Səhabələr

İslamın xoşgörü zəmini

Qureyşin Rəsulullah və müsəlmanlara qarşı başladığı amansız mübarizə məğlubiyyətlə nəticələnincə o günə qədər: "Hələ Onu öz qövmü ilə baş-başa buraxaq; məğlub olsa, məsələ elə öz-özünə bitmiş olacaq! O, qövmünə qalib gəlsə, onda bu barədə düşünərik!" – deyənlərin ağıllarını başlarına yığma zamanı gəlmişdi. Düşünür, düşünür və çıxış yolunu gəlib Allah Rəsuluna təslim olmaqda görürdülər. Bundan sonra Mədinə nəinki insanları yola salacaq, eyni zamanda ardı-arası kəsilməyən heyətləri qəbul edəcəkdi! Hələ dünənədək savaşların tənəzzülə sürüklədiyi Mədinə bu doqquz ildə xaoslu günlərini geridə qoymuş, dünyaya əmin-amanlıq və etibar saçan bir mərkəzə çevrilmişdi! Aydınlığa həsrət könüllər işığa yürüyən pərvanələr kimi bu günəşin fərqinə varır, onu daha yaxından görüb hüzurunda səhabə olma şərəfinə qovuşmaq üçün axın-axın Mədinəyə gəlir, dörd bir yandan qopub Allah Rəsulunun nurlu iqliminə sığınırdılar!

Artıq İslam gözəlliklərinin pərdəsiz və açıq-aşkar görünmə zamanı idi: keçmiş və gələcəklərindən arınacaqdılar! Bəziləri o günə qədər fərqinə varmadıqları gözəllikləri görüb həyəcanla alışıb-yanır, bəziləri də daha öncə fərqinə varıb bütünlüklə qavraya bilmədikləri İslam haqqında daha çox şey öyrənmək üçün gəlirdi! Əlbəttə, bunlar arasında İslamı daha yaxından tanıyıb qərar vermək istəyənlər olduğu kimi, gedişatı narazılıqla qarşılayıb Rəsulullahdan güzəşt qoparmağa çalışan dünyaya düşkünlər də vardı! Ancaq bütün bunlar Fəxri-Kainatın rəhleyi-tədrisinin (tədris masasının) ətrafında oturunca süzülüb durulacaq və üz tutduqları işığa, nura təslim olacaq, beləcə geri dönəcəkdilər!

Əlbəttə, hər bir gediş-gəlişin özünəxas hekayəsi vardı. O günə qədər qarşılarına çıxmayan hadisələrlə rastlaşır, belə vəziyyətlərdə necə davranmağı Allah Rəsulundan soruşur, addımlarını Onun cavab və göstərişləri istiqamətində atır və beləliklə, din naminə daha çox şey öyrənirdilər!