Səhabələr

Ən öndəkilər

Allah Rəsulu bir bazar ertəsi namaza durmuş, bütün varlığı ilə Rəbbinə yönəlmişdi. Həmin günün axşamı Rəsulullahın (s.ə.s.) arxasında səf bağlayan şəxs isə Hz. Xədicə idi.[1] Allah Rəsulu Cəbrailin öyrətdiyi dəstəmazı və namazı ilk dəfə ona söyləmiş, o da ilk dərsini şəxsən Rəsulullahdan alaraq ilk namazını Onunla qılırdı. Beləliklə, dünyanın cəhalətə qurban getdiyi bu dövrdə aləmin üzünü güldürəcək bir “ilk hərəkat” başlayırdı.

Artıq Hz. Xədicə də Peyğəmbərimizin sadiq bir vəziri kimi idi; nə vaxt çətin vəziyyətlə qarşılaşsa, Onun yanına gələr və Ona təsəlli verərdi. İmkan daxilində həmişə yanında olmağa çalışacaq və yoluna çıxan bütün maneələri bir-bir dəf etməyə  cəhd göstərəcəkdi.

Dəstəmaz və namaz

Çox keçmədən Cəbrail gəlir, Allah Rəsuluna dəstəmazı və namazı öyrədir. Belə ki, Sevgili Peyğəmbərimiz (s.ə.s.) Məkkənin yuxarı tərəflərinə gedərkən Vəhyin Əmin Elçisi Cəbraili yanında görür. O, vadinin bir kənarında ayağı ilə yeri eşələyirdi. Bir müddət sonra buradan bir bulaq fəvvarə vurur. Həmin sudan əvvəlcə Cəbrail dəstəmaz alır. Allah Rəsulu (s.ə.s.) dəstəmazın necə alındığını öyrənmək üçün Cəbrailə  tamaşa edir. Sonra O da Cəbrailin göstərdiyi kimi dəstəmaz alır. Növbə namaza çatır. Əvvəlcə Cəbrail, sonra da Rəsulullah namaza durur.