Səhabələr

Müqavilənin pozulması və Fəth müjdəsi

Bu vaxt Hz.Osman Məkkədən tanıdığı ticarət yoldaşı Saib ibn Abdullahı Rəsulullahın  hüzuruna gətirir və haqqında gözəl sözlər deyib onu tanıtmağa başlayır. Peyğəmbərimiz:

– Mənə Saibi tanıtma! Çünki o, Mənim ortağım idi, – sonra da üzünü ona tutub, – xoş gəldin, ey qardaşım və ortağım, – deyir.

Bu dəfə Allah Rəsulu özü Saibi tanıtmağa başlayır. Çünki Saib xeyirxah və dostcanlı bir insan idi. Buna görə də Rəsulullah:

– O, nə ortağını aldadar, nə də onunla çəkişərdi, – sonra təkrar Saibə yönəlib, – ey Saib, cahiliyyə dövründə sən savab qazanmadan bəzi yaxşılıqlar edirdin. Halbuki indi sənə savab qazandıracaq işlər görəcəksən!

Bu arada Allah Rəsulu (s.ə.s.) üzünü Hz.Ömərə tutub Hudeybiyyə günü baş verənləri xatırladırmış kimi deyir:

– Ey Ömər! Bax o gün Mənim sizə "Mən Allahın Rəsuluyam" deyərkən söyləmək istədiyim bu idi. Vallah, İslamda Hudeybiyyə müqaviləsindən böyük fəth yoxdur! Ancaq o zaman insanların ağlı baş verənləri qavramağa yetməmişdi![16]

 Xalqa müraciət

Bu vaxt insanlar Kəbənin həyətində toplaşıb baş verənləri maraqla izləyir, Allah Rəsulunun onlar barədə verəcəyi hökmü gözləyirdilər. İndi sıra məkkəlilərə gəlmişdi. Allah Rəsulu onlara xitab etmək üçün Kəbənin qapısına çıxır. İlk cümləsinə Allaha həmdlə başlayır:

– Vədini yerinə yetirən Allaha həmd olsun, – deyir, – O Allah ki təkdir və heç bir şəriki yoxdur. Əhzab ordularını məğlubiyyətlə baş-başa qoymuş və quluna yardım etmişdir! Ey Qureyş! Bu gün Mənim sizin haqqınızda hansı qərarı verəcəyimi gözləyirsiniz?

Bir anda Kəbə dərin səssizliyə bürünür. Çünki bu günə qədər etmədikləri yamanlıq qalmamışdı. Yolun sonuna gəldiklərini düşünürdülər. Dəfələrlə yolunu kəsmiş, ağlasığmaz işgəncələrə əl atmış və hər yerdə Ona və əshabına tələlər qurmuşdular. Cürüm, günah işləyən onlar idi və əgər hökmü özləri verməli olsaydılar, belə bir zülmün cəzasını çox yaxşı bilirdilər. Dilləri ağızlarında qurumuş, tərpənmirdi. Başıaşağı, veriləcək hökmü intizarla gözləyirdilər. Bu dərin səssizlik içindən bir səs yüksəlir:

– Xeyir arzulayırıq və Səndən xeyir gözləyirik. Çünki Sən kərim oğlu kərim bir qardaş və kərim bir qardaşın oğlu, kərəm sahibisən və  bu gün də bunu etmək iqtidarındasan!

Bir anda gözlər səsin sahibinə yönəlir. O, Qureyşin qüdrətli şairi Süheyl ibn Amr idi. Oğlu Abdullahın gətirdiyi xəbərlə gizləndiyi yerdən çıxmış və yeni bir həyata addım atmaq üçün hüzura gəlmişdi. Qədər onu yenə çox kritik nöqtədə sınaqdan çıxarırdı. Yenə sözündəki gücdən istifadə etmiş və çarəsiz məqamda Qureyşin əvfinə fərman gətirəcək addım atmışdı.

Söz Sultanı Rəsulullah Süheylin bu sözləri ilə qəsd etdiyi mənanı, əlbəttə, anlamışdı: Hz.Yusifi xatırladır və Onun o qədər məşəqqətlərə məruz qaldıqdan sonra yenə də qardaşlarını əfv etdiyi kimi bu gün Rəsulullahın da onları bağışlamasını diləyirdi. Onsuz da Rəsulullah başqa cür düşünmürdü. Süheyli də tanımış, məqsədini də anlamışdı. O (s.ə.s.), yaşatmaq  üçün var idi. Bir anda mübarək üzündə təbəssüm saçır və iliklərə işləyən səs tonu ilə saralıb-solan simalara səslənir:

– Mən bu gün sizə qardaşım Yusifin: "Bu gün sizi qınamayacağam, umuram ki, Allah da xətalarınızı əfv edər. Çünki O, mərhəmətlilərin ən mərhəmətlisidir!"[17] – dediyi kimi deyirəm. Haydı, gedin, hamınız azadsınız!

Ölüm əmri gözləyən məkkəlilər hər şeyə rəğmən, onlara azadlığın yollarını göstərən bu ifadələr qarşısında başqa bir sarsıntı keçirirdilər. Ola bilməzdi! Rəsulullah (s.ə.s.) kin də saxlamır. Bu qədər xeyirsevərlik ancaq bir peyğəmbərə xas ola bilərdi və bu alicənablıq qarşısında kiçik dillərini udmuşdular. İxtiyar sahibi ola-ola əfv etmək ancaq ilahi qaynaqlı bir sistemdə mükün idi. Bəlkə də, əsas zəfər, əsil fəth indi yaşanırdı. Nəbəvi şəfqətin ab-havasında qəlblər mum kimi yumşalmışdı; Məkkə kütləvi şəkildə İslamı qəbul edirdi.

Yüz səksən altı ailə ilə çıxdığı Məkkədə indi minlərlə insan İslamla şərəflənmişdi. Rəsulullah Rəbbinə həmd edir. O gün onlara yeni qədəm qoyduqları İslamiyyət haqqında uzun-uzadı məlumat verir, yeni möminləri gələcəyə hazırlayırdı. Rəsulullaha sual verənlər də olur, O da bu suallara cavablandırır. Hətta xütbəsini bitirincə Əbu Şah adlı bir nəfər xütbədə danışılan mövzuları yazılı şəkildə istəyir və O da:

– Bunları Əbu Şaha yazıb verin! – deyib onun bu istəyini yerinə yetirir.

Artıq Kəbə axın-axın gəlib Allah Rəsuluna beyət edən məkkəlilərin coşqusuna şahidlik edirdi. Allaha iman etdiklərini dilə gətirir və kəlmeyi-tövhidi deyib dünənəcən qılıncla qarşıladıqları Allah Rəsuluna sədaqətlərini bəyan edirdilər. Faran dağlarından gələn sellərin Kəbədə qovuşduğu kimi, o gün məkkəlilər onları imanla qovuşduran Allah Rəsulunun olduğu yerə axın edir və Onun mübarək əlini tutub itaət sözü verməkdə bir-biri ilə yarışırdılar və bu yarış günlərlə davam etmişdi.

O günə qədərki beyətlərdə hicrət ilk şərt idi. Çünki hicrət olmadan İslamı yaşamaq mümkün deyildi. Amma indi Məkkə qapılarını açmış, belə bir əndişə də aradan qalxmışdı. Bir səhabə atasının əlindən tutub hüzura gəlir:

– Ya Rəsulullah, – deyir, – hicrət etmək şərtilə atamın beyətini qəbul et!