Səhabələr

Həvazindən gələn xəbərlər

Birdən Allah Rəsulu (s.ə.s.) arxaya dönüb:

– Ey Şeyb! Yaxınlaş, – deyə səslənir.

Bu sözlərdən Şeybə ibn Osmandan başqa heç kim bir şey anlamır; belə ki, Şeybə ibn Osman həmin an Rəsulullahı öldürmək üçün arxadan Ona yaxınlaşırdı. Sağ tərəfdən yaxınlaşmaq istəmiş, Hz.Abbası görüb cəsarət etməmişdi. Sol tərəfdən hücum etmək istəyincə Əbu Sufyanın əlindən fürsət tapa bilməmişdi! Bircə çarəsi qalmışdı: arxadan qəfil hücum edib atasının və əmilərinin qisasını almaq. Ancaq bu vaxt qarşısında şımşək kimi çaxan alovlar yüksəlmiş və qılıncı əlində qalmışdı. Gözlərini əli ilə qapayır və qorxudan  geri addımlayır! Belə ki, heç tanımadığı alaca atlı süvarilər görmüş  və qorxudan içini yemişdi.[6]  Rəsulullaha heç bir zərər verə bilməyəcəyini və bunun da heç kimə müyəssər olmayacağını anlayır. Çünki Allah Rəsulu (s.ə.s.) ilahi inayət altında qorunurdu! Yer üzündə hər kəs müsəlman olsa belə, heç vaxt İslamı seçməyəcəyini düşünən Şeybə ibn Osmana da vədə çatmışdı və onu çağıran Allah Rəsuluna (s.ə.s.) yaxınlaşır. Rəsulullah əvvəlcə mübarək əllərini Şeybənin sinəsinə qoyub:

– Allahım! Şeytanı ondan uzaqlaşdır! – deyə dua edir. Şeybə ibn Osmanın qəlbindəki buzlar əriməyə başlayır. İçində fırtınalar qopurdu və başını qaldıranda artıq Rəsulullahı hər şeydən çox sevdiyini hiss edir! O da öldürmək üçün gəlmiş, amma indi özü yenidən dirilirdi. Rəsulullah (s.ə.s.) yenə səslənir:

– Ey Şeybə! Haydı indi kafirlərlə döyüş!

Bu necə böyüklük, bu necə müsamihə, bu necə etibar idi! Bir anda İnsan sərrafı Könüllər Sultanının əlində daş qəlblər əriyib muma dönmüşdü. Üstəlik bu adamlar Onun müdafiəsi naminə öz köhnə cəbhələrinə qarşı döyüşə atılırdılar!

Həmin gün döyüş meydanında həddini aşanlar da vardı: bəziləri əli qılınc tutan qadınlar və uşaqları da qılıncadan keçirirdilər. Halbuki Rəsulullah daha əvvəl də bir qadının öldürüldüyünü görmüş, səhabələrdən birini Xalid ibn Validin yanına göndərib döyüş olsa belə, qadınlara və uşaqlara toxunmamağı əmr etmişdi. İndi də eyni vəziyyətlə təkrar qarşılaşan Allah Rəsulu (s.ə.s.) dərhal xəbərdarlıq edir: düşmən ordusuna yardım etmək üçün döyüş meydanına gəlmiş olsalar da, məsum insanlara toxunulmasını istəmirdi  və:

– Bu insanlara nə olur ki, düşmənin uşaqlarına çatan kimi onları öldürmək istəyirlər! Diqqətli olun və nəbadə heç kim onların uşaqlarına toxunmasın, – deyir. Bunu eşidən Üseyd ibn Hudayr:

– Ya Rəsulullah, onlar müşriklərin uşaqları deyilmi? – deyə soruşur.

Bununla o, müşrik uşaqlarının sabah müşrik kimi qarşılarına çıxacağına eyham vurur və bəlkə də, gələcək nəsillər üçün Rəsulullahın fikrini eşitmək istəyirdi. Huneyn vadisi yenə də nəbəvi cəlala şahid olur. Cəlalından boyun damarları şişən Rəsulullah:

– Sizin ən yaxşılarınız da müşriklərin övladları deyilmi? – buyurur. Sözlər sarsıdır onları, çünki orada atası müşrik olaraq vəfat edən neçə-neçə öndər səhabə vardı. Allah Rəsulu əlavə edir:

– Dünyaya gələn hər bir insan tərtəmiz fitrətlə doğular, dil açana qədər də pak qalar. Onu Xristian və ya Yahudi edən isə ata-anasıdır!

Allah Rəsuluna xəbər gətirirlər ki, böyük qəhrəmanlıq göstərən bir döyüşçü yaralanıb.

Rəsulullah: "O, cəhənnəm əhlindəndir," – buyurur. Ürəklərinə şübhə dolur: savaş meydanında bu qədər qəhrəmanlıqlar göstərən bir adam necə cəhənnəmlik ola bilərdi?!  Ancaq bunu Rəsulullah (s.ə.s.) söyləyirdisə, demək ki, bir mənası vardı. Uhud günü intihar edən Quzmanı xatırlayırlar. Bu adam da Quzman kimi ağrılara dözməyib sadağından çıxardığı oxu qarnına sancmışdı. Xəbəri bir göz qırpımında Rəsulullaha çatdırırlar. Allah Rəsulu  hüzuruna çağırdığı Hz.Bilala "Cənnətə yalnız möminlər girəcək! Unutmayın ki, Allah (c.c.) bu dini  günahkar bir adamla da qüvvətləndirər" sözlərini elan etdirir.

Artıq Həvazin ordusunun kitabı bağlanmışdı; qoşun başçısı Malik ibn Avf bəzi adamları ilə qaçıb Taifə sığınmaq məcburiyyətində qalmış, arxada qalanlar müsəlmanlara əsir düşmüşdülər. Eyni zamanda Huneyn vadisi qızıl dəvə, qoyun sürüləri və digər heyvanlarla dolu idi. Bunlara şahid olan və indiyə qədər tərəddüd keçirən məkkəlilərin əksəriyyəti döyüş vaxtı gördükləri ilahi inayət və Allah Rəsulunun zəfəri qarşısında təsirlənib müsəlman olacaqdılar! Belə ki, Allah naminə vuruşan süvarilər Lat və Uzza yolunun yolçularına qalib gəlmiş, onlara ağlasığmaz məğlubiyyət yaşatmışdılar!

Əsir və qənimətlər

Artıq döyüş bitmiş, qaçan qaçmış, çoxlu insan da əsir alınmışdı. Ailə və bütün var-dövlətləri ilə Huneynə gələn həvazinlilər böyük bir sərvət qoyub getmişdilər. Döyüş meydanında toplanmış mallar arasında iyirmi dörd min dəvə, qırx mindən çox qoyun və təqribən dörd min uqiyyə civarında gümüş vardı! Altı min də əsir alınmışdı və Allah Rəsulu (s.ə.s.) yenə də əshabına qadınlara toxunmamağı tapşırmışdı. Onların payına düşən bir əsir olsa da, hamilə qadınlara övladını dünyaya gətirənə və müəyyən müddət keçənə (istibrai-rahim) qədər yaxınlaşmağı qadağan etmişdi. Çünki həmin gün gələn Cəbrail də eyni mövzuda xəbərlər gətirib Allah Rəsuluna bundan sonrakı fəaliyyətlər haqqında məlumatlar çatdırmışdı.[7] Əsirlərlə bağlı işləri Əbu Sufyana[8] tapşıran Allah Rəsulu (s.ə.s.) qənimət mallarına aid işlərin başına da Məsud ibn Amrı təyin edir. Ələ keçən bütün qəniməti Ciranəyə daşımağı və özü geri qayıdana qədər heç bir müdaxilə etməməyi tapşırır. Əshabına müraciət edərək:

– Ey insanlar, Allahın sizə qənimət kimi bəxş etdiyi malların beşdə birindən əlavə bir iynə qədərini belə götürmək Mənə halal deyil. Beşdə biri də yenə sizə qayıdır! Ona görə də əlinizdə qənimət malından bir iplik və ya bir iynə – nə varsa, hamısını gətirin. Əsla hesabınıza qənimət malı yazmayın, çünki o, bunu edən üçün qiyamət günündə böyük bir xəcalətə səbəb olacaq! – buyurur.

Rəsulullahın (s.ə.s.) bu sözlərini eşidənlər Xeybərdəki xəbərdarlığı xatırlayır və bölgü həyata keçirilməmiş qənimət malından bir iynə belə götürməkdən çəkinirlər. Ancaq əsgərlərin içində həmin xəbərdarlığa şahid olmayanlar da vardı və kiçik də olsa, bəzi əşyaları özlərinə götürmüş, bunu öz şəxsi haqları bilirdilər. Hz.Əlinin qardaşı Uqayl da onlardan biri idi. Xanımının yanına qayıdanda qılıncından qan damırdı. Arvadı ondan:

– Aydındır ki, bu gün müşriklərlə döyüşmüsən. Bəs onlardan nə qənimət gətirmisən? – soruşur.

Uqayl əlindəki iynəni ona uzadıb: "Bununla sökükləri tikə bilərsən," – deyir. Ancaq bir azdan bayıra çıxınca carçının səsini eşitmiş, sanki, yuxudan oyanmışdı: çünki carçı iynə-sap olsa belə, bölgü aparılmadan götürülən malların geri qaytarılmasını elan edirdi! Səhabə həssaslığı ilə dərhal xanımının yanına qayıdır:

– Vallah, sənin bu iynən də əlindən çıxdı, – deyib iynəni xanımından alıb geri qaytarır.

Taif

Yenilən pəhləvan güləşdən doymurdu: Huneyndən qaçanlar Taifə sığınmış və qalaların qapılarını bağlayaraq yenidən toplanıb Allah Rəsulu (s.ə.s.) və müsəlmanların üzərinə hücum çəkməyə hazırlaşırdılar. Bilirdilər ki, müsəlmanlar gec-tez bundan xəbər tutub gələcəklər. Mühasirəyə alınmaq qorxusu ilə bir illik ərzaq ehtiyatı və tapa bildikləri hər cür silahı içəri yığmışdılar. Başqa qəbilələrdən də kömək istəmiş və buna qismən nail olmuşdular!

Hər şey göz qabağında idi və xəbərləri isti-isti alan Allah Rəsulu (s.ə.s.) üzünü əshabına tutub hədəfin Taif olduğunu göstərir. Xalid ibn Vəlidi min nəfərlik qoşunun başında öncül qüvvə kimi göndərir.

Taiflilər qalalarına sığınmış və bayırda bir bəni-adəm qalmamışdı. Qalanın qarşısına qədər gələn Hz.Xalid əvvəlcə ətrafı nəzərdən keçirir. Ancaq heç kimə rast gəlmir. Bunu görub qalanın qapısına yaxınlaşır və uca səslə deyir:

– Biriniz aşağı düşsün, onunla danışım. Arxayın olun ki, geri dönənə qədər təhlükəsizliyi təmin olunacaq. Və ya siz mənim təhlükəsizliyimə təminat verin, yanınıza gəlim orada danışaq!

Qaladan cavab gəlir:

– Nə bizdən biri gəlib səninlə danışacaq, nə də sənin buraya gəlməyinə izin verəcəyik! Ey Xalid! Dostunuz bu günə qədər biz istisna olmaqla döyüşə bilməyən insanlarla qarşılaşdı!

Bu açıq-aydın meydan oxumaq, "hələ bir gəlsin, savaş necə olur görsün" demək idi. Gözlərini kin, nifrət örtmüş, sabahlarından bixəbər idilər.

Buna görə də Hz.Xalid əvvəlcə nəsihət etməyi düşünür:

– Sözlərimə qulaq asın və məni yaxşı-yaxşı dinləyin! Rəsulullah möhtəşəm Yəsrib və Xeybər qalalarında neçə-neçə qəbiləni mühasirəyə aldı, Fədəkə sadəcə bir adam göndərdi və onlar da Onun hökmünə tabe olmaq məcburiyyətində qaldılar. Bəni-Qureyzənin başına gələnlərin başınıza gəlməməsi üçün sizə xəbərdarlıq edirəm! Rəsulullah onları günlərlə mühasirədə saxladı və nəticədə onlar da Onun hökmü ilə razılaşmağa məcbur oldular. Kim döyüşmüşdü, cəzasını aldı, arvad-uşaqları da əsir düşdü! Daha sonra Məkkəyə girdi və onu da fəth edib xalqını diz çökdürdü. İndi də Həvazinin üstünə hücum edib onlara da boyun əydirdi. Siz elə vəziyyətdəsiniz ki, hətta O, sizi sərbəst buraxsa belə, ətrafınızdakı insanlar sizi rahat buraxmaz və hamınızı qılıncdan keçirərlər!

Onlar bu qədər açıq və səmimi nəsihətə cavabən:

– Biz heç vaxt dinimizi buraxmarıq, – deyir və döyüşdən başqa alternativ düşünmədiklərini açıq-aşkar bəyan edirlər. Bütün bunlardan sonra Xalid ibn Vəlid də geriyə – qərargahına qayıdır.