Səhabələr

İslamın xoşgörü zəmini

Hz.Ömər:

– Ya Rəsulullah! – deyir, – insanların əlində ehtiyat baxımından bir qədər azuqə olması hər zaman daha yaxşıdır. Çünki axır vaxtlar dəvələr əməlli-başlı zəifləyiblər! Lakin ya Rəsulullah, onların azuqələrindən artıq qalan hissəni istə və onların hamısı bir yerə yığılsın. Sən də Hudeybiyyədən dönərkən olduğu kimi, yenə bərəkət üçün Allaha dua et. Allah o vaxtkı kimi belə bir diləyə yenə bərəkət ehsan edər, inşallah!

Ehtiyatlı yanaşma idi və Allah Rəsulu (sallallahu əleyhi və səlləm) bu istəyi müsbət qarşılayır. İndi bunu insanlara çatdırmaq lazım idi. Tezliklə Təbukda carçı car çəkir, hər kəsi nə azuqələri varsa, Rəsulullahın hüzuruna gətirməyə çağırırdı!

Çox keçməmiş, hər kəs əlinə keçəni gətirməyə başlayacaq və ortada yığılmış üç topa azuqə Rəsulullahın duası, Allahın bərəkəti ilə otuz minlik ordunu doydurmağa bəs edəcəkdi. Eyni yolçuluq zamanı dəfələrlə su möcüzəsinə şahid olacaq və yorğun dəvələrin də Allah Rəsulunun duasındakı bərəkətlə ən sürətli miniklərə çevrildiyini görəcəkdilər.

Yeni bir sui-qəsd cəhdi

Bu vaxt bir dəstə münafiq öz aralarında razılaşmış və tələ qurmaqla Rəsulullaha qəsd etməyi planlaşdırmışdılar. Bunun üçün fürsət gözləyir:

–Vadini keçib dağlara qalxarkən Onu sıxışdırar və vadiyə doğru uçurumdan yuvarlayıb öldürərik, – deyirdilər.

Rəsulullahla birlikdə bu qədər vaxt keçirmiş, neçə-neçə möcüzəsinə şahid olmuşdular, yenə də ağılları başlarına gəlməmişdi və hələ də belə bir şey düşünə bilirdilər. Ancaq düşünmək məqsədə çatmaq demək deyildi, sadəcə hər kəs öz xarakterinə uyğun hərəkət edirdi. Belə ki, Cəbrail gəlmiş və onların planını Allah Rəsuluna bildirmişdi.

Almazla kömürün bir-birindən ayrılma zamanı çatmışdı. İllərlə içəridə qaldıqları halda, hələ də küfr istiqamətini tutanlarla ürəkdən iman edənlər bu yolla bir-birindən ayrılacaq və kin tacirləri ilə həqiqi mənada Allaha qul olanlar açıq-aşkar ortaya çıxacaqdı! Rəsulullah carçısının səsi vadidə irəliləyənlər arasında əks-səda verir:

– Şübhəsiz, Rəsulullah bu dağ yoluna girəcəkdir. Sizin heç biriniz bu yolla gəlməsin! Siz vadidən irəliləyib yolunuza davam edin. Çünki bu yol sizin üçün daha təhlükəsiz və asandır!

Əshab deyilən istiqamətdə yoluna davam edir. Bu əmri yerinə yetirməyən bir dəstə insan isə sui-qəsd üçün fürsət tapdıqlarını düşünüb çoxdan işə başlamışdılar... Gecənin qaranlığından da istifadə edib üzlərini örtmüş və hamıdan öncə dağ yoluna girmişdilər.

Səhabələrin vadidə irəlilədiyi vaxt Ammar ibn Yasir, Hamza ibn Amr və Huzeyfə ibn Yemanın da içində olduğu bir dəstə səhabə ilə dağ yoluna girən Rəsulullah (s.ə.s.) özündən qabaq bura gəlib pusqu quran nifaq dəstəsinin xışıltısını eşidir. Verilən xəbər özünü doğrultmaq üzrə idi. Bir anda dörd tərəfdən üzü bağlı adamlar peyda olub yolu kəsir, Rəsulullahın dəvəsini ürküdürlər, hətta dəvənin üstündə olan bəzi əşyalar ətrafa səpələnir. Məqsəd dəvəni sıxışdırıb hürkütmək və Peyğəmbərimizin uçurumdan yuvarlanmasını təmin etmək idi!

Allah Rəsulu (s.ə.s.) cəlallanır, ətrafındakılar da narahat olur, qəflətən peyda olan bu insanlara müqavimət göstərməyə başlayırlar. Əlindəki dəyənəklə dəvələrin üzünə vurmağa başlayan Hz.Huzeyfə:

– Rədd olub gedin, siz ey gidi Allah düşmənləri, – deyə qışqırır və bunların kim olduğunu öyrənməyə çalışır.

Bir tərəfdən qaranlıq gecə, digər tərəfdən örtülü üzlər! Onları tanımaq mümkün deyildi. Ancaq adamlar da qorxurlar. Rəsulullahın hərəkət və duruşundan məsələdən xəbərdar olduğunu anlayırlar. Buna görə də üzə çıxmamaq üçün dərhal qaçmağa başlayırlar. Bunu görən Allah Rəsulu (s.ə.s.) Hz.Huzeyfə və Hz.Ammara səslənərək onları təqib edib kim olduqlarını öyrənmək istəyir! Ancaq buna imkan tapa bilmirlər. Sürətlə dağ yolundan enən bu adamlar vadidə irəliləyən hadisədən xəbərsiz insanlara – müsəlman ordusuna qarışaraq izi çoxdan itirmişdilər! Allah Rəsulu  (s.ə.s.) Hz.Huzeyfədən soruşur:

– Geri oturtduğun adamlardan hər hansı birini tanıya bildinmi?

– Dəvələrindən başqa heç bir şey görmədim. Üzləri örtülü idi və gecənin qaranlığında onları seçmək mükün deyildi, – deyə Hz.Huzeyfə cavab verir.

– Onların nə üçün belə etdiyini və əsas məqsədini bilirsinizmi? – deyə soruşur.

– Vallah, bilmirik, ya Rəsulullah!

Allah Rəsulu (s.ə.s.):

– Onlar birlikdə dağ yoluna çıxıb Mənə tələ qurdular. Keçiddəki uçurumun kənarına gəlib çatanda Məni sıxışdırıb aşağı yuvarlayacaqdılar! Ancaq Allah onların da, onların atalarının da kimliyini Mənə xəbər verdi. İnşallah, onları Mən sizə bildirəcəyəm, – buyurur.

Əshab da təəcüblənmişdi. Öz içərilərində olan insanların belə çirkin planlar qurmasını başa düşə bilmirdilər! Rəsulullah uğrunda can verməyə and içmiş səhabələr tezliklə bu adamların kim olduğunu öyrənib cəzalarına çatdırmağı canü-könüldən arzu edirdi. Bəziləri irəli atılıb:

– Ya Rəsulullah! Əmr edin, boyunları vurulsun! – deyə xahiş etsələr də, Allah Rəsulu  ümumi ahəngi pozmamaq xatirinə bunu istəməyəcək, Hz.Ammar və Hz.Huzeyfəyə isimlərini verdiyi halda, bu insanlara cəza tətbiq etməyəcəkdi! Hətta bəzi səhabələr daha da irəli gedib bunların artıq "səhabə" olmadığını bəyan etdikdə Rəsulullah:

– Onlar "Lə iləhə illəllah" deyib şəhadət gətirmirlərmi? – buyurur.

Allah Rəsulunun bu sualına "Bəli" cavabını verdikdə yenə: "Onlar Mənim Rəsulullah olduğumu da söyləmirlərmi? – deyə soruşur və əshabından "Bəli" cavabını alır.

– Mənə bunları öldürmək məsələsində izin verilmədi, – buyuraraq son nöqtəni qoyur.[24]