Səhabələr

Xeybər

– Bəli, ləğv olunsun!

Kinanə bunları söyləyərkən bir Yəhudi ona yaxınlaşıb deyir:

– Məhəmmədin səndən istədiyi şey əgər səndədirsə və ya sən onun haqqında bir şey bilirsənsə, onu bildir və canını qurtar! Əks təqdirdə O, vallah, bunu əldə etməyə müvəffəq olacaqdır, çünki Allah Onu bundan başqa bizim bilmədiyimiz şeylərdən də xəbərdar edir!

Hələ adam sözünü bitirər-bitirməz Kinanə kəskin şəkildə etiraz edir və çəkilib bir küncdə oturur. Kinanənin iqtidar və nüfuzu qarşısında digərləri də səsini qısır, bildiklərini də söyləmirlər.

Bu vaxt Allah Rəsulunun (s.ə.s.) hüzuruna Saləbə adlı ağıldan kəm bir yəhudi gətirilir. Saləbə Kinanəni bir zibillikdə dolaşarkən gördüyünü söyləyir. Rəsulullah yenidən Kinanəyə dönür və:

– Nə deyirsən, əgər xəzinəni burada tapsaq, səni öldürməli olacağıq, – deyir.

– Öldürün, – deyir, ancaq "sirr" vermir.

Allah Rəsulu səhabələrindən birini hüzuruna çağırır və Saləbənin göstərdiyi yeri qazmağı, tapdığı şeyi də götürüb gətirməyi tapşırır. Adam ağıldan kəm olsa da, dediyi doğru çıxır, çünki deyilən yerə gedən səhabə çox keçmədən xəzinənin bir hissəsini çıxarıb Allah Rəsulunun hüzuruna gətirir. Ancaq bu həmin xəzinənin hamısı deyildi. Demək ki, xəzinə iki yerə bölünmüş və ayrı-ayrı yerlərdə basdırılmışdı.

Allah Rəsulu (sallallahu əleyhi və səlləm) bir daha Kinanəyə tərəf dönüb soruşur, ancaq ondan yenə də səs çıxmır. Kinanəni danışdırmaq üçün Zübeyr ibn Avvam da cəhd göstərir, amma nəticəsi olmur. Adamın malı canından qiymətli idi, bütün cəhdlərə baxmayaraq, canını verməyə razı idi, amma malı barədə bir kəlmə də kəsmirdi.

Xəzinənin qalan qismi ilə bağlı heç bir yol, əlamət görünmürdü. Ortada bir xəzinənin olduğunu bilirdilər, amma heç kim onun yerini söyləmək istəmir və ya bundan çəkinirdi. Elə bu vaxt Cəbrail gəlib Allah Rəsuluna (s.ə.s.) xəzinənin yerini xəbər verir. Allah Rəsulu ənsardan bir nəfəri çağırıb Cəbrailin dediyi yeri göstərib oranı axtarmağı və tapdıqlarını da gətirməyi əmr verir. Bu arada üzünü Kinanəyə tutan Rəsulullah (s.ə.s.):

– Sən artıq səmaların təsdiq etdiyi bir fırıldaqçısan, – deyir.

Bir addım da atır Allah Rəsulu və öncə bu işə Hz.Əbu Bəkir, Hz.Ömər, Hz.Əli və Hz.Zübeyr kimi səhabələrini və yəhudilərdən on nəfər şahid tutur. Rəsulullah gedişatı bilirdi, buna görə də qərarın kollektiv şəkildə verilməsini  istəyirdi.

Bu dəfə göstərilən yerdən dəvə tuluğunu çıxarıb gətirən ənsarın əlində on min dinarlıq bir xəzinə vardı. Ağzını açıb ortaya tökürlər; qızıl bilərzik və halqlar, sırğalar və boyunbağılar, bazübənd və üzüklər, inci, mərcan və zümrüd kimi dəyərli daşlardan düzəldilmiş növ-növ ləl-cəvahirat bərq vurur.

Hər şey açıq-aşkar ortada idi. İndi insanlar Kinanənin nə zaman edam ediləcəyini gözləyirdi. Çünki Kinanə istifadə edə bilməyəcəyi malının əvəzinə bağladığı müqavilənin şərtləri ilə göz görə-görə ölümü seçmişdi. Allah Rəsulu onu və qardaşı Rabini daha öncə şəhid etdikləri Mahmudun qardaşı Məhəmməd ibn Məsləməyə təslim edir.

 İkinci müqavilə

Xeybərdən getməyi könüllü olaraq təklif edən Yəhudilər Rəsulullahın (s.ə.s.) hüzuruna gəlib:

– Ya Məhəmməd! Bizə icazə ver, burda qalıb əkinçiliklə məşğul olaq və əvəzində əldə etdiyimiz gəlirin yarısını Sənə verək, – deyirlər.

Sanki, hər dəfə, hər fürsətdə Rəsulullaha qəsd emək istəyənlər, qarşı çıxanlar onlar deyildi! Məkkəlilərlə əlaqəyə girib, ətraf qəbilələri də özlərinə qoşub Mədinəyə hücm etmək planları quran bu insanlar öhdəsindən gəlmədikləri gücün qarşısında mum kimi yumşalmış və indi heç bir şey olmamış kimi Allah Rəsulundan mərhəmət diləyirdilər!

Məsələnin iki tərəfi vardı; əvvəla, bunu onların istəməsi əhəmiyyətli idi və vəziyyət hər cür şərtləri qəbul etməyə hazır olduqlarını göstərirdi. Son hökmü, əlbəttə, Rəsulullah verəcəkdi. İndi buna izin vermiş olsa belə, istədiyi zaman və arzu etdiyi anda bu müqaviləni ləğv etmə haqqı vardı. Bundan başqa Xeybər Mədinədən uzaq bir yerdə yerləşirdi və buralara nəzarət elə də asan deyildi! Həm də xeybərlilər ərazilərini daha yaxşı tanıyır, harada nə əkildiyini, necə məhsul əldə etməyi yaxşı bilirdilər.

Məsələnin əhəmiyyətli bir tərəfi də bu vəsilə ilə xeybərlilərin daim nəzarət altında saxlanılması idi. Əkin-biçin işləri vasitəsilə əshabla görüşüb-danışmaq imkanları olacaq və bəlkə də, bununla İsalamın gözəllikləri ilə tanış olma fürsətini əldə edəcəkdilər. Ona görə də  təkliflərinə müsbət cavab verməklə itirəcəyi bir şey yox idi və Allah Rəsulu (s.ə.s.):

– Allah razı olduğu müddətdə sizi Xeybər torpaqlarına buraxırıq, – deyə təkliflərini qəbul edir və fəth etdiyi ərazıni yenə onlara – köhnə sahiblərinə təhvil verir. Bunun əvəzində onlar hər il əldə edilən məhsulun yarısını Allah Rəsuluna (s.ə.s.) verəcəkdilər.

Xeybərlə bağlı işlər Abdullah ibn Rəvahaya tapşırılır. Hər il gəlir, xeybərlilərin məhsullarını hesablayaraq ikiyə ayırır və yarısını götürüb Mədinəyə aparırdı.[14]