Səhabələr

İslamın xoşgörü zəmini

Göstərilən yerə qədər gedən Hz.Xalid Allah Rəsulunun (s.ə.s.) bu əmrini yerinə yetirmək üçün dərhal yoldaşlarını təşkilatlandırır və seçdiyi səhabələri müxtəlif bölgələrə göndərərək onları İslama dəvət edir. Çox keçmədən bu fəaliyyətlərin nəticələrini də görür və Harisoğulları bölgəsində yaşanan müsbət dəyişiklikləri bir məktubla Rəsulullaha (s.ə.s.) bildirir.

Aradan altı ay keçmişdi və Allah Rəsulu Xalid ibn Vəlidi Mədinəyə çağırır. O da özü ilə götürdüyü bir dəstə ilə Allah Rəsulunun hüzuruna gəlir və Harisoğulları heyətinin başına bu dəfə də Qays ibn Husayn əmir təyin olunur.[36] Bu geniş coğrafiyanın sakinlərini dini biliklərlə məlumatlandırmaq, İslami mövzularda dərin elm sahibi etmək və onlara vacib ibadətləri, haramları öyrətmək vəzifəsinə səhabə Amr ibn Hazm təyin edilir. Həmçinin Hz.Əlinin Həmədan istiqamətinə göndərilməsi həmin ərazilərdə İslamın böyük fəthlərinə yol açır.[37]

Həmədana gəlib Rəsulullahın məktubunu onlara oxuyan Hz.Əli rəğbətlə qarşılanır.  Həmədan əhalisi onu bağrına basır! Çox keçmədən də müsəlman olurlar! Hz.Əli Həmədandan müjdəli xəbər gözləyən Allah Rəsuluna dərhal bir məktub yazıb Həmədan xalqının da müsəlman olduğunu bildirir. O gün Rəsulullahın sevincinin həddi-hüdudu yox idi. Belə ki, O, Yəmən tərəflərdə də İslamın qəbul edilməsini arzulayır, bu yolla  cənubun da İslamın nuru ilə aydınlanmasını istəyirdi. Buna görə də Hz.Əlidən gələn məktubun oxunmasından dərhal sonra şükür səcdəsinə qapanır və başını qaldıran kimi:

– Salam və salamatlıq Həmədan xalqının üzərinə olsun! Salam və salamatlıq Həmədan xalqının üzərinə osun! – deyə Mədinədən onlara cavab verir.

Yenə o günlərdə Allah Rəsulu (s.ə.s.) Malik ibn Mürrəyə bir məktub verib Yəmən hökmdarlarına göndərir. Məktubda onları İslama dəvət edir, şirk qoxusu gələn hər cür əməldən çəkinmələrini istəyir, bunu etdikləri zaman əldə edəcəkləri dünyəvi və axirət mükafatlarından bəhs edir və əks təqdirdə çətinliklərlə qarşılaşacaqlarını xəbər verirdi!  Ancaq onlar İslamiyyəti deyil, cizyə verməyi qəbul edirlər.

Aldığı cavablarla kifayətlənməyən və Yəmən xalqlarının müsəlman olmasını arzulayan Könüllər Sultanı Rəsulullah səhabələrdən Muaz ibn Cəbəl və Əbu Musa əl-Əşarini Yəmənin müxtəlif bölgələrinə göndərir və onlara:

– Asanlaşdırın və əsla çətinləşdirməyin. İnsanlara müjdə ilə yaxınlaşın və onlara nifrət etdirməyin, qarşınıza çıxan çətinliklərin həll yolunu tutun, ixtilaf çıxarmaqdan çəkinin! – deyə tövsiyə edir.

Belə ki, İslam artıq Yəməndə də kök bağlamışdı və böyüməsinə ehtiyac vardı. Bütün bunlar Peyğəmbərlik vəzifəsinin kamala doğru sürətlə irəlilədiyini göstərirdi. Hirada başlayan nurlanma indi ağlasığmaz sürətlə dünyaya yayılır və getdiyi hər yeri işıqlandırırdı.

Allah Rəsulu (s.ə.s.) sülh elçilərini yola salarkən bir qədər onlarla birlikdə irəliləyir və getdikləri yerlərdə diqqət edilməli vacib xüsusları başa salır. Hz.Muaz və Hz.Əbu Musa əl-Əşari dəvə belində irəlilərkən Rəsulullah onları piyada yola salırdı. Allah Rəsulu (s.ə.s.) bu vaxt üzünü Hz.Muaza tutub:

– Şübhəsiz ki, sən əhli-kitab camaatının yurduna gedirsən. Oraya çatanda əvvəlcə onları Allahdan başqa ilah olmadığına şəhadət etməyə və Məhəmmədin də Allahın Rəsulu olduğuna imana dəvət et! Əgər bunu qəbul edib sənə itaət etsələr, Allahın onlara gündə beş vaxt namazı fərz  buyurduğunu xəbər ver! Əgər bu məsələdə də sənə itaət etsələr, o zaman da varlılardan alınıb yoxsullara verilməklə Allahın onlara zəkatı fərz qıldığını bəyan et! Əgər bu məsələdə də sənə itaət etsələr, insanların mallarından ən keyfiyyətlisini götürməkdən çəkin və əsla məzlumun bədduasına səbəb olan addım atma, çünki onunla Allah arasında pərdə yoxdur!

Bu kriteriyalar Allah rizası uğrunda yola çıxan hər bir mömin üçün daim keçərli əsaslar idi. Hələ o vaxtlar Allah Rəsulu bu xüsusları diqqət çatdırır və İslam yolun yolçularına getdikləri yerlərdə necə davranmalı olduqlarını göstərirdi. Bu vaxt yenə də elçisinə dönür:

– Nə ilə hökm edəcəksən?

– Allahın kitabından öyrəndiklərimlə hökm edəcəyəm!

– Allahın kitabında bir istinad tapmasan?

– Rəsulunun sünnəti ilə!

– Rəsulunun sünnətində də bir istinad tapmasan?

– Öz rəyim əsasında ictihad edərəm!

Elçi kimi seçdiyi səhabənin din anlayışı kamil idi və bu məqamda Allah Rəsulu böyük ehtiramla Rəbbinə yönəlib:

– Rəsulunun elçisini müvəffəq edən Allaha həmd olsun! – deyə niyaz edir.

Bir tərəfdən də Hz.Muazı süzürdü. Elə nəzərlə baxırdı ki, sanki, ayrılmaq istəmirdi. Hz.Muaz Qurana vaqif, ehkam bilgilərinə hakim səhabələrdən idi. Buna görə də o, Rəsulullahın əshabının müraciət etməsini istədiyi dörd nəfərdən biri idi. Və sanki, Rəsulullah onunla vidalaşırdı. Yanına yaxınlaşır və:

– Ey Muaz! – deyə səslənir, – bu ildən sonra, bəlkə də, bir daha Mənimlə burada görüşə bilmədin. Artıq məscidimi və qəbrimi ziyarət edərsən!

Sanki, vidalaşan Hz.Muaz deyil, Allah Rəsulu idi! Hərçənd onun da ürəyinə qor düşmüşdü! Bir tərəfdə Allah və Rəsuluna xidmət üçün yola çıxmanın həzzi olsa da, o biri tərəfdə qəlbi Allah Rəsulundan ayrılıq həsrəti ilə alışıb-yanırdı! Bir daha Onu bu dünyada görməmək ehtimalı vardı! Bunu Rəsulullah deyirdisə, mütləq nə isə bilirdi. Hz.Muaz bunu düşünmək belə istəmirdi; gözləri iki çeşmə olmuş, hıçqırtı ilə ağlayırdı! Rəsulullahın şəfqət və məhəbbət dolu baxışlarının müşayəti ilə atını Yəmən istiqamətinə mahmızlayır; ürəyini Mədinədə qoymuş, gözü arxada gedirdi![38]

Doqquzuncu ilin mühüm hadisələri

Təbuk səfərindən sonra münafiqlərin başçısı sayılan Abdullah ibn Übeyy ibn Səlul vəfat edir. Onun haqqında danışılanları oğlu Abdullah da bilirdi və Rəsulullahın (s.ə.s.) hüzuruna gəlib atasının namazını qıldırmasını rica edir. Abdullah atasının əksinə səmimi bir mömin idi və Rəsulullah da Abdullahın bu səmimiyyətinə müsbət cavab verir. Altdan-altdan hər cür pisliklər etmiş olsa da, zahirən mömin olduğunu dediyi üçün mərhum İbn Səlul üçün Allahdan əfv diləyir. Bunu eşidən Hz.Ömər bir göz qırpımında hüzura gələrək Allah Rəsuluna:

– Onlar üçün Sən istər əfv dilə, istər diləmə, yetmiş dəfə də istiğfar etsən, Allah onları əfv etməyəcəkdir. Bəli, bu belədir! Çünki onlar Allahı və Rəsulunu tanımayıb Onun əleyhinə çıxdılar. Allah da belə yolundan azmışlar (fasiqlər) güruhunu hidayətə çatdırmaz, əməllərinə qovuşdurmaz[39] məallı ayəni xatırladıb münafiqlərə başçılıq etmiş bir adamın namazını qıldırmamağın vacibliyini deyir. Ancaq səhabələri haqqında qəti bəyan olmadığı müddətdə onların lehinə davranmağa adət edən Allah Rəsulu "istər dilə, istər diləmə" ifadələrini açıq qapı kimi qiymətləndirir və:

– Mən istiğfar etmək (Allahdan əfv diləmək) və ya etməməkdə sərbəst buraxıldım. Deməli, Allah izin verdi və Mən də yetmişdən çox istiğfar edərəm, – deyib İbn Səlulun məzarına qədər gedir və cənazə namazını da şəxsən özü qıldırır.

Ancaq çox keçmədən yenə Cəbrail  gəlir və "Onlardan (münafiqlərdən) ölən heç bir kəsə heç vaxt namaz qılma, qəbrinin başında durma. Çünki onlar Allahı, Onun Peyğəmbərini dandılar və fasiq olaraq öldülər!"[40] ayəsini gətirir, bundan sonra münafiqlərə qarşı daha aydın münasibət göstərməyin zəruriliyini bildirir, onlar üçün nə istiğfar etməyin, nə də namaz qılmağın qeyri-mümkünlüyünü bəyan edir.

Rəsulullahın (s.ə.s.) kürəkəni Hz.Osman yenə də kədərli idi. Çünki onun həyat yoldaşı, Peyğəmbərimizin qızı Ümmü Gülsüm o il vəfat etmişdi! Bidiyimiz kimi, Allah Rəsulu Ümmü Gülsümü digər qızı Ruqiyyənin vəfatından sonra Hz.Osmanla nikahlamışdı! İndi Ummü Gülsüm də dünyadan köçmüşdü! Qızının vəfatı ilə dərdi artan Rəsulullah ikinci dəfə Ona kürəkən olmuş Hz.Osmana dönüb:

– Əgər yanımda üçüncü qızım da olsa idi, mütləq onu sənə verərdim, – buyuracaq, həya abidəsi Hz. Osmana təsəlli verməyə çalışacaqdı.

Həcc ibadətinin fərz buyurulması

Hicri doqquzuncu ilin zilqədə[41] ayında nazil olan ayələrdə: "Ziyarətə imkanı çatan hər kəsə Beytullahı ziyarət etmək Allahın onun üzərindəki haqqıdır," –  buyurlumaqla bundan sonra həcc ibadətinin də fərz olduğu bildirilirdi. İlahi əmri alan və Kəbəni ziyarət etməyi ürəkdən istəyən Allah Rəsulu (s.ə.s.) müşriklərin orada etdikləri yanlış davranışları xatırlayır və:

– Beytullahda olacaq və onu çılpaq təvaf edəcəklər. Bu adət ortadan götürülmədikcə Mən həcc vəzifəsini əda etmək istəmirəm, – buyurur.

Bundan sonra Hz.Əbu Bəkri hüzuruna çağırıb onu həcc işlərinə əmir təyin edir, həcc ibadətində diqqət yetirilməli xüsuslar məsələsində təlimatlandırır və Məkkəyə göndərir. Kəbədə ilk dəfə bir İslami həcc yerinə yetirələcəkdi.

Hz.Əbu Bəkir dərhal üç yüz nəfərlik səhabə ilə yola çıxır. Ancaq vəhy ardı-arası kəsilmədən gəlirdi. Onun gedişindən sonra "Tövbə" surəsinin ilk ayələri də nazil olmuş və bundan sonra Hərəm bölgəsində olan müşriklərlə bağlı yeni hökmlər gəlmişdi. Dərhal Hz.Əlini hüzuruna çağıran Allah Rəsulu onu bu hökmləri bildirən təlimatla Hz.Əbu Bəkrin arxasınca göndərir və bu hökmlərin də təbliğini istəyir.

Təlimatı alıb tezliklə yola düşən Hz.Əli (r.a.) Arc və ya Dacnan adlı yerdə həcc dəstəsinə yetişir. Hz.Əbu Bəkir də təlaşlanır. Ona tərəf dönüb öncə:

– Əmir olaraq gəldin, yoxsa məmur olaraq? – deyə soruşur.