Səhabələr

Müqavilənin pozulması və Fəth müjdəsi

Bu, o günə qədər hökm sürən vəziyyətin nəticəsi idi, amma indi dəyişən şərtlərlə birlikdə hökmlər də dəyişmişdi. Buna görə də Rəsulullah:

– Əksinə, Mən onun beyətini cihad şərti ilə qəbul edərəm. Çünki artıq hicrət sona çatdı, – buyurur.

Görünür, Məkkənin fəthi eyni zamanda bir dönüş nöqtəsi idi. Dünənə qədər qüvvədə olan Mədinəyə hicrət məcburiyyəti ardan qalxacaq və artıq Məkkə də İslama bayraqdarlıq edəcəkdi. Buna görə Rəsulullah üzünü əshabına tutub:

– Fəthdən sonra hicrət yoxdur. Allah yolunda mücadilə etmək və niyyət vardır. Niyyətiniz saf olsun, Allah yolunda cihada çağırıldığınız zaman dərhal bu dəvəti qəbul edin və Allah yolunda yürüməyə tələsin! – buyurur.

Bir də Allah Rəsulunun müjdəsi vardı və üzünü yenidən əshabına tutub:

– Bu gündən sonra bura qiyamətə qədər bir daha küfrün istilasına məruz qalmayacaq!

Kişilərin beyətindən sonra növbə qadınlara gəlir. Allah Rəsulu Səfa təpəsində duraraq qadınların beyətini qəbul edir. Əbu Sufyanın xanımı – Bədirdə öldürülən Utbə ibn Əbi Rəbiənin qızı Hind də Sultanlar Sultanına beyət etmək üçün gələn qadınlar arasında idi. Hələ bir neçə gün əvvəl Əbtaxda olan Rəsulullahın  hüzuruna gəlmiş və:

– Gətirdiyin mərhəmətdən mənim də fayadalana bilməyim üçün özü üçün seçdiyi dini üstün edən Allaha həmd olsun, ya Məhəmməd! Mən Allaha iman edən  və Onu təsdiq edən bir qadınam, – demişdi.

Üzü örtülü idi və Allah Rəsulu  (s.ə.s.) onun kim olduğunu hələ bilməmişdi. Bu vaxt üzündəki niqabı qaldırmış və:

– Mən Utbənin qızı Hindəm,– deymişdi. Allah Rəsulu (s.ə.s.) iltifat dolu səsi ilə:

– Sən də xoş gəldin! – buyurmuşdu.

Hindin əndişə etdiyi kimi nə ona əsəbiləşmiş, nə də keçmiş günləri xatirladıb üzünə vurmuşdu. Onun əngin iltifatı qarşısında cəsarətini bir az da toplayan Hind:

– Ya Rəsulullah – deyə səslənmişdi, – Allaha and olsun ki, hələ dünənə qədər yer üzündə mənə ən sevimli gələn çadır sahibləri Sənin əleyhinə oturub-duranlar idi. Ancaq bu gün mənim üçün ən sevimli şey Sənin çadırında olanların izzət və camala qovuşmasından başqa bir şey deyildir!

Məhz həmin gün Hind binti Utbə Rəsulullahın hüzurunda müsəlman olduğunu elan etmiş, bu gün də Peyğəmbərimizə beyət etmək üçün Səfa təpəsinə gəlmişdi. Hz.Ömər yenə Rəsulullahın hüzurunda dayanmış, uzaqdan işarə ilə Allah Rəsuluna beyət edən qadınların sözlərini Ona çatdırırdı. Ancaq Hind yenə də narahat idi. İslamla şərəflənmişdi, amma Uhud günü Hz.Həmzəyə etdiklərini xatırladıb bunun hesabını soruşar deyə Rəsulullahın hüzuruna girməkdən qorxurdu. Ancaq bunların hamısı Rəsulullahın (s.ə.s.) olduğu yerdə əbəs imiş. Peyğəmbərimiz onunla da aradakı pərdəni götürmür və beyətini qəbul edir.

Məkkə müşrikləri gəlib silahlarını təslim etmişdi və Məkkədə:

– Allaha və axirət gününə inanan hər kəs evindəki bütləri qırsın! – deyə bir səs yayılırdı. Belə ki, Allah Rəsulu (s.ə.s.) dörd tərəfə carçılar göndərmiş və gördükləri hər kəsə bu əmri çatdırmağı tapşırmışdı.

Sonra da Rəsulullah (s.ə.s.) bir neçə səhabəni bəzi bütləri qırmağa göndərir. Xalid ibn Vəlidə Uzzanı və Sad ibn Zeydə də Mənatı qırmaq tapşırılır. Xalid ibn Sad Uranə tərəfə və Hişam ibn As da belə bir iş üçün Yələmləm istiqamətinə yollanır.

İşin əhlinə verilən əmanət           

Kəbənin açarları hələ də Rəsulullahın əlində idi. Onları Sultanlar Sultanının əlində görən Hz.Əli:

– Ya Rəsulullah, – deyir, – Kəbənin örtüyü ilə bağlı işlərlə yanaşı, açarları saxlamaq vəzifəsini də bizə verərdiniz.

Görünür, Rəsulullah eyni qənaətdə deyildi, həm də belə bir istəkdən xoşnud olmur. Ona görə də:

– Mən sizə nemətlərindən istifadə edəcəyiniz bir şeyi deyil, əksinə, öz malınızdan xərcləyərək əda edəcəyiniz bir vəzifəni verirəm, – buyurur.

Görünür, yaxınlardan daha böyük fədakarlıq gözləyir və əmək haqqının paylandığı yerdə onları ən arxa cərgələrdə görmək istəyirdi. Onun dünyasında vəzifə istəyənə deyil, düşünməyənə verilirdi.

Kəbənin həyətində dolaşan nəbəvi nəzərlər yenə Osman ibn Talhanı axtarır, onlardan:

– Osman ibn Talha haradadır? – deyə soruşur. Allah Rəsulunun onu axtardığını eşidən kimi hüzura gələn Hz.Osmana: "Ya Osman, əvvəllər olduğu kimi, yenə də bunu alın və əbədi olaraq bu vəzifəni yerinə yetirin! Bundan sonra bu açarları sizdən hər kim alsa, böyük zülm etmiş deməkdir! Ey Osman! Allah sizi Beytullaha əmanətçi etmişdir. Ona görə də bu vəsilə ilə sizə çatanlardan məqbul çərçivədə istifadə edin və onu yaxşı saxlayın!"

Yenidən açarları alan Hz.Osmanın sevinci yerə-göyə sığmırdı. Getmək istəyirdi ki, Allah Rəsulu (s.ə.s.) yenidən:

– Ya Osman, – deyə səslənir, – nə deyirsən, bu, daha əvvəllər sənə söylədiklərimin gerçəkləşdiyini göstərmirmi?

Bu sözlər Osman ibn Talhaya keçmiş günləri xatırladır. Çünki Məkkə dövründə – hicrətdən əvvəl bir gün Allah Rəsulu ona:

– Bir gün bu açarların mənim əlimə keçəcəyini sən də görəcəksən. Mən o gün onları istədiyim adama verəcəyəm, – demişdi.

Zaman necə də sürətlə keçib getmiş, o gün deyilənlər bu gün həqiqət olmuşdu. Allah Rəsulu da açarları əlinə alaraq istədiyi adama verirdi. Bir qədər düşünən Hz. Osman:

– Bəli, – deyə səslənir, – Mən şəhadət edirəm ki, Sən Allahın Rəsulusan!

Əlbəttə, açarları Osman ibn Talhanın əlindən alası deyildi. Elə Cəbrail gətirdiyi xəbərdə də əmanətləri əhlinə (sahibinə) vermək əmr olunurdu.[18]  Və Allah Rəsulu (s.ə.s.) açar məsələsinin son nöqtəsini bu cümlələrlə qoyur:

– Açarlar sənin olsun, necə də olsa, bu gün  xeyirxahlıq və vəfa günüdür!

Bu vaxt Huzaa qəbiləsi ilə Hüzeyl qəbiləsi arasında anlaşılmazlıq baş vermiş və Hüzeyl qəbiləsinə hücum edən huzalılar yenə qan tökmüşdülər. Allah Rəsulu (s.ə.s.) bunu eşidər-eşitməz kürəyini Kəbəyə verib üzünü camaata tutur və Allaha həmdü-səna etdikdən sonra:

– Ey Huza camaatı, daha adam öldürməkdən əl çəkin, vallah, artıq həddinizi aşırsınız! Sizin öldürdüyünüz bu adamın diyətini (qan haqqını) də, vallah, Mən ödəyəcəyəm! Bu Hiraş nə qədər qəddar imiş! Əgər mən bir kafirə  müqabil bir mömin öldürməli olsaydım, bu gün Hiraşı öldürərdim! – buyurur.