Səhabələr

İslamın xoşgörü zəmini

 Bəni-Təmim

Uyeynə ibn Hısn əlli nəfərlik süvari dəstəsi ilə ətraf ərazilərdə asayişi pozan və vəd etdiyi cizyədən imtina edən Bəni-Təmimə qarşı göndərilmişdi. Uyeynə də Bəni-Təmim yurdundan iyirmi biri qadın, otuzu uşaq olmaqla altmış iki nəfər əsir götürüb Mədinəyə qayıtmışdı. Və çox keçmədən Bəni-Təmim qəbiləsi Aqra ibn Habis, Utarid ibn Hacib və Zibriqan ibn Bədrin başçılığı ilə Mədinəyə heyət göndərib Rəsulullahla danışmaq istəyir. Qapıya qədər gəlib:

– Bizim qarşımıza çıx, ey Məhəmməd, – deyə çığırırlar.

Vəziyyət narahatedici olsa da,[1] Haqqın rizası hər şeydən üstün idi. Çünki iman naminə bir insanın əlindən tutmaq hər şeydən dəyərli idi. Buna görə də Allah Rəsulu (s.ə.s.) onları  qarşılamaq üçün çölə çıxır. Onu görcək:

– Biz Sənə böyüklüyümüzü göstərməyə gəldik. Baxaq görək hansımızın şərəfi daha yüksəkdir? Sən sadəcə şairlərimizlə xatiblərimizə izin ver, – deyirlər.

Qəribə vəziyyət idi. Əvvəlcə Allah Rəsulu (s.ə.s.):

– Biz nə şeir söyləyib fəzilət yarışına girmək, nə də insanlar arasında lovğalanıb öyünmək üçün göndərildik. Madam ki belədir, onda buyurun, – deyir.

Bunların heç biri əsl məqsəd deyildi, amma adamlar bu gün başqa dildən anlamırdılar! Bu zaman biri irəli çıxır və özlərini yerə-göyə sığdırmayan ifadələrlə fəzilət yarışına girir! Vəziyyət arzuolunmaz idi. Ancaq başqa bir yol da mümkün görünmürdü və  Allah Rəsulu  (s.ə.s.) hüzurunda olan Sabit ibn Qays ibn Şəmmasa dönüb:

– Qalx və bunların cavabını ver, – deyə səslənir.

Hz.Sabit ayağa qalxır və cavab olaraq İslamla qazandıqları məqamı, mövqeyi nəzmə çəkir.

Günorta namazından sonra Məscidi-Nəbəvi, sanki, şairlərin yarış meydanına çevrilir. Hər küncdən bir şairin səsi gəlirdi! Məqsəd ər meydanında öhdəsindən gələ bilmədikləri bu gücə – müsəlmanlara ədəbiyyatın ənginliklərində mücadilə edib qalib gəlmək və üstünlüklərini isbat etmək idi. Doğrudan da, çox keçməmiş Bəni-Təmimin xatibi Utarid ibn Hacib ayağa qalxıb uzun şeir söyləyir. Ardınca Zibriqan ibn Bədir irəli çıxır, öz sənətini dilləndirməyə başlayır. Hiss olunurdu ki, insanlar bu işə böyük əhəmiyyət verir və üzünü əshabına tutan Allah Rəsulu (s.ə.s.):

– Hassan ibn Sabiti çağırın, – buyurur.

Çox keçməmiş Hassan ibn Sabit hüzura gəlir. Allah Rəsulu (s.ə.s) onun adamlara cavab verməsini istəyir. Artıq biri susur, o biri başlayırdı və bu vəziyyət saatlarla davam edəcəkdi! Təmim şairlərinin əvvəlcədən hazırlaşmasına baxmayaraq, heç bir hazırlıq görməyən İslamın söz sənətkarları məharətlərini göstərirlər. Bu vaxt Allah Rəsulu da Hz.Hassanı dəstəkləyir, cavab verməyə təşviq edirdi!