Səhabələr

Xeybər

Cəng yenə qılınclardan öncə başlamışdı. Xeybər qalalarının önündə sözlərin ruhlara işlədiyi döyüş yaşanırdı. Elə isə düşmənlə onun anladığı dildə danışmaq lazım idi. Buna görə Hz.Əli:

– Mən də o adamam ki, anam mənə "Əsəd"(Aslan) adını vermişdir. Mən meşələrin heybətli aslanı kimiyəm! Sizi də tezliklə diz çökdürəcək, öhdənizdən gələcək ər kişiyəm, – deyə səslənir.

"Aslan" kəlməsini eşidincə Mərhabın rəngi qaçır. Çünki o gecə yuxusunda bir aslanın özünü parçaladığını görmüş və təlaş içində oyanmışdı! Bəlkə də, Allah Mərhab röyasını xatırlasın deyə Hz.Əlini bu şəkildə danışdırırdı!

 Namazsız şəhid

Rəsulullah (sallallahu əleyhi və səlləm) da o gün ikiqat zireh geyinmiş, başına da dəbilqə qoymuşdu. Əlində də ox-yayı Zarib adlı atının üstündə dayanmışdı. Bu əsnada Yəsar adlı bir zənci gəlir. Amirin çobanı olduğunu söyləyir və:

– Ya Məhəmməd, – deyə səslənir.

Demə, ağası Amir və yoldaşları döyüşə hazırlanarkən onların: "Bu peyğəmbər olduğunu iddia edən adamla vuruşacağıq," – deyə danışdıqlarını eşitmiş, qəlbində Rəsulullaha qarşı bir yaxınlıq hissi oyanmışdı. Buna görə də məsələnin əslini öyrənmək üçün qoyunları ilə birgə buraya gəlmişdi:

– Sən nələr söyləyir, nələrə dəvət edirsən? – deyə soruşur.

Allah Rəsulu (s.ə.s.) da:

– İslamiyyətə; Allahdan başqa ilah olmadığına inanıb Ona qulluq etməyə və Mənim də Onun Rəsulu olduğuma şəhadətə dəvət edirəm, – buyurur.

Yəsar soruşur:

– Yaxşı, mən belə bir şəhadət və Allaha iman etsəm, mənə nə vəd edirsən?

– Bu iman və şəhadətlə ölsən, sənə cənnət vəd edirəm, – deyə cavab verir Allah Rəsulu.

– Ya Rəsulullah, – deyir Yəsar, – mənə İslamiyyəti və necə müsəlman olmağı başa sal!

Yönəlişi səmimi idi və Allah Rəsulu (s.ə.s.) bu sualdakı səmimiyyətə cavab verirdi. Nəticə etibarilə yer üzünün hər nemətindən daha xeyirli bir iş həyata keçir, bir insan da müsəlman olur! Xeybər önündə qızğın döyüşlər gedərkən Yəsar gəlib ürəkdən kəlmeyi-tövhidi söyləyir.

Ardınca yenidən Allah Rəsuluna (s.ə.s.) dönür:

– Ya Rəsulullah! Mən qara dərili, çirkin üzlü, qoxusu xoş olmayan və imkansız bir adamam. Bu gün yəhudilərlə vuruşub ölsəm, cənnətə gedərəmmi? – deyə soruşur.

– Bəli, – deyə cavab verir Allah Rəsulu (sallallahu əleyhi və səlləm).

Yəsar gözünü cənnətə dikmiş, onun yolunu axtarırdı! Bir daha Allah Rəsuluna (s.ə.s.) yönəlir:

– Ya Rəsulullah! Bu qoyun və davarlar mənim yanımda əmanətdir. Mən onların sahibinin işçisiyəm. İndi mən bunları nə edim?