Səhabələr

İslamın xoşgörü zəmini

Böyük səhabələrin böyük səylərini görən digər müsəlmanlar da əllərində nə var ortaya qoyurlar. Belə ki, bir dəvəsi olan dəvəsini gətirib qardaşı ilə bölüşür, bir loğma yeməyi  olanlar da onu gətirib bir döyüşçüyə yol azuqəsi edirdilər. Qadın səhabələr də bu işə qoşulur, sırğa, bilərzik, xalxal (ayaq bilərziyi) və qızıl növündən nə qədər cavahirat varsa, gətirirdilər! Hz.Aişə anamız qadın səhabələri bu işə sövq etmək üçün hücrəsində bir sərgi açmışdı. Onlar da evlərində olan qiymətli əşyaları götürüb gəlir, himmət edirdilər! Təbuk günü Vasilə ibn Əsqa Mədinəni küçə-küçə gəzib-dolaşır:

– Döyüşə gedən bir adama minik heyvanı verən yoxdurmu? Döyüşçünün əldə edəcəyi qənimət onun olacaqdır, – deyə səslənirdi. Bunu eşidən Kab ibn Ucrə:

– Necə yəni? Minik əvəzində əldə olunan qənimət bizə aid olacaq? – deyə təəccüblə soruşur.

– Bəli! – deyir Hz.Vəsilə. Bu, onun  kimi yaşlı bir adam üçün ələdüşməz fürsət idi. Dərhal:

– Haydı, elədirsə, Allahın izni və bərəkəti ilə yürü, – deyib Hz.Vəsiləni minik heyvanı ilə təmin edir.[10]

Bütün bunlara baxmayaraq, o gün minməyə bir dəvə, qurşanmağa bir qılınc tapmayanlar da vardı. Rəsulullahın hüzuruna gəlib, hallarını ərz edirlər, amma Onun yanında bir şey qalmamışdı! Ürəkdə qalan arzular qəlbi didib-parçlayır, göz yaşları ceyhuna dönürdü: hıçqırtı ilə ağlayırdılar![11] Ulbə ibn Zeyd  də onlar arasında idi. Rəsulullahdan (s.ə.s.) ayrı qalmaq istəmirdi. Peyğəmbərimiz ona:

– Səni döyüşə hazırlamağa imkan qalmadı. Bir şey verə bilmirəm, – deyincə, sanki, dünya başına yıxılır. Dönüb gedərkən uşaq kimi ağlayır.

Bu hüznlə də evinə gəlir. Gecə qalxır, dəstəmaz alıb iki rükət namaz qıldıqdan sonra:

– Allahım, – deyə yalvarmağa başlayır, – Sən bizə cihad əmri verdin və getməyə təşviq etdin. Ancaq bunu yerinə yetirməyə heç bir imkan yoxdur, gedə bilmirəm! Rəsulun da imkanı qalmamış, kömək edə bilmir! Əldən heç nə gəlmir, cihada gedə bilmirəm. Nə olar Allahım, imkanımı əlimdən alan, vücuduma ariz olan, iffətimə uzanan hər cür zülmü müsəlman qardaşlarıma halal edir, ən dəyərli varlığım olan irz-namusumu sədəqə kimi qəbul etməyini istəyirəm!

Səhər açılmış, Mədinədə yenə də carçının səsi eşidilirdi:

– Bu gecə irz-namusunu Allah üçün  sədəqə edən kimdir?

Məsələdən heç kimin xəbəri yox idi və hamı kimi Ulbə də Məscidi-Nəbəviyə gəlmişdi. Peyğəmbərimiz (s.ə.s.) namazını qılıb qurtardıqdan sonra üzünü camaata tutub:

– Bu gecə sədəqə verən kim idi? – deyə soruşur.

Heç kimdən cavab gəlmir. Gecə heç kim sədəqə paylamamışdı. Əldə-ovucda olan hər şeyi Təbuk ordusu üçün gətirmiş və sədəqə verməyə bir şey qalmamışdı! Allah Rəsulu  (s.ə.s.) sualını ikinci dəfə təkrar edir: "Bu gecə sədəqə paylayan kim idi? Qalxsın ayağa!

Hamı bir-birinün üzünə baxır! Çox keçmədən baxışlar Ulbədə cəmləşir. Çünki Rəbbi ilə arasındakı sirrin açılması qorxusu Ulbənin rəngini ağartmışdı. Utandığından gözlərini camaatdan qaçırdırdı. Bu həyəcanı ilə özünü ələ verir. Rəsulullahın qəsd etdiyi adam ortaya çıxmışdı. İrz və namusunu Allah üçün sədəqə verən, demək ki, Ulabə imiş!

Və Ulbə ayağa qalxıb göz yaşları içində duası barədə danışmağa başlayır. Çarəsizliyin acı çırpıntıları idi bunlar!.. Ancaq Allahın da, Rəsulunun da  nəzərindən qaçmamışdı, qaçmazdı da!.. Demək, yoxluğun ən yüksək səviyyəsində varlıq naminə ortaya qoyulan ən dəyərli şeylərin Allah üçün ərz edilməsi ilahi mərhəmət tərəfindən də məqbul sayılmış, qəbul olunan duaya çevrilmişdi.

Bu vaxt Allah Rəsulu (s.ə.s.) hər kəsi şahid çəkərək buyurur:

– Müjdələr olsun sənə! Nəfsim qüdrət əlində olan Allaha and olsun ki, bu gecə sən o çox verənlərin, səyi, qeyrəti və zəkatı qəbul edilənlərin arasındakı yerini aldın!

Demək, Allah ürəkdən istəyənə, istəyində israrlı olanın diləyinə cavab verir, onu da çox verənlərin arasına yazırdı!

Mədinədən hərəkət

Artıq gələn gəlmiş, növbə İslam ordusunun yola çıxmasına çatmışdı. Rəsulullah hər qəbiləyə bayraq hazırlamağı tapşırır və onları döyüşə təşviq edirdi:

– Kim çarıxla yola çıxarsa, süvari kimidir, – buyuraraq əshabını çarıx geyməyə təşviq edirdi. Çünki miniksiz, pay-piyada olanlar üçün bu qədər məsafənin qət edilməsi ancaq belə mümkün olardı! Özündən əvvəl hərəkət edənlərə namaz qıldırma vəzifəsini də Hz.Əbu Bəkrə həvalə etmiş, böyük bayrağı da ona vermişdi.

Rəcəb ayının bir cümə axşamı günü Allah Rəsulu (s.ə.s.) Hz.Əlini Mədinədə öz yerinə təyin edib[12] otuz min nəfərlik İslam ordusuna hərəkət əmrini verir. Ancaq münafiqlər Hz.Əlinin Mədinədə saxlanılmasını dedi-qoduya çevirir, hər addımda fitnə qazanı qaynadırlar:

– Peyğəmbər onu alçaltdığı və qabiliyyətsiz gördüyü üçün burada saxladı, – deyib gündəmi dəyişmək istəyirlər. Məqsədlərinə qismən çatırlar; Hz.Əli narahat olmuş, Curfa qədər gəlib orada Allah Rəsuluna çatmış, məsələni danışmışdı. Özü kimi bir insanın ər meydanlarında olmasının vaciblıyini dilə gətirir və Rəsulullahın cəbhəyə getdiyi bir vaxtda uşaqlarla Mədinədə oturmaq istəmədiyini bəyan edirdi! Bunun cavabında Allah Rəsulu (sallallahu əleyhi və səlləm):

– Yalan deyirlər, – buyurur, – Mən səni Məndən arxada qalanlara, ailəmə və öz ailənə göz-qulaq olmaq üçün orada saxlamışam. Həm də sən Mənim yanımda Hz.Musanın yanındakı Hz.Harun kimi olmaq istəməzsənmi, ey Əli? Axı Məndən sonra Peyğəmbər olmayacaq!