Səhabələr

Həvazindən gələn xəbərlər

Məkkənin fəthindən on doqquz gün keçmişdi.[1] Məkkədə qalmaq niyyəti yox idi, bu səbəbdən namazları da qısaldaraq qılırdı. İdarəetmə işlərini quracaq və geri qayıdacaqdı. Ancaq belə olmur: Həvazın istiqamətindən yaxşı xəbərlər gəlmirdi.

Gələn xəbərlərin doğruluğunu dəqiqiləşdirmək məqsədilə Abdullah ibn Əbi Hadrəd adlı səhabəni:

– Get və onlardan bir xəbər gətir, – deyib Həvazinə göndərir. Abdullah ibn Əbi Hadrəd onların yurduna qədər gedib bir müddət orada qalacaq, vəziyyəti öyrənib geri qayıdacaqdı!

Peyğəmbər əmrini alar-almaz yola düşən Hz.Abdullah Həvazinə çatdığı zaman Həvazinin, həqiqətən, ciddi şəkildə döyüşə hazırlaşdığını görür və daha çox məlumat toplamaq üçün bir-iki gün onların arasında qalır. Həvazində fitnə qazanı çoxdan qaynamışdı. Məkkənin fəthi ilə bərabər Allah Rəsulunun onların üzərinə də hücum edəcəyini düşünən Həvazin və Saqif qəbilələri bir-biri ilə danışıqlar aparmağa başlamış və:

– İndi növbə bizə çatdı! Üstümüzə  hücum etməsinə heç bir əngəl qalmayıb. Ən yaxşısı, birləşib onların üstünə hücum edək və buna son qoyaq! Çünki vallah, Məhəmməd bu günə qədər döyüş bilməyən insanlarla vuruşdu. Haydı, ordunu hazırlamağa başlayın. O, bura gəlmədən, biz Onu qabaqlayaq! – deyirdilər.

Əslində, hazır idilər, təqribən bir il idi bu anı gözləyir və digər qəbilələrdən də dəstək almağa çalışırdılar. Sadəcə Məkkənin fəthi o günə qədərki hazırlıqları sürətləndirməyin "vacibliy"ini göstərirdi və onlar da belə edəcəkdi.

Həvazinlər qısa vaxtda Saqif, Nasr və Cüşəm qəbilələrini də inandırmış, hamısının dəstəyini alıb geri dönmüşdülər. Sad ibn Bəkir və Bəni-Hilal qəbilələri onlara güclü dəstək vermir. Bu zaman həmçinin Həvazinin qəbiləsinin öz içindən Kab və Kilab boyları:

– Vallah, siz lap şərqdən qərbə hər kəsi özünüzlə götürüb Məhəmmədin üstünə getsəniz də, O, yenə də qalib gələcəkdir, – deyib Həvazinin elçilərini qovmuş, bu çağırışa məhəl qoymamışdılar.