Səhabələr

Xeybər

– Sən kimsən? – deyə səslənirlər.

– Yəhudiyəm, – deyir.

Aman istəyənə aman verilirdi və gələn Yəhudiyə də qucaq açılır. Adının Simaq olduğunu deyən bu adam israrla Allah Rəsulu ilə görüşmək istədiyini bildirir. Görünür, Ona deyəsi sözləri vardı və Rəsulullahın (s.ə.s.) hüzuruna aparırlar. Bu vaxt Peyğəmbərimiz (s.ə.s.) namaz qılırdı. Namazını bitirib vəziyyəti öyrənincə üzünü Simaqa tutub:

– Sən kimsən və orada nə xəbərlər var? – deyə soruşur.  O da:

– Ya Əbal-Qasım, – deyir öncə, – Sənə qalaların gizli və önəmli məlumatlarını vermək şərtilə  mənə və ailəmə aman verərsənmi? – deyə soruşur.

– Bəli, – cavabını verir Allah Rəsulu (s.ə.s.).

Onsuz da bu məlumatları verməsə belə, Ondan aman diləyən hər insana aman verərdi. Bundan sonra Simaq kimin haradan haraya getməsindən, qalada hökm sürən qorxu və təşvişdən, silah və ərzaqları harada saxlamalarından danışır, yer altda olan sığınacaqlara, mancanaq və dəbbabə[11] adlı silahların gizlədildiyi yerlərə və möhkəm qalaların necə ələ keçirilməsinə dair bir çox məlumat verir. Yeganə dərdi uşaqları ilə arvadının həyatda qalması idi. Hər dəfə bunu yada salır və Rəsulullahın sözündə durmasını istəyirdi. Allah Rəsulu da Ona bu qədər əhəmiyyətli məlumatlar gətirən Simaqı əbədi həyatını da qazanması üçün İslama dəvət edir. Ancaq o, hələ buna hazır deyildi və:

– Mənə bir neçə gün möhlət ver, – deyə vaxt istəyir və Rəsulullah da ona möhlət verir.[12]

Nəhayət, bir gün Allah Rəsulu üzünü əshabına tutur və:

– Sabah bayrağı elə bir insana verəcəyəm ki, o, Allahı, Allah da onu sevər, – buyuraraq Xeybərin bir gün sonra fəth ediləcəyi müjdəsini verir.

İfadəsindəki təfərrüat hər bir səhabənin diqqətini çəkir. Rəsulullahın şəhadəti edirdi: Xeybəri fəth edən sərkərdə Allahı sevən və Allahın da onu sevdiyi insan idi. İlahinin rizasından başqa məqam arzusu olmayan səhabələr üçün bu ən əhəmiyyətli məqam idi və hər biri də sabahkı gün bayrağın özünə verilməsini gözləyirdi. Bir gün sonra fəthin müjdəsi ilə könüllərə rahatlıq çökmüşdü. Və o gecəni zikrlə keçiririlər.

Yenə səhər olur və namazın ardından Allah Rəsulu (sallallahu əleyhi və səlləm) əshabına dönüb, nəsihət etdikdən sonra bayrağı gətirdir. Səhabələr isə Peyğəmbər hüzurunda cərgəyə durmuş,  bayrağın kimə veriləcəyini maraqla gözləyirdi.

Elə bu vaxt Allah Rəsulu (sallallahu əleyhi və səlləm):

– Əli haradadır? – deyə soruşur.

– Ya Rəsulullah! Əlinin gözləri ağrıyır!