Səhabələr

İslamın xoşgörü zəmini

İbadət mövzusu aydın idi, amma onlar qadağalar məsələsində də güzəşt istəyirlər. Allah Rəsuluna yaxınlaşan Abdiyaleyl:

– Yaxşı bəs zina məsələsində nə deyirsən? Bizim insanlar tez-tez səfərlər edir ki, bu zaman zina qaçılmaz olur. Biz uzun ayrılıqlara dözə bilmərik, – deyir.

– Bu, Allahın möminlərə haram buyurduğu bir günahdır. Allah bu məsələdə "Zinaya da yaxın düşməyin. Çünki o, çox çirkin bir əməl və pis bir yoldur!"[32] buyurur,  – cavabını verir Allah Rəsulu (s.ə.s.).

Zina barədə istədiyi güzəşti qopara bilməyən Abdiyaleyl bu dəfə də:

– Yaxşı, bəs faiz barədə nə deyirsən? – deyə buradan bir pay qoparmağa çalışır.

– Faiz də haramdır, – buyurur Peyğəmbərimiz.

– Bizim mallarımızın hamısı faizdir, – deyə etiraz edir Abdiyaleyl. Ancaq ilahi hökm şəxslərin arzusuna görə dəyişməzdi və Rəsulullah:

– Yalnız pulun mayasını ala bilərsiniz, – buyuraraq faiz alış-verişindəki ifratın özlərinə də haram olduğunu xatırladır və onlara: "Ey möminlər! Əgər doğrudan da, iman gətirmişsinizsə, Allahdan qorxub sələmdən qalan məbləğdən (faizdən) vaz keçin!"[33] ayəsini oxuyur.

Bu qapının da üzlərinə bağlı olduğunu görürlər. Bu dəfə ortaya yeni bir mövzu atır:

– Elə isə içki məsələsinə nə deyirsən? Biz üzümlərimizi sıxıb şirəsini içirik və bizim bundan qaçmağımız mümkün deyil!

Eyni təmkinlə davranan Allah Rəsulu:

– Şübhəsiz ki, Allah: "Ey iman gətirənlər! Şərab da (içki də), qumar da, bütlər də, fal oxları da Şeytan əməlindən olan murdar bir şeydir. Bunlardan çəkinin ki, bəlkə, nicat tapasınız!"[34] vəhyi ilə onu da haram buyurmuşdur!

Bu qapı da bağlı idi və atılan hər addımın onları çıxılmaz dalana apardığını görən saqiflilər hüzurdan qalxıb vəziyyəti öz aralarında müzakirə etməyə başlayır. Abdiyaleyl onlara:

–Vay halınıza! – deyir, – bu üç məsələdən də məhrum olaraq yurdumuza geri dönəcəyik! Vallah, billah, saqiflilər nə içkidən, nə də zinadan uzaq dura bilər!

Sufyan ibn Abdullah onun kimi düşünmürdü. Ayağa qalxır və:

– Ey adam, – deyə sözə başlayır, – əgər Allah onlar haqqında xeyir murad etmişsə, onlar da bu məsələlərdə səbir edər və əl uzatmazlar! Görmürsünüzmü, Onunla olanlar bizdən fərqlənmirlər, amma onlar səbir edib köhnə vərdişlərindən əl çəkə bildilər! Biz bu adamdan çəkinməliyik. Görmürsünüzmü, O, yer üzünü bir başından o biri başına kimi hökmü altına alarkən biz dünyanın bir küncündə qalamızın içində sıxılıb qaldıq və gün keçdikcə İslam ətrafımızı bürüyür! Vallah, əgər O, bir aylığa gəlib qalamızı mühasirəyə alsa, hamımız acından ölərik! Mən müsəlman olmaqdan başqa bir çıxış yolu görmürəm. Əks halda Məkkənin başına gələnlərin başımıza gəlməsindən qorxuram!

Bu əsnada Allah Rəsulu saqifliləri yeməyə dəvət edir. Ancaq onların yeməkdən daha vacib işləri vardı və hər şeyə rəğmən, onlara göstərilən bu ehtiram qarşısında müsəlman olurlar! Müsəlman olmağına olmuşdular, amma bu dəfə "Rabbə" adlı məşhur bütdən bəhs edir:

– Rabbə məsələsində nə düşünür və nə etməyimizi istəyirsən? – deyə soruşurlar.

– Onu da yıxmalısınız! – deyə Allah Rəsulu (s.ə.s.) qətiyyətlə bildirir.

– Bu, mümkün deyil! – deyir, saqiflilərlə qadın və uşaqların buna imkan verməyəcəyini düşünür və belə bir hərəkətin çox böyük problemlərə səbəb olacağına inanırdılar.

Buna görə əvvəl üç il, sonra iki il, daha sonra isə bir il möhlət istəyirlər. Bütün bunlara rədd cavabı alınca da, heç olmasa, bu məsələdə özlərinə bir ay vaxt verilməsini xahiş edirlər. Ancaq Allah Rəsulu bunların heç birinə "Bəli" demir və Allaha şərik qoşulmasına razı olmurdu! Hətta Abdiyaleylin bu israrlarına dözməyən Hz.Ömər (s.ə.s.):

– Vay halına sənin, ey Abdiyaleyl! – deyə üstünə çımxırır, – "Rabbə" dediyin bir daşdır. Kimin ona ibadət edib, kimin ibadət etmədiyini belə bilməkdə acizdir!

Doğru deyirdi və bu qapının da bağlı olduğunu görürlər. İslam elə bir sistem idi ki, o, şəkk və şübhəsiz, dupduru yaşanmalı idi. Artıq namaz qılıb oruc tutmağa da başlamışdılar. Təxminən on beş gün Mədinədə qaldıqdan sonra doğma yurdlarına qayıdırlar.

Rəsulullah (s.ə.s.) onlara yaşca ən kiçikləri olan Osman ibn Əbil-Ası rəhbər (imam) təyin edir. Çünki Osman İslamı anlayıb qavramaqda hamısından daha həssas davranır və məsələləri mənimsəməkdə əzmkarlıq və səmimiyyət göstərirdi!

Digərləri kimi yurdlarına qayıdan Saqif heyəti də qövmlərini İslama dəvətlə işə başlayacaq və qısa zamanda  bu qəbilələr də müsəlman olacaqdı.[35]

Çox keçmədən Allah Rəsulu onların yanına Xalid ibn Vəlid, Muğirə ibn Şubə, Əbu Sufyan kimi nüfuzlu səhabələrini göndərərək bütlərini də qırmalarını əmr edəcək və çətin də olsa, saqiflilər şirkdən təmizlənmiş olacaqdılar.

... Və digərləri      

Əlbəttə, Mədinənin yolunu tutanlar təkcə onlar deyildi. Abdiqays, Uzrə və Bəliyy heyətləri də gəlir, müsəlman olub geri dönürlər. Allah Rəsulunun (s.ə.s.) babalarından Qusayy və ana tərəfdən qohum olduqlarını deyən on iki nəfərlik Uzrə heyəti də Mədinəyə varid olmuşdu. Onlarla danışan Allah Rəsulu yaxın vaxtda Şamın da fəth edilməsi müjdəsini verir, onlara kahinlik qazancını və insanlara təzim üçün kəsdikləri ətlərdən də yeməyi qadağan edir.

Yenə həmin günlərdə Fəzara heyəti on nəfərdən çox tərkiblə Mədinəyə gəlir, quraqlıq və qıtlıqdan şikayət edərək Allah Rəsulundan kömək istəyir. Allah Rəsulu (s.ə.s.) onları da özü ilə götürüb yağış duasına çıxır və o gün canü-könüldən Allaha yönələrək Cənabi Haqdan mərhəmət, yardım  diləyir.

Bu vaxt diqqəti çəkən başqa bir dəstə isə daha sonralar özünü yalançı peyğəmbər elan edən Müseyləmə ibn Sümamənin də tərkində olduğu on yeddi nəfərlik Bəni-Hənifə heyəti idi. Yəmamə tərəflərdən gəlmiş və müsəlman olmuşdular!

Gələnlərin ardı-arası kəsilmirdi. Yəmən, Əzd, Bəni-Sad, Bəni-Amir ibn Qays, Bəni-Əsəd, Bəhra, Havlan, Muharib, Bəni-Haris ibn Kab, Qamid, Bəni-Müntafiq, Səlaman, Bəni-Abəs, Müzeynə, Murad, Zübeyd, Kində, ZiMürrə, Qassan və Bəni-İyş heyətləri bunlardan idi. Rəsulullahın hüzuruna gələn ən sonuncu heyət Nəhaya məxsus idi. Yəməndə Hz.Muaza beyət etmiş, məhərrəm ayının ortalarında təxminən iki yüz nəfərlə birlikdə Onun möminləri kimi Mədinəyə gəlmişdilər!

Bir-birinin ardınca Mədinəyə axışan bu insanlar eyni zamanda İslama olan ehtiyacı da göstərirdi. Artıq Mədinə şəkk-şübhəsiz Ərəbistan yarmadasının paytaxtına çevrilmişdi. Hələ dünənə qədər nizam və intizamı təmin etmənin qeyri-mümkün göründüyü, hər qəbilənin özbaşına hərəkət etdiyi və güclünün zəifi əzdiyi Hicazda Allah Rəsulunun hakimiyyəti bərqərar olacaq, insanlar əmin-amanlıq içində yaşayacaq və beləcə hər tərəfdə nizam-intizam hökm sürəcəkdi.

Rəsulullahın (s.ə.s.) elçiləri

Bir tərəfdən də Allah Rəsulu insanlara dini öyrətmək, onları İslama dəvət etmək, irşad və təbliğ vəzifələrini yerinə yetirmək və İslama aid gözəllikləri getdikləri yerlərdə də təmsil etmək üçün sayılıb-seçilən səhabələrini seçərək ətraf ərazilərə göndərməkdə davam edirdi. Çünki cahiliyyə dönəminə xas mənəvi xəstəliklərin cəmiyyətdən təmizlənməsində qəlblərin arınaraq uca həqiqətləri qavrama səviyyəsinə çatması və sosial həyatda İslam naminə bir mayanın tutması üçün buna ehtiyac vardı!

Rəsulullah bu məqsədlə hicri tarixi ilə onuncu ilin rəbbiülaxir ayında Xalid ibn Vəlidi məktubla Haris ibn Kabın yanına göndərir və əvəllcə onları İslama dəvət etməyi, bunu qəbul etmədikləri təqdirdə cizyə verməli olacaqlarını söyləməyi tapşırır. Çünki döyüş ən sonuncu çarə idi və qarşılarına qoyulan seçimləri rədd edən insanların da düşünməli olduğu son çarə!