Səhabələr

Həvazindən gələn xəbərlər

Bu razılıq əlaməti idi, amma Allah Rəsulu üçün hələ kifayət deyildi. Buna görə də daha da incəliklərə varır:

– Vallah, istəsəniz: "Sən qovulub bizə gəldin, biz Səni öz himayəmizə götürdük! Sən bizim yanımıza möhtac vəziyyətdə gəldin, biz Sənə kömək etdik! Sən bizə qorxu və əndişə içində gəldin, biz Sənə sahib çıxıb təhlükəsizliyini təmin etdik! Sən bizim yanımıza tərk edilmiş olaraq gəldin, biz Sənə dəstək verdik və yenə Sən bizə inkar edilərək gəldin, biz Səni təsdiq etdik!" – söyləyə bilərsiniz! Bu vəziyyətdə həm doğrunu söyləmiş olarsınız, həm də Mən bunu təsdiq edərəm!

Boynubükük ənsar:

– Minnət Allah və Rəsulundandır, – deyir, başqa bir şey söyləmirdi.

– Yaxşı əgər belədirsə, sizdən eşitdiyim sözlər nədir? – deyə soruşur Allah Rəsulu. Yenə də susurlar! O isə cavab gözləyirdi və sualı təkrar edir:

– Yaxşı əgər belədirsə, sizdən eşitdiyim sözlər nədir?

Yeni bir səhvə yol verməkdən çəkinirdilər. Öndər səhabələrə dikilir gözlər! Rəsulullaha onların cavab verməsini istəyirdilər. Buna görə də ənsarın öncülləri irəli çıxaraq:

– Bizim öncüllərimizə gəlincə onlar heç vaxt belə bir şey söyləməmişlər! Bunu deyənlər yalnız bığ yeri yenicə tərləmiş gənclərimizdir. Onlar da: "Allah Rəsulullahı bağışlasın! Qureyşə verir, amma bizi yada salmır! Halbuki onların qanı hələ də qılınclarımızdan damlayır!" –  demişdilər!

İndi növbə strategiyanı yaxın çevrəyə söyləməyə gəlmişdi. Rəsulullah qənimətlər məsələsində belə davranılma səbəbini izah edəcək, onların da qəlbinə yol tapacaqdı! Şəfqət dolu baxışlarla ənsarı süzən Allah Rəsulu (s.ə.s.) deyir:

– Həqiqətən, qureyşlilər çətinliklərdən yeni qurtulmuş və cahiliyyə dövrünü buraxıb İslama yenicə gəlmişlər. Əlbəttə, Mən onların küskünlüyü aradan qaldırıb, qəlblərini İslama isindirmək istədim! Yoxsa, ey ənsar camaatı, siz hələ yeni müsəlman olmuş bir qövmə qəlblərini fəth etmək üçün verdiyim dünya malına görə Məndən inciyib qara fikirlərəmi qapılırsınız?  Halbuki Mən sizi Allahın sizin üçün bölgüsünü buyurduğu İslamla baş-başa buraxaraq bunu etmək istəmişdim. Ey ənsar topluluğu! İnsanlar öz yurdlarına qoyun-dəvə ilə dönərkən siz evinizə Rəsulullahla getməyə, yurdunuza Onunla dönməyə razı deyilsinizmi? Vallah, sizinlə birlikdə geriyə dönən şey onların özləri ilə apardıqlarından olduqca xeyirlidir! Allaha and içirəm ki, bütün insanlar bir yolla getsə və ənsar da başqa bir yol tutsa, şübhəsiz, Mən heç tərəddüd etmədən ənsarın tutduğu yolu seçərdim! Çünki siz Mənim çevrəmin insanlarısınız, onlar isə bu məqamı mənimsəməmiş insanlardır! Mənim üçün ənsar ən seçilmiş və ən təmiz insanlardır! Əgər hicrət olmasaydı, Mən də ənsardan bir fərd olardım! Allahım! Sən ənsara mərhəmət et, onların övladlarına mərhəmətinlə davran!

Bu qədər səmimi cümlələri dinlədikcə riqqətə gəlib göz yaşı tökən ənsar:

– Biz bölgüdən payımıza düşəni Allah Rəsuluna verməyə can-dildən razıyıq, – deyir. Bir dünya malı üçün Rəsulullahı bu qədər üzdüklərinə o qədər peşman olurlar ki, ağlamaqdan saqqalları islanır, gözləri qıpqırmızı qızarır!

Hətta o gün Allah Rəsulu Bəhreyn tərəfdən əldə edilmiş bir qəniməti onlara vermək istəyir, onlar da:

– Səndən sonra bizim dünya nemətinə ehtiyacımız yoxdur, – deyirlər! Bu yerdə Allah Rəsulu onlara:

– Şübhəsiz ki, Məndən sonra da mal-mülk məsələsində başqalarının sizdən üstün tutulmasına şahid olacaqsınız. Ancaq siz hovzumun  başında Mənimlə görüşəcəyiniz ana qədər canınızı dişinizə tutub səbir edin, – deyə tövsiyə  edir!

Müəllefeyi-qulubdan sonra növbə başlanğıcdan Peyğəmbərimizlə çiyin-çiyinə çarpışan səmimi insanlara gəlmişdi. Təbii ki, qoyun və dəvələrlə əsgərlərin sayı ortaya qoyulmuş və nəticədə hər bir piyadaya dörd dəvə ilə qırx qoyun, süvarilərə isə on iki dəvə ilə yüz iyirmi qoyun pay düşmüşdü.  Döyüşdə birdən çox atla gələnlər üçün ayrıca hissə ayrılmamış və beləliklə, səhabələr uzun müddət gözlədikdən sonra sərvətlə geri dönüşün həyacanını yaşamağa başlamışdı!

Ciranədən hərəkət

Məkkənin fəthindən səksən gündən çox keçmişdi. On üç günlük Məkkə yolçuluğu da nəzərə alınsa, Allah Rəsulu üç aydan çox idi Mədinədən ayrılmışdı. On üç gün idi ki,  Ciranədə idi. Zilqədə ayının bitməsinə on üç gün vardı və bir çərşənbə axşamı vadinin aşağı tərəfində yerləşən məsciddə ehrama girərək Məkkənin yolunu tutur. Kəbəyə gəlib onu təvaf edəcəkdi!

Beləcə Kəbəyə gəlir və təvafını piyada tamamlayır. Daha sonra Səfa ilə Mərvə arasındakı sayını (Həcc və ya ümrədə Səfa ilə Mərvə arasında üsuluna görə yeddi dəfə gəlib getməkdir) da edib saçlarını təraş etdirməklə ümrə vəzifəsini bitirir və həmin gecə yenidən Ciranəyə yönəlir. Fəth günü müsəlman olan gənc Attab ibn Əsidi Məkkədə əmir təyin edir, Muaz ibn Cəbələ də insanlara İslamı təlim etmək tapşırığı verir. Səhərə yaxın çatdığı Ciranəni ertəsi gün tərk edib Mədinə istiqamətində hərəkətə başlayır. Ciranə vadisindən hərəkət edən Allah Rəsulu (s.ə.s.) Sərəf və Mərriz-Zəhran yolu ilə irəliləyir və zilqədə ayının bitməsinə üç gün qalmış Mədinəyə çatır. Məkkəni fəth etmək məqsədi ilə Mədinədən çıxdığı günlə Mədinəyə qayıtdığı gün təqribən üç aya yaxın bir zaman kəsimini əhatə etmişdi.[15] Bu müddətdə Məkkəni fəth etmiş, Taifi mühasirəyə almış, Taifin inaddan əl çəkib təslim olacağı günədək sülh qapılarını açıq qoyub geri dönmüşdülər. Ən əhəmiyyətlisi də o idi ki, hər fürsətdə Mədinəni istila etməyi düşünən məkkəlilər başda olmaqla minlərlə insan Müsəlmanlığı qəbul etmiş, Allah Rəsulu ilə birlikdə səfərə qatılanlar da böyük qənimətlərlə geri dönmüşdülər!

Uzun ayrılıqdan sonra Mədinəyə girən Allah Rəsulu hər zaman olduğu kimi, yenə də birbaşa  məscidinə – Məscidi-Nəbəviyə gedəcək və öncə Rəbbinə qulluqla şükrünü izhar edəcəkdi.

Bir  ziyarət və  gələcəyə açılan yeni bir qapı

Rəsulullah o gün səadət yuvasına dönməzdən əvvəl Fatimənin qapısını döyür, görünür, uzun sürən ayrılığın həsrətinə son qoymaq istəyirdi.

Qapını açan Fatimə atasını qarşısında görüncə çox həyəcanlanır, həsrətlə Rəsulullahı süzür. Bir müddət donub qalır, özünə gəlincə Atasının mübarək əllərinə qapanır. Onları doyunca öpmək istəyirdi. Ancaq həsrətə su səpməyə bu da bəs deyildi və boynuna sarılıb hıçqırtı ilə ağlamağa başlayır. Vüslətin sevinci göz yaşlarına çevrilir, yanaqlardan inci damlaları süzülür! Allah Rəsulu (s.ə.s.) təsəlli verir sevimli qızına.

– Niyə ağlayırsan, ey Fatimə! – deyə soruşur. Hıçqırtılar boğazında düyümlənir, cavab verə bilmirdi! Bir xeyli özünü toplamağa çalışır və nəhayət:

– Tab gətirə bilmədim, ya Rəsulullah, – deyir, – çünki görürəm ki, çox əziyyət çəkmisən. Saçın-başın qarışıb, toz-torpaq içindəsən! Üzünün rəngi solmuş və əynindəki paltar da dağılıb, dözə bilmədim, ya Rəsulullah!

Peyğəmbərimizin zahirinə baxıb qiymət verirdi. Ancaq Allah Rəsulu onun görmədiklərini də görürdü. Buna görə də bir tərəfdən qızının başını sığallayıb təsəlli verir, digər yandan da deyir:

– Ağlama, qızım, ağlama! Çünki Allah sənin atanı elə bir məqsədlə göndərdi ki, gün gələcək, bu dava gecə və gündüz kimi yer üzünü örtəcək. Yer üzündə daşdan və kərpicdən tikilmiş elə bir ev qalmayacaq ki, ora girməsin! Dəvə tükündən, qoyun yunundan və keçi qılından hörülümüş elə bir çadır olmayacaq ki, içinə ayaq açmasın!

Qışda baharı görmək, gecənin qaranlığında gündüzün aydınlıq ritmini tutmaq kimi idi bunlar...Çünki Rəsulullah ən sıxıntılı anlarda gözünü gələcəyin aydınlığına dikib danışırdı! Eyni zamanda, Onu dinləyənlər bunları hədəf kimi götürür və Üsaməyə həvalə etdiyi, edəcəyi əmanəti "hər bir ev və çadıra çatdırın" bəyanını ehtiva edirdi!


[1]. Bu müddətin on səkkiz, on yeddi, on beş və on gün olduğunu da rəvayət edən səhabələr var. Ehtimal olunur ki, bu fərqlər giriş və ya çıxış günlərinin sayılmaması ilə bağlıdır. Ən dəqiq rəvayətdə on doqquz gün göstərilir. Bax: Salihi, Sübübül-Hüda ver-Reşad, 8/231
[2]. Başqa bir rəvayətdə dörd yüz göstərilmişdir. Bax: İbn Hazim, Cevamius-Sire,1/238; Salihi, Sübülül-Hüda ver-Reşad, 5/312
[3]. Bir rəvayət də var ki, ramazanın qurtarmasına iki  gün qalmış yola düşürlər. Çox güman ki, ramazanın son günlərində hazırlıqlar başlamış, şəvval ayının altısı da hərəkət etmişdilər. Bax: Vakidi, Megazi, 1/889; Salihi, Sübübül-Hüda ver-Reşad, 5/346
[4]. Bu rəqəmin on iki min olduğu da söylənilir. Ancaq Allah Rəsulu Mədinədən (Məkkəni fəth etmək üçün) on minlik ordu ilə hərəkət etmiş, bu rəqəm yol boyu Ona qatılanlar sayəsində on iki minə çatmışdı. Məkkənin fəthi ilə iki min nəfər də orduya qatılmış, ordunun sayı on dörd minə yüksəlmişdi. Bax: İbn Kesir, Sire, 3/615, el-Bidaye ve’n-Nihaye, 4/371; Salihî, Sübülü’l-Hüdâ ve’r-Reşad, 5/314
[5]. Bax: "Tövbə" surəsi, 9/25, 26, 27
[6]. Rəvayət olunur ki, Allah Rəsulu gördüklərini danışan Şeybəyə: "Ey Şeybə! Onları yalnız kafir olanlar görür!" – demiş və Şeybə ibn Osman da bundan sonra müsəlman olmuşdu. Bax: İbn Kesir, Sire, 3/632, el-Bidaye ven-Nihaye, 4/381; Zehebi, Tarihul-İslam, 1/325
[7]. Bax. "Nisa" surəsi, 4/24
[8]. Əsirlərin Büdeyl ibn Vərqa adlı səhabəyə də tapşırıldığı bildirilir. Bax: Belazuri, Ensabul-Eşraf, 1/161
[9]. Saqiflilər özləri müsəlman olduqdan sonra o gün azadlığa qovuşan kölələri geri istəyəcək, Peyğəmbərimiz (s.ə.s.) də: "Onlar Allahın azad insanlarıdır. Sizin onları yenidən kölə etməyiniz mümkün deyil!" – buyuracaq və bir dəfə azadlığı dadmış bu insanların yenidən kölə olmasına izin verməyəcəkdi. Bax: Vakidi, Megâzî, 1/932; Zeylaî, Nasbu’r-Râye, 3/280; İbn Kesir, el-Bidâye ve’n-Nihâye,  4/398, Sîre, 3/657
[10]. Taif mühasirəsinin on gecədən çox, on beş və iyirmi gün ilə iyirmi gündən çox, otuz və ya qırx gecə davam etməsinə dair müxtəlif məlumatlara rast gəlinir. Ehtimal ki, bu fərqlər Taif müharibəsinin Məkkənin fəthi və Huneynin davamı olmasından və bu məlumatı verənlərin hər birinin özü qatıldığı vaxtı əsas götürməsindən irəli gəlir. Bax: Salihi, Sübülül-Hüda ver-Reşad, 5/388
[11]. Hətta "Buranı fəth etmədən geri dönmərik," – deyən bir dəstəyə Allah Rəsulu: "Onda haydı savaşın!"–  buyurur və onlar da böyük bir həvəslə döyüşə başlayırlar. Ancaq məsələ heç də gözlədikləri kimi olmur. Saqiflilər uğurla müdafiə olunur və hücuma keçənlərə ağır tələfata uğradırlar. Peyğəmbərimiz təbəssümlə baxır və mühasirədən çəkilmək tələbini təkrar edir. Digər mühasirə tərəfdarları da bundan əl çəkərək tələbi dərhal yerinə yetirirlər. Bax: Buhârî, Sahîh, 4/1572 (4070), 5/2259 (5736), 6/2719  (7042); Müslim, Sahîh, 3/1402 (1778); Said b. Mansûr, Sünen, 2/360 (2863); İbn Ebî Şeybe, Musannef, 7/410 (36952)
[12]. Taif mühasirəsində Urfuta ibn Hubab, Yezid ibn Zəma, Abdullah ibn Əbi Bəkir əs-Sıddıq (Hz.Abdullah mühasirə zamanı aldığı yaradan Mədinədə vəfat etmişdi), Abdullah ibn Əbi Ümeyyə, Saib ibn Haris və ya Abdullah ibn Haris, Güleyxa ibn Abdillah, Sabit ibn Cəza, Haris ibn Səhl, Münzir ibn Abdillah və Ruqaym ibn Sabit olmaqla cəmi on bir nəfər şəhid edilmişdi. Bax: Sâlihî, Sübülü’l-Hüdâ ve’r-Reşâd, 5/388-389. İbn Hişâm on iki nəfər şəhid olduğunu göstərir. Bax: İbn Hişâm, Sîre, 5/159-160
[13]. Xatırladaq ki, Hz.Süraqa Allah Rəsulunu başına qoyulan mükafatı almaq məqsədilə Onu arxadan təqib edən və müsəlman olaraq geri qayıdan şəxs idi və əlindəki məktubu da o gün Rəsulullahdan almışdı. Bax: İbn Kesir, el-Bidâye ve’n-Nihâye, 5/373, Sîre, 4/691; Sâlihî, Sübülü’l-Hüdâ ve’r-Reşâd, 5/389
[14]. Sayca əlli civarında olan bu insanlar və onlara verilən pay haqqında bax: Sâlihî, Sübülü’l-Hüdâ ve’r-Reşâd, 5/396 və b.
[15]. Bu müddətin iki ay on altı gün olduğu söylənilsə də, Rəsulullahın Mədinədən ramazan ayının on üçündə yola çıxdığını və Zilqədə ayının bitməsinə üç gün qalmış geri qayıtdığını nəzərə alanda aydın olur ki, bu müddət təximinən səksən dörd gün olmuşdur.