoşun başçısı seçirlər. Ancaq Malik ibn Avf Düreydə böyük rəğbət bəsləyirdi, buna görə də onunla məsləhətləşməmiş qərar qəbul etmək istəmirdi. Bir dəfə Düreyd Malikə:

– Ey Malik – deyir, – sən hal-hazırda ərəbləri bir yerə toplamış, Əcəm və Şamı qorxuya salmış və Hicaz yəhudilərini də yurdlarından çıxarmış çox kərim, əziz insana qarşı döyüşə gedirsən. Unutma ki, Məhəmmədlə müharibən bununla bitməyəcək və mütləq sonrası da olacaqdır!

Təcrübəsiz sərkərdə Malik ona:

– Sabah səni sevindirən hadisəni görəcəksən, – deyə cavab verir. Gözü dönmüş, gəmiləri yandıraraq döyüş meydanına çıxmağı düşünürdü.

Ona yaxınlaşmağı bacaran Rəsulullahın elçisi Hz.Abdullah Malikin belə dediyini eşitmişdi:

– Məhəmməd əslində heç döyüşmədi. Onun qarşılaşdığı insanlar döyüşün nə olduğunu bilməyən təcrübəsiz kimsələrdi, ona görə qalib gəlirdi! Sabah olunca siz heyvanlarınız və qadınlarınızı da götürüb cərgələrə düzülün. Sonra birlikdə hücuma keçərik! Qılınclarınızın qınlarını da qırın. Unutmayın ki, Onu qını qırılmış iyirmi min qılıncla qarşılayacaqsınız! Hamı bir nəfər kimi eyni anda həmlə etsin! Yaxşı bilin ki, qələbə birinci hücum edənlərindir!

Malikin məqsədi bütün qiymətli mal-mülkünü özləri ilə götürən bu adamların qarşısına qalibiyyətdən başqa heç bir seçim qoymamaq idi. Düşünürdü ki, bu insanlar ailə və mülkü qorumaq üçün var güclərini sərf edəcək. Və məhz bunu möminlər qarşısında ən böyük üstünlük hesab edirdi.

Beləliklə, Evtas adlı yerdə qərargah qurulmuş, ordunun toplanması əmri verilmişdi. Buraya gəlib qadınlarla uşaqların səslərini, qoyunların mələşməsini, dəvələrin böyürməsini eşidən Düreyd bu işə qarşı çıxsa da, Malikin israrları nəticə verir və Həvazin ordusu ərazilərində hərəkət edən hər canlıya ümumi hücum qərarını qəbul edir. Qərar Düreydi özündən çıxarır. Malik də onun bu inadından narahat olmağa başlayır.

– O artıq qocalımış, – deyir və məsələni "ya o, ya mən" müstəvisinə çəkib insanların yalnız özünü dinləməsi məsələsində israr edirdi. Nəhayət, onun dediyi olur; xalq sabah ölüb gedəcək bir insanın arxasınca düşməkdənsə, gələcəyi olan gənci – Maliki seçir. Baş verənləri inciklik və üzüntü ilə izləyən yaşlı döyüşçü Düreyd gənclik həsrətini dilə gətirdikdən sonra bir cəhd də edir və Malikə heç olmasa, bir süvari dəstəsi ayırıb dağ başlarına yerləşdirməyi və beləcə gələn müsəlmanlara tələ qurub mühasirəyə salmağı məsləhət görür.

Huneynə doğru

Kəşfiyyat vəzifəsini yerinə yetirib geriyə dönən Hz.Abdullah eşidib-gördüklərini Allah Rəsuluna danışır. Təəssüf ki, gələn xəbərlər doğru çıxmışdı! Göz görə-görə üstlərinə düşmən ordusu gəlirdi və bu xəbəri alan Allah Rəsulu (s.ə.s.) əshabına dönüb döyüşə hazırlaşmağı əmr edir:

– Sabah bizim qərargahımız müşriklərin bir zamanlar əleyhimizə qərar qəbul etdiyi Bəni-Kinanə yurdudur!

Fəthlə rahat nəfəs aldığını düşünən əshab yeni və ağır bir döyüşlə üz-üzə idi. Düşmən Məkkəyə hücum etməmiş müsəlman ordusunu qarşısında görməli və bu döyüş mütləq Məkkədən kənarda baş verməli idi!

Bunun üçün daha çox silaha ehtiyac vardı və Allah Rəsulu (s.ə.s.) Safvan ibn Ümeyyəyə xəbər göndərib onunla görüşür:

– Ya Əba Ümeyyə! – deyir, – düşmənlərimizlə qarşılaşmaq üçün bizə borca silah verərsənmi?

Savfan hələ müsəlman olmamışdı, ancaq Allah Rəsulu (s.ə.s.) onda müsəlman olma potensialı görürdü və bəlkə də, belə önəmli vaxtlarda onunla oturub danışa, birlikdə zaman keçirib İslamın gözəlliklərini göstərə biləcəyi, hal və davranışları ilə qəlbinə sirayət edəcəyi müştərək anları çoxaltmaq istəyirdi! Savfan isə başqa şeylər düşünürdü və:

– Onları bir daha qaytarmamaq şərtilə alırsan? – deyə suala sualla cavab verir.