Səhabələr

Xeybər

Hətta o gün Rəsulullaha bir nəfərin şəhid olması xəbərini gətirir:

– Filankəs şəhid olmuşdur, – deyə Onu müjdələmək istəyirlər. Allah Rəsulu (s.ə.s.):

– Xeyr! Elə deməyin, – deyə onlara xəbərdarlıq edir, – çünki Mən onu qənimət mallarından apardığı bir əba üzündən cəhənnəm alovunun içində gördüm!

Məsələ çox ciddi idi və üzünü  Hz.Ömərə tutan Allah Rəsulu:

– Ey Xəttaboğlu! Get və insanlara: "Cənnətə möminlərdən başqası girə bilməz!" deyə səslən, – təlimatı verir, – bir topluluq arasında qənimət mallarına xəyanət geniş yayılarsa, mütləq onların qəlblərinə qorxu salınar!

Növbə həmin şəxsin namazını qılmağa gələndə Rəsulullah üzünü mərhumun qəbiləsinə tutub:

– Adamınızın namazını özünüz qılın, – buyurur.

Çox ağır durum idi. Demək ki, cəmiyyətə aid bir dəyərin şəxslər tərəfindən halal olmayan yolla götürülüb istifadə olunması nəticə etibarilə Allah və Rəsulunun qəzəbinə səbəb olan bir xüsus idi. İşin bu yerində yoldaşlarının şəhid olub-olmamasında belə tərəddüd etməyə başlayırlar. Çünki Allah Rəsulu:

– Adamınız Allah yolunda bir əmanətə xəyanət etdi, – buyurur.

Bundan sonra qəbilə üzvləri şəhid olan şəxsin əşyalarını axtarmağa başlayırlar. İki dirhəm ağırlığında belə olmayan bir neçə muncuq tapırlar!

Oturub düşünürlər: "Bu qədər kiçik bir şeylə heç nə olmaz," – deyib başqa səhabələr də eyni muncuqlardan götürmüşdülər və bir-bir Allah Rəsulunun (s.ə.s.) hüzuruna gəlib onları təhvil verirlər. Əshabın həssaslığı Allah Rəsulunu (s.ə.s.) məmnun edir. Onlara tərəf dönür və təkrar soruşur:

– Hamınız Allaha and içə bilərsinizmi, götürdüyünüz hər şeyi təhvil verdiniz?

– Bəli, – deyirlər və heç bir şey unutmadan hamısını gətirdiklərinə dair and içirlər. Bundan sonra Allah Rəsulu şəhid olan şəxsin namazını qıldırır.

O biri yandan qənimətdən pay alan bəzi səhabələr kədərli idi. Allah yolunda tökdükləri tərə görə qənimətdən pay almağı qürurlarına sığışdırmır, xəcalət çəkirdilər. Hələ Xeybər başlamadan öncə Əbu Dayyah adlı bir nəfər səhradan gəlib Nəbəvi hüzurla şərəflənərək kəlmeyi-tövhidi söyləmiş və Allah Rəsuluna (s.ə.s.):

– Sənin yanına köçüb gələcəyəm, – deyib bundan sonra birlikdə yaşamağı arzu etdiyini bildirmişdi.

Allah Rəsulu (s.ə.s.) da bunu qəbul etmiş və onu əshabına əmanət etmişdi. Xeybərə gələnlər arasında Əbu Dayyah da var idi.

İlk qalalar fəth edilincə ələ keçirilən qənimətlərdən bir hissəsi bölüşdürülür. Ona da pay ayırıb vermək istəyirlər:

– Bunlar nədir? – deyə Əbu Dayyah soruşur.

– Rəsulullahın sənin üçün qənimətdən ayırdığı hissədir, – deyə cavab verirlər.

Ona verilən paya görə xeyli üzülən səhabə Əbu Dayyah Allah Rəsulunun (s.ə.s.) hüzuruna gəlir.

– Ya Rəsulullah, bu nədir?