Səhabələr

Ümrə səfəri və Hudeybiyyə

Daha sonra Allah Rəsulu:

– Onun qalan hissəsini də yeyin. Çünki o, Allahın sizə halal nemətidir, – buyurur. Daha sonra Əbu Qatadəyə dönür və:

– Yanında ondan bir şey qaldımı? – deyə soruşur.

Bunun cavabında Əbu Qatadə Rəsulullah üçün saxladığı qabaq ayağı verir. Ehramlı olduğu halda Allah Rəsulu da ovun ətindən yeyir. Hudeybiyyəyə gəlib çatdıqda səhabə Kab ibn Ucrənin başındakı yaraya həşərat yığılmış və onu ciddi narahat etməyə başlamışdı. Rəsulullah (s.ə.s.) onun yanına gəlib vəziyyətini görüncə:

– Başına daraşmış həşərat sənə əziyyət verirmi? – deyə soruşur.

– Bəli!

– Sənin bu qədər haldan düşəcəyini heç düşünməmişdim, – deyir və başını təraş etdirməsinə izin verir. Daha sonra da bunları tapşırır:

–Bunun üçün sən ya üç gün oruc tut, ya altı fəqirin qarnını doydur ya da bir qurban kəs![4]

Bütün bunlar ehramlı bir müsəlmanın davranış qaydalarını müəyyən edən örnəklər idi və əshab da bunlarla ilk dəfə qarşılaşırdı. Hər addımlarında yeni bir şey öyrənir və Allaha daha yaxın bir qul olmaq üçün, sanki, bir-biri ilə yarışırdılar.

Əmin-amanlıq gətirən səfər

Yolçuluq davam edirdi. Min dörd yüz nəfərlik bir insan kütləsi Məkkəyə doğru irəliləyir, amma heç bir yerli qəbilələrə zərrə qədər xətər yetirilməsinə imkan verilmirdi. Nə rastlaşdıqları yerlərdə insanlar narahat edilir, nə də qarşılarına çıxan bağ-bağçaların talanına imkan verilirdi. Sanki, bu yolçular yer üzünə enmiş mələklər idi. İnsanlıq ilk dəfə Hicazda haqq və ədalətə həssaslıqla riayət edən bir anlayışla, bir düşüncə – bir dinlə qarşılaşırdı.

Müsəlmanlar heç kimin malına göz dikmirdilər. Onları uzaqdan seyr edənlər bu fərqi görüb yaxınlaşır və Allah Rəsuluna hədiyyələr vermək istəyirdilər. Oğlu ilə birgə İma ibn Rahda gəlir və Allah Rəsuluna (s.ə.s.) iki yüz qoyun və süd yüklü iki dəvə hədiyyə edir. O da öncə:

– Allah sizə bərəkət ehsan etsin, – deyərək onlara dua edir və sonra da bu hədiyyəni səhabələri arasında bölüşdürür.

Bu, Yer üzündə gözəl qəbul edilmənin, gözəl görülmənin, sevilmənin bir göstəricisi idi və təkcə bununla məhdudlaşmayacaqdı. Qarşılarına çıxan hər qəbilə bu təmiz, pak davranışı heyranlıqla seyr edir və əlindəki çörək, tərəvəz və başqa ən dəyərli nemətləri bu mələk ruhlu insanlara hədiyyə etmək istəyirdilər. Hətta Allah Rəsulu (s.ə.s.) bu yolçuluq zamanı Ona ikram edilmiş gözəl qoxulu və içi südlü bir bitkini yeyincə çox xoşlamış, ondan Ümmü Səlamə validəmizə də vermişdi.

Məkkəlilərin münasibəti

Allah Rəsulunun əshabı ilə ümrə niyyəti ilə Məkkəyə doğru gəlməsi xəbəri məkkəliləri təşvişə salmışdı. Qorxurdular. Heç gözləmədikləri bir vaxtda Hz. Məhəmməd (s.ə.s.) üstlərinə gəlirdi. İşin ucunda savaş görünməsə də, bu, psixoloji olaraq onların acizliyini ortaya çıxarırdı. Buna görə də dərhal müşavirəyə toplanıb vəziyyəti müzakirə etməyə başlayırlar.

– Məhəmməd ordusu ilə üstümüzə gəlib ümrə etmək istəyir. Bunu eşidən və hələ dünənə qədər aramızda yaşanan hadisələrə şahid olan ərəblər Onun qəfil üzərimizə gəlişini necə qiymətləndirər?! Vallah, nə qədər canımızda can var, onların Məkkəyə girməsinə imkan verməyəcəyik, – deyirlər.