Səhabələr

Həvazindən gələn xəbərlər

– Bəli doğrudur, – deyir Allah Rəsulu (s.ə.s.), – onu Mən söylədim!

– Yəni onlara qarşı döyüşməyə  izin yoxdurmu? – deyə yenidən sual edir Hz. Ömər:

– Xeyr, – buyurur Rəsulullah.

– Onda geri qayıtmaq üçün  insanlara səslənim? – deyə Hz.Ömər izin istəyir.

– Bəli! – Allah Rəsulu cavab verir.

Bir hadisə baş verirdi ki, heç kim bundan xəbərdar deyildi. Allah Rəsulu əshabına sabah erkən mühasirəyə son qoyacağını və geri çəkiləcəklərini bildirir. Bu vəziyyət bəzilərinə çox ağır gəlmişdi. Üzə-üzə sahilə qədər gəlmişdilər, amma indi heç bir səbəb olmadan mühasirədən əl çəkəcək və əliboş geri qayıdacaqdılar! Bəziləri:

– Yəni buranı fəth etmədən geri qayıdacağıq? – deyə soruşur və Taifi fəth etmədən geri qayıtmayacaqlarını söyləyirdilər.[11] Buna baxmayaraq, Allah Rəsulu əshabına minik dəvələrini buraxmamağı və sabah erkən geri dönəcəklərini elan etməkdə davam edir.

Hz.Cabir kimi insanlar səhər olunca dəvəsinə minən Rəsulullaha yaxınlaşıb günlərdir, onlara əzab-əziyyət verən və bəzi səhabələrin də şəhadətinə[12] səbəb olan Saqif xalqı üçün bəddua etməsini istəyir, ancaq Peyğəmbərimiz bu istəklərə müsbət cavab vermir. Əksinə üzünü Taif qalalarına tutan Allah Rəsulu  əllərini açıb:

– Allahım! Saqiflilərə də hidayət nəsib et və onların dolanışığını yaxşılaşdır. Onları da aramıza gətir, – deyə dünənə qədər döyüşdüyü insanlara dua edir. Əshabının da bunu deməsini istəyirdi:

– O Allah ki özündən başqa ilah yoxdur və şəriki də ola bilməz, vədini yerinə yetirmiş, verdiyi sözü gerçəkləşdirmişdir. Quluna da yardım edib ordusunu əziz edərək Əzhab qoşununu da təkbaşına məğlubiyyətə uğratmışdır!

Yola düşüb Ciranəyə doğru irəliləyərkən də onların:

– İndi biz geri dönürük, inşallah, bizlər tövbə edənlərik və Rəbbimizə qulluqla təmənnada durur, həmd ilə iki büküm oluruq, – deyib niyaz etməsini istəyir.

Dönüş yolunun səmərələri

Taifdən Ciranəyə doğru güzərgah olaraq Dəhna, Qarnül-Mənazil və Nəhlə istiqamətini seçmişdi Allah Rəsulu (s.ə.s.). Səhabələr hər addımda yeni şeylər öyrənir və qarşıya çıxan hər məsələ din naminə yeni bir tətbiqat mənasına gəlirdi. Həyatın hər sahəsini bilən Allah Rəsulunu həssaslıqla izləyən səhabələr görüb eşitdikləri məsələlərin detallarını yaxşıca mənimsəyir, bu gözəllikləri başqaları ilə bölüşür, bunları özləri üçün də vazkeçilməz bir əsas kimi qəbul edirdilər. Yolçuluq zamanı səhabə Əbu Ruhmun dəvəsi Rəsulullahın (s.ə.s.) dəvəsini sıxışdırmış və ayağındakı sərt çəkmələr Rəsulullahın baldırına xətər yetirmişdi. Buna görə Əbu Ruhma dönən Allah Rəsulu (s.ə.s.):

– Ayaqlarını çək, canımı incidir, – demiş və qırmancla Əbu Ruhma yüngülcə toxunmuşdu.

Əbu Ruhmun ürəyi ağzına gəlmişdi. Keçmiş-gələcək günahlarını düşünür, haqqında bir ayə gələcəyindən qorxurdu. Ciranəyə çatanda Əbu Ruhm dəvələri otlatma növbəsi olmadığı halda, xəcalətindən onları sürüb otlamağa aparır. Rəsulullahın da onu axtarmasından xəbəri yox idi! Xəbər ona gəlib çatanda qorxduğu işin baş verdiyini düşünüb daha da təlaşlanır  və ürəyi titrəyə-titrəyə hüzura gəlir. Onu görən Allah Rəsulu:

– Sən Mənim ayağımı əzmiş və Mən də əlimdəki qamçı ilə səni incitmişəm. Mənim o vurmağımın əvəzi olaraq bu qoyunları al, – buyurur və Əbu Ruhma qamçı ilə yüngülcə vurmasının əvəzinə səksən qoyun verir.

Əbu Ruhm rahat nəfəs alır: heç gözləmədiyi halda, ehsana layiq görülmüşdü. Halbuki onun üçün Rəsulullahın narazı qalmaması dünya və dünya nemətlərindən daha əziz idi. Demək, bir müsəlman qul haqqı məsələsində bu qədər həssas olmalı, qardaşının halal etməsi üçün belə səy göstərməli idi.

Yolçuluq davam edir. Elə Ciranəyə çathaçatda bir nəfərlə qarşılaşırlar. Əshab Allah Rəsuluna yaxınlaşmasın deyə onu karvandan uzaqlaşdırmağa çalışır, bir yandan da kim olduğunu soruşur. Nəhayət, gələn adam barmağının ucundakı məktubu havaya qaldırıb Allah Rəsulunun da eşidə biləcəyi səslə:

– Mən Süraqa übn Cüşumam. Bu da məktubumdur,[13] – deyə çığırmağa başlayır. Səsi Rəsulullah da eşidib:

– Bu gün vəfa və yaxşılıq günüdür, onu Mənim yanıma gətirin, – buyurur. Hüzura yaxınlaşan Süraqa əvvəlcə Allah Rəsuluna salam verir və sonra da gətirdiyi zəkat mallarını təqdim edir. Ardınca da: "Ya Rəsulullah", – deyir, – "əgər sahibsiz dəvələr gəlib öz heyvanlarım üçün ayırdığım hovuzdan su içər və istifadə edərsə, bundan mən də mükafat əldə edərəmmi?"

– Bəli, – buyurur Allah Rəsulu, – susayan hər ciyərli canlıya su verməkdə savab vardır.