Səhabələr

Ümrə səfəri və Hudeybiyyə

Əbu Cəndəl

Məsələ bitmiş, maddələr yazılıb möhürlənmişdi. Tərəflərin bir-birindən ayrılma zamanı idi. Bu vaxt uzaqdan bir qaraltının onlara tərəf gəldiyini görürlər. Gələn adam güclə yeriyir, yeridiyi yolda toz qalxırdı. Bütün gözlər ona dikilir. Gələnin kim olduğunu müəyyən etməyə çalışırlar. Yerişindəki ağırlıq ona olan marağı daha da artırır. Çünki gələnin yerişi adi insanların yerişi kimi deyildi. Hiss olunurdu ki, bu, ya ağır yaralı, ya da ki ölümlə pəncələşən çarəsiz insanın qaraltısıdır!

Göz məsafəsi qədər yaxınlaşanda Əbu Cəndəl olduğunu görürlər. Qureyş təmsilçisi Süheyl ibn Amrın müsəlman olduğu üçün həbs edib işgəncə verdiyi və Hudeybiyyəyə gələrkən də əl-ayağını möhkəmcə bağladığı kiçik oğlu Əbu Cəndəl... Atasının yoxluğunu fürsət bilib həbsdən qaçmağa nail olmuş və daşlı-kəsəkli yollarla dağlar-dərələr aşıb özünü əshabı ilə birlikdə Rəsulullahın da gəldiyi Hudeybiyyəyə çatdırmışdı. Bədirdə Allah Rəsulunun tərəfinə keçib müsəlman olan böyük qardaşı Abdullah da daxil olmaqla, bütün möminləri sevincə qərq edir bu mənzərə! Bəlkə də, çox əziyyətlər çəksə də, artıq bunlar geridə qalmış sayılırdı. Qollarını açıb "xoş gəldin" deyənlər, sevincdən göz yaşı tökənlər vardı.

Bir yandan da Süheyl Abdullahdan sonra o biri oğlunun da gəlişini görən kimi özündən çıxır. Hirsindən az qala damarları çatlayacaqdı və oğlu Əbu Cəndəlin yaxasından tutub silkələməyə başlayır, bir tərəfdən də əlindəki tikanlı dəyənəklə vurur. Bir müddət oğlunu boğazlayan Süheyl yenidən Allah Rəsuluna (s.ə.s.) tərəf dönür:

– Ya Məhəmməd,– deyir, – müqavilə şərtinə görə Səndən istədiyim birinci adam budur.

Hudeybiyyəyə səssizlik çökür. Rəsulullah (s.ə.s.) bircə nəfər də olsa, küfrün işgəncəsi altında inləməkdən qurtarmaq üçün əlindən gələni etməyə çalışır. Ancaq Süheyl qərarlı idi:

– O zaman, vallah, aramızdakı anlaşma əbədi olaraq pozular və mən bir daha Səninlə heç bir müavilə bağlamaram, – deyir.

Peyğəmbərimiz çətin vəziyyətdə olan bir insanın qurtuluşu naminə növbəti dəfə cəhd edib:

– Onu Mənə bağışla və müqavilədən kənar hesab et, – deyir.

Süheyl bunu da qəbul etmir:

– Onu nə Sənə bağışlayar, nə də müqavilədən kənarda hesab edərəm, – deyə israr edir.

Bir oğul Əbu Cəndələ, bir də ata Süheylə nəzər salan Allah Rəsulu (s.ə.s.):

– Bəli, bunu edə bilərsən və et, – deyə bir daha təkrarlayır.

– Bunu əsla edə bilmərəm! – deyir Süheyl.

Onun bu qədər inadkar mövqeyinə və Rəsulullahın da israrına şahid olan Qureyşin digər elçiləri Hüveytib və Miqrəz insafa gəlir. Onlar da Süheylin Əbu Cəndəl məsələsini müqavilədən kənar hesab etməsinə çalışırlar, amma onu razı salmaq mümkün olmur.

Hüveytib və Miqrəz Əbu Cəndəlin qollarına girib bir çadıra doğru aparırlar. O anadək  hadisələri ümid və qorxu içində seyr edən Əbu Cəndəl fəryad qoparır:

– Ey müsəlmanlar, – deyə Hudeybiyyəni inlədir, – yanınıza müsəlman kimi gəlmişkən siz məni müşriklərə təslimmi edəcəksiniz? Başıma gələnləri görmürsünüzmü?

Doğrudan da, ürək dağlayan bir mənzərə idi. Əbu Cəndəl Allahın onun haqqında təqdir etdiyini bilmirdi; buna görə də fəryad edir, Rəbbin bərdü-salamını (Sərin və zərərsiz. Bütpərəstlər Hz.İbrahimi oda atarkən Allahın əmri ilə od sərin və zərərsiz olur. Bu hadisə Quranda da əksini tapır. "(Nəmrud və ətrafındakılar öz camaatına) belə dedilər: "Əgər (tapındıqlarınıza yardım göstərmək, onları xilas etmək üçün) bir iş görəcəksinizsə, onu (İbrahimi) yandırın və tanrılarınıza kömək edin!" Biz də: "Ey atəş! İbrahimə qarşı sərin və zərərsiz ol! (Hətta soyuğun belə ona zərər yetirməsin!)" – deyə buyurduq. Onlar (İbrahimə) hiylə qurmaq istədilər, lakin Biz onları (cürbəcür müsibətlərə düçar etməklə, xüsusilə üstlərinə ətlərini yeyib qanlarını içən həşərat göndərməklə) daha çox ziyana uğratdıq). "Ənbiya" surəsi, 68,69,70) görmədən göz görə-görə yenidən oda atıldığını düşünürdü! Allah Rəsulu (s.ə.s.) onun arxasınca səsini yüksəldib:

– Ey Əba Cəndəl, – deyə səslənir, – səbir et və mükafatını da yalnız Allahdan gözlə! Çünki Allah həm sənin, həm də səninlə birlikdə eyni taleyi yaşayan möminlər üçün mütləq bir çıxış yolu ehsan edəcəkdir. Ancaq indi bu qövmlə müqavilə imzaladıq, onlara bu məsələdə söz verdik. Sözümüzdən dönə bilmərik!

Rəsulullah mütləq bir şey bilirdi və şübhəsiz, Allah Əbu Cəndəl və yoldaşları üçün də bir çıxış yolu ehsan edəcəkdi. Allah Rəsuluna etimadı sonsuzdur. Ancaq onu da bilirdi ki, atası Süheyl geri dönən kimi yenə amansız işgəncələrinə başlayacaqdı.

Arxadan qaçıb Əbu Cəndələ yaxınlaşan Hz.Ömər qılıncının qəbzəsini göstərir və:

– Ya Əba Cəndəl, – deyir. Məqsədi qəbzədən tutub Süheyl ibn Amrın işini oradaca bitirməklə Əbu Cəndəli bu əzabdan qurtarmaq idi. Hz.Ömər sözlərinə davam edir:

– Dişini sıx və mükafatını Allahdan gözləyərək səbir et! Şübhəsiz, onlar müşriklərdir və Allah qatında onların qanı köpəyin qanından qiymətli deyildir!

Ancaq Əbu Cəndəlin Hz.Öməri dinləyəcək halı yox idi və Qureyş elçilərinin qollarında yenidən gəldiyi yerə dönür. Artıq müqavilə işləri də hərtərəfli tamamlanmış, Rəsulullahın göstərişi ilə səhabə Məhəmməd ibn Məsləmə ondan bir nüsxə yazıb Məkkə təmsilçisi Süheyl ibn Amra vermişdi.

Qurbanlıqlar və ehramdan çıxma

Səhabələr Allah Rəsulunun (s.ə.s.) gördüyü yuxunun çin olacağına zərrə qədər şübhə etmirdi, bunun üçün Hudeybiyyəyə qədər gəlmiş və illər sonra yenidən Kəbəni təvaf etmənin xəyallarını qurmuşdu. İyirmi gün burada gözləmələri, ağır şərtlər altında müqavilə imzalayaraq geriyə dönmə hazırlıqlarına başlamaları və nəhayət, Əbu Cəndəlin vəziyyəti onları sözün əsl mənasında sarsıtmışdı. İndi böyük bir tərəddüd içində idilər. Belə ki, İbn Abbas kimi səhabələrin şahidliyi ilə, səhabələr Beytullahı təvaf edə bilmədikləri üçün üzülmüş, oraya aparılmayan dəvələr belə o gün inləməyə başlamış, balaları üçün çıxardıqları səsi çıxarmışdı.

İndi isə hər şey bitmiş və müqavilə möhürlənmişdi. Artıq Hudeybiyyə ilə yeni bir dövr başlayırdı. İslam gözəlliklərini sülh şəraitində daha çox insanla bölüşmək fürsəti olacaqdı. Ancaq əshab bunu hələ də qavraya, Beytullahı təvaf etmədən geri dönməyi heç cür həzm edə bilmirdi. Buna görə Allah Rəsulu (s.ə.s) geri dönmək üçün əshabına:

– Qalxın və qurbanlıqlarınızı da kəsib təraş olun, – deyə əmr etdikdə heç kim yerindən tərpənmir.

Nə Beytullahdan vaz keçə bilir, nə də Rəsulullaha itaətsizlik etmək istəyirdilər. Ancaq şərait onları ikisindən birini seçmək məcburiyyətinə qədər gətirmişdi! Həm də Allah Rəsulunun bu bəyanı bir "əmr", yoxsa "təşviq"dir deyə tərəddüd keçirir və Cəbrailin gəlişi ilə bu sülhün ləğv ediləcəyinə ümid bəsləyirdilər. Çünki vəhy davam edirdi, buna görə də hökmlərdə hər zaman bir dəyişiklik mümkün idi və onlar da yeni bir vəziyyətdə Kəbəyə gedib Beytullahı təvaf edə bilərdilər.

Dərin düşüncələrə dalırlar. Bu dəfə Rəsulullahın (s.ə.s.) əmrinə itaət həssaslığında gecikirlər. Buna görə də Allah Rəsulu tələbini üç dəfə təkrarlayır. Yenə də nə kimsə qalxıb qurbanını kəsir, nə də ehramdan çıxmaq üçün saçlarını təraş etdirir.

Bu vəziyyət Allah Rəsuluna da ağır təsir edir. Məhzun halda Ümmü Sələmə validəmizin yanına gəlir və:

– Müsəlmanlar həlak oldu. Mən onlara əmr edirəm, qurbanlarını kəsib təraş olsunlar, amma onlar bunu yerinə yetirmirlər, – deyir.[15]

Görünür, can dostu ilə məsələni müzakirə edəcək və bu vəziyyətdən çıxış yolu barədə  onun da fikrini öyrənəcəkdi.

– Ya Rəsulullah, – deyə Ümmü Sələmə sözə başlayır, – onları qınama, çünki hal-hazırda onlar böyük bir sarsıntı keçirirlər! Müqavilənin ağır şərtləri və gözlənilən fəthi görmədən geriyə dönmək məcburiyyəti kimi məsələlər onlara çox ağır gəlir. Ey Allahın Nəbisi! Ən yaxşısı, Sən get və heç kimə bir söz demədən öz qurbanını kəs, sonra da bir nəfəri çağırıb saçlarını təraş elətdir!

Ümmü Sələmə onların biri kimi danışırdı. Hər kəsin öz missiyası vardı, o da bu səfərdə Rəsulullahla bir yerdə olmağın gərəyini yerinə yetirir və bu məsələ barədə fikir bildirməsi ilə tarixi bir missiyaya imza atırdı. Demək ki, belə vəziyyətlərdə bəzən cəmiyyətin başında olan insanların öz hərəkətləri ilə insanları bir işə sövq etməsi sözlə yönəltməkdən daha təsirli yol idi.

Rəsulullah (s.ə.s.) çadırından çölə çıxır. Ehramını bir çiyni üstünə atır, qurbanını kəsmək üçün bıçağı da götürüb dəvələrə doğru gedir. Gözlər Ona dikilir. Çox keçmir ki, Rəsulullahın ucadan "Bismillahi, Allahu Əkbər" dediyi eşidilir. Görünür, Allah Rəsulu qurbanlarını kəsirdi.[16]

Rəsulullah qurbanını kəsə, əshab da kənarda dura... bu, mümkün deyildi. Yerindən sıçrayıb duran bıçağını da qapıb qurbanının yanına qaçmağa başlayır. Ümmü Sələmə validəmizin məsləhəti işə yaramışdı. Artıq Hudeybiyyədə Rəsulullahın ardınca qurban kəsənlər, sanki, bir-biri ilə yarışırdı.

Qurbanlarını da kəsən Allah Rəsulu (s.ə.s.) artıq ehramdan çıxmaq üzrə idi. Hiraş ibn Ümeyyəni çağırır, ona saçlarını təraş etdirir. Səhabələr Rəsulullahın mübarək tüklərini yerə düşmədən tutur, bir telin belə yerə düşməməsinə çalışırdı. Bir tutam saç da Ümmü Ümara götürür.

Bəzi səhabələr saçlarını dibindən qırxdırmış, bəziləri isə sadəcə qısaltmaqla kifayətlənmişdi. Allah Rəsulu (s.ə.s.) mübarək başını çadırından çıxararaq:

– Allah saçını dibindən kəsdirənlərə mərhəmət etsin, – deyə dua edir.

Əsahabın içərisinə bir qorxu düşür:

– Bəs ya Rəsulullah, – deyirlər, – saçlarını qısaldanlar necə olsun?

Çünki saçlarını qısa kəsdirənlərin ehramdan çıxıb-çıxması şübhə altına düşmüşdü. İşin qəribə tərəfi də bu idi ki, Rəsulullah bir daha:

– Dibindən kəsdirənlərə, – buyurur və bunu da üç dəfə təkrar edir. Əshabın şübhəsi getdikcə artmağa başlayır və yalnız saçlarını qısaltmaqla kifayətlənənlərin hökmü məsələsində Allah Rəsulundan (s.ə.s.) bir cavab gözləyir. O da:

– Qısa kəsdirənlərə də, – buyurur və beləliklə, məsələ aydınlaşmış olur.

Daha sonra Hudeybiyyədə bir külək qalxır və səhabələrin saç tellərini Məkkəyə doğru uçurub aparır.

Beytullahı təvaf etmə işi bir il sonraya təxirə salınmaqla Hudeybiyyədən ayrılıq vaxtı çatmışdı. Buraya gələli düz iyirmi gün olmuşdu[17] və Rəsulullah da gələcək ili əmin-amanlıq içində Kəbəyə gəlib ibadətlərini etmək niyyəti ilə əshabına hərəkət əmri vermiş, Mədinə yolunu tutmuşdular.