Səhabələr

İslamın xoşgörü zəmini

Bu arada nəvəsi Hz.Həsən gəlir, Rəsulullahın yanına qaçaraq özünü Onun şəfqətli qolları arasına atır. Rəsulullah (s.ə.s.) da sevimli nəvəsini qoxlayaraq öpür!

Meydanda yarışan şairlər hər hadisəyə qiymət verirdilər və bunu qəribə qarşılayan Aqra ibn Habis:

– Mənim on uşağım var. Ancaq onların heç birini öpməmişəm, – deyir. Allah Rəsulu:

– Mərhəmət göstərməyənə mərhəmət də edilməz, – buyurur və ardınca da, – Allah sənin qəlbindən mərhəmət duyğusunu çəkib çıxarmışsa, Mən nə edə bilərəm, – deyə əlavə edir.

Hər yaşanan hadisə Aqra ibn Habis qəlbini bir az da yumşaldırdı. Dinləyib gördüklərini qiymətləndirən və insafa gələn Aqra ibn Habis yoldaşlarına tərəf dönüb:

– Ey camaat! Atamın adına and olsun ki, bu adamın işi hər şeydən üstündür! Baxın bunun necə olduğunu heç cür anlaya bilmirəm. Bizim xatibimiz də danışır, amma onların xatibinin səsi daha gur və təsirli çıxır! Bizim şairlərimiz də çıxıb şeir söyləyir, amma onların şairlərinin söylədikləri daha təsirlidir! Onların nəzmə çəkdiyi sözlər hamımızınkından daha şirindir! – deyir.

Görünür, Aqra ibn Habisin zamanı yetişmişdi. Allah Rəsulunun hüzuruna yaxınlaşır və:

– Mən şəhadət edirəm ki, Allahdan başqa ilah yoxdur və Sən də Onun Rəsulusan! – deyir.

Söz sənətkarına sözlə cavab vermək işə yaramışdı. Rəsulullahın sevinci yerə-göyə sığımırdı. Çünki heyətin digər üzvləri də Habis kimi edir və beləcə Bəni-Təmim heyəti təslim olub yeni bir həyata qədəm qoyur.

Daha sonra Allah Rəsulu onlara hədiyyələr verəcək və əsir alınan qadın və uşaqlarını da özlərinə qaytarıb Mədinədən yola salacaqdı! Nəhayət, özgə niyyətlə Mədinəyə qədəm basan bir heyət də insafa gəlmiş, mənəvi rahatlıq içində Təmim yurduna qayıdırdı.

Vəzifə şüuru barədə mühüm xatırlatma

Artıq Mədinəyə gəlib-gedənlərin sayı-hesabı yox idi. Həmçinin zaman müxtəlif vəzifələr və tapşırıqlarla Mədinədən gedənlərə də şahid olurdu. Rəsulullah (s.ə.s.) zəkat məmuru kimi İbn Lüteybiyyəni Zübyanoğullarının yanına göndərmişdi. Geri qayıdarkən hüzura girən İbn Lüteybiyyə özü ilə gətirdiyi malları göstərərək:

– Bunlar Sizin, bunlar da mənə hədiyyə edilənlər, – deyir.

O günə qədərki həyat tərzinə, adətlərə  görə bunu çox təbii qarşılamış və şəxsən özünə verilənləri özününkü hesab etmişdi. Halbuki Allah Rəsulu bu sözlərdən xoşnud olmamışdı. Rəsulullah onu fərz bir ibadəti yerinə yetirib insanları idarə etmək üçün məmur göndərmiş, o isə iş üçün getdiyi yerdə öz adına hədiyyələr almışdı! İş ilə hədiyyəni bir-birinə qarışdırmamaq lazım idi. Çünki hədiyyələr insanı təzyiq altında saxlaya bilərdi və vəzifəyə  görə verilənlər vəzifə üçün də istifadə edilməli idi. Görünür, Rəsulullah hamının bir yerdə olduğu məqamı gözləyirdi. Yenə əshabına namaz qıldırır, onlara dönüb Allaha həmd-səna edir. Nəsihətini edib sözü İbn Lüteybiyyənin dediklərinə gətirir:

– Bu məmurlara nə olub? – deyir, – Mən bir insanı zəkat məmuru kimi göndərirəm, o gəlib Mənə: "Bu Sizin, bu da mənə hədiyyə edilənlər" – deyir! Deyin görək, əgər o şəxs atasının evində oturub gözləsəydi, bu hədiyyələri ona verərdilərmi? Məhəmmədin nəfsi qüdrət əlində olan Allaha and olsun ki, sizdən biri belə bir şey edərsə, qiyamət günü o aldığı şey boynuna dolanar, dəvə böyürərək, inək movldayaraq və qoyun mələyərək ona iztirab olar!

Xəbərdarlıq tükürpərdici idi və Sultanlar Sultanı bu bəyanlarının ardından əllərini çiyinləri bərabərindən bir az yuxarı qaldırır:

– Allahım! Mən təbliğ vəzifəmi yerinə yetirdimmi? – deyə Rəbbinə nida edir!

Təbuk       

Təbliğ və irşadla yoğrulan bu gediş-gəlişlər ərəfəsində Şam tərəfdən yeni bir xəbər gəlir. Xristian ərəblər Herakla yazdıqları məktubda: "O peyğəmbərlik iddiası ilə ortaya çıxmış  adam var  ha, həmin adam öldü və yoldaşları da qıtlıqdan qırılır. Mal və mülklərindən əsər-əlamət qalmadı! Əgər onları da öz dininə daxil etmək fikrin varsa, bu işin əsl vaxtıdır!" – deyir, onu müsəlmanlara qarşı mübarizəyə təşviq edirdilər. Bu arada Lahm, Cüzam, Amilə və Qassan kimi qəbilələr də baş qaldırmış, Bizansın gələcəyi təqdirdə onunla birgə hərəkət etməyə söz vermişdilər.

Digər tərəfdən Allah Rəsulunun elçisini öldürüb Mutədə qarşısına çıxan Qassan məliki  Şurahbil ibn Amr Mədinəyə hücum etmək üçün fürsət axtarırdı! Görünür, ortada ümumi bir ssenari vardı. Belə ki, bu yandan da yəhudilər Allah Rəsulunun (s.ə.s.) hüzuruna gəlib:

– Ya Əbal Qasım, – deyirlər, – əgər söylədiklərin doğrudursa, onda Şam tərəfə get. Çünki oralar peyğəmbərlər diyarıdır![2]

Zaman seçimi baxımından bunların hamısı başa düşüləndi! Özləri bacarmadıqları üçün o dövrün ən güclü dövlətlərdən biri olan Bizansı hərəkətə gətirmək istəmiş və iştirak etmədən uzaqdan tamaşa ilə məqsədə çatmaq üçün planlarını qurmuşdular! Hadislərin qarşısını ala bilməyən düşmənlər bu son vasitəyə əl atmışdılar.

Bu ərəfədə Şam tərəfdən Mədinəyə gələn bəzi tacirlər Bizansın öncül qüvvələrinin Bəlkaya çatması barədə xəbər gətirmişdilər! Xəbər üzücü idi. Çünki bu, İslamın işıqlı dünyasına üz tutan insanlar üçün yeni bir dönəm demək idi. Ancaq belə böyük bir təhlükəyə göz yummaq da olmazdı. On minlərlə insanın Mədinəyə hərəkət etmək üçün hazırlıq gördüyü bir vaxtda, əlbəttə, əliboş dayanmaq olmazdı! Bu arada Cəbrailin gətirdiyi bəyanlar müşriklərlə aralarındakı hüdudun daha da dəqiqləşdirilməsinin vacibliyini ifadə edir və iman sahibi olmayanlarla döyüşməkdən çəkinməməyi bildirirdi.[3]

Bir cəhətdən bu, onsuz da gözlənilən bir sonluq idi, çünki Bizans o dövrdə dünyaya hökm edən iki dövlətdən biri idi və bu gün olmasa da, sabah mütləq qarşı-qarşıya gələcəkdilər! Çünki İslam yalnız öz ayaqları, öz bünyəsi üzərində inkişaf edirdi və bunu görən "aktyorlar" bu qədər müstəqil bir inkişafı elə asanlıqla həzm etmirdilər!

Allah Rəsulu (s.ə.s.) döyüşə hazırlıq əmrini verir. Ətraf qəbilələrə də xəbər göndərir, belə bir əhəmiyyətli dövrdə onların da iştirak etməsini tələb edir! Bu arada Məkkəyə də xəbər göndərir, eyni həssaslığı onlardan da  istəyir.

Əvvəlki döyüşlərdə haraya və nə zaman gediləcəyini, hansı yollardan istifadə edib kiminlə savaşacaqlarını gizli saxladığı halda, bu dəfə hədəfi də, atılacaq addımları da açıq-aşkar bildirirdi! Çünki həm mövsüm və şərait həm də düşmənin kimliyi baxımından bunun bilinməsi və ona uyğun hazırlıq görülməsi zəruri idi. Çünki o zaman Mədinə ən quraq mövsümlərindən birini yaşayırdı; o qədər isti idi ki, insanlar kölgəliklərdən kənara çıxmağa cəsarət etmirdilər! Meyvələr təzə-təzə yetişir, insanlar bir ilin bəhrəsini hələ təzə-təzə götürürdülər! Səhrada yeri-göyü qovuran günəş, bağ və bağçalarda isə cazibədar kölgəlik vardı! Buna görə də bəzi insanlar hislərini gizlətmədən:

– Belə istidə döyüşə getmək olar? – deyirdilər.