Səhabələr

Xeybər

Yenə də qəbul etmirlər və növbə ilə qəhrəmanlarını irəli çıxarırlar. Onları Zübeyr ibn Avvam, Əbu Dücanə və Hz.Əli kimi səhabələr qarşılayır. Meydan oxuyan qəhrəmanlar öldürüldükdən sonra Allah Rəsulu dəvətini təzələyir və onları artıq qan tökülməməsi üçün təslim olmağa çağırır. O gün Vadil-Quranın on bir adamı öldürülür, amma onlar heç cür təslim olmaq istəmir. Namaz vaxtı girəndə Rəsulullah (s.ə.s.) əshabı ilə namaz qılır və yenidən onları İslama dəvət edir.

Belə günlərin birində Rifa ibn Zeydin Allah Rəsuluna hədiyyə etdiyi Midam adlı zənci kölə oxla öldürülür. Bunu görən əshab qibtə ilə:

– Bəxtəvər, cənnətə getdi, – deyir.

Allah Rəsulu onlarla razılaşmır:

– Xeyir, – deyir, – nəfsim qüdrəti əlində Olana and olsun ki, bu anda o, hələ bölgü aparılmamış Xeybərdən götürdüyü enli bir örtünün içində od tutub yanır!

Bu sözlərdən ürəkləri ağızlarına gəlir. Rəsulullahın dəvələrinə baxmaqla keçinən və Ona xidmət edən bir şəxsin döyüş meydanında şəhid olması belə onun cəhənnəm alovlarından xilas olmasına yetməmişdi!

Deməli, İslamı yaşamaq tükdən incə həssaslıq tələb edirdi və Allah Rəsulunun bu ifadələrinin ardınca başqa bir səhabə rəngi qaçmış halda hüzura gəlir. Əlində bir çarıx dərisi var idi. O da bunu qənimətlərin bölüşdürülməsindən əvvəl Xeybərdən götürmüşdü. Əvvəlcə onu Rəsulullaha uzadır, təşviş içində Allah Rəsulunun buna nə deyəcəyini gözləyir. Nəhayət, Peyğəmbərimiz (s.ə.s.):

– Cəhənnəmdən bir və ya iki çarıxlıq dəri! – buyurur.

Xeybər səfərinin başlanğıcından bu yana hadisələri diqqətlə izləyən səhabələr Allah Rəsulunun iradlarını müşahidə edib bir-birinə baxır və din yolunda bundan sonra daha həssas davranılmasının vacibliyindən danışırdılar. Çünki bu günün sabahı da vardı və sabah haqq divanında  bunların hesabı bir-bir veriləcəkdi!

Artıq sona yaxınlaşmışdılar. Yenə bir şənbə, Vadil-Quraya gəlişlərinin dördüncü günü idi və Allah Rəsulu (sallallahu əleyhi və səlləm) mühasirəni daha da daraldaraq yeni bir hücum başladır. Günəşin doğması ilə başlayan bu mühasirə Vadil-Quraya son həmlə idi və çarəsiz qalan yəhudilər təslim olurlar.

O gün Vadil-Quradan əldə edilən qənimətlər də beş yerə bölünür və bunların beşdə dördü əshab arasında bölüşdürülür. Xeybərlə olduğu kimi Vadil-Qura əhalisi ilə də eyni şərtlərlə müqavilə imzalanır, yəni torpaqları becərmə və bundan əldə etdikləri gəlirin yarısını Mədinəyə göndərmə şərti ilə yurdlarında qalmalarına icazə verilir. Amir ibn Said də onların başına vali təyin edilir.

 Mədinə yollarında

Artıq Allah Rəsulu (s.ə.s.) uzun müddət ayrı qaldığı Mədinəyə yönəlir. Gecə-gündüz yol gedir, çox az fasilə verirdilər. Əshab olduqca yorğun düşmüşdü.

Bir gecə yarısı fasilə verilir. Allah Rəsulu (s.ə.s.) üzünü əshabına tutub:

– Bizi sabah namazına oyadacaq, yuxuya getməyəcək saleh bir adam varmı? Yatıb qala bilərik, – deyə səslənir.

Bu yorğunluqdan sonra oyanmaq çətin ola bilərdi və Rəsulullah (s.ə.s.) namazın keçməməsi üçün qabaqcadan tədbir görmək istəyirdi. Buna cavab olaraq Hz.Bilal:

– Ya Rəsulullah, – deyə səslənir, – mən Səni namaza qaldıraram!

Artıq hər kəs rahatca yata bilərdi və elə də edirlər.

Ordunu sabah namazına qaldırma vəzifəsini könüllü şəkildə üzərinə götürən Hz.Bilal gecənin qaranlığını namazla zinətləndirmək istəyir. Rəbbinə yönəlir, nafilə namazı qılır. Bir müddət beləcə davam edir. Ancaq getdikcə yorğunluğun ağırlığı çiyinlərini əzir. Bu zaman dəvəsinə söykənib oturur, bir az dincini almağa çalışır. Oturduğu yerdəcə sübh namazının girməsini gözləyir.

Rəsulullah (s.ə.s.) yerindən sıçrayıb qalxanda bütün səhabələri yatmış görür. Günəşin şəfəqləri üzlərini isitməyə başlamışdı, amma onlar yorğunluqdan oyanana oxşamırdılar. Gözləri Hz.Bilalı axtarır.  O da dəvəsinə söykənib oturduğu yerdəcə yuxuya getmişdi!

– Bu nə işdir, sən bizə nə etdin, ey Bilal?! – deyə səslənir. Rəsulullahın (s.ə.s.) məxmərdən yumşaq səsi ilə oyanıb yerindən sıçrayan Bilali-Həbəşi tutduğu işə peşman olur, nə olursa-olsun, yerdə oturmayacaqdı. Ancaq olan olmuşdu, olmuşu da geri qaytarmaq mümkün deyildi.

Bu arada səhabələr da oyanır, hər kəs üzüntü içində idi. Necə olurdu ki, bir mömin Allahın fərz buyurduğu namazı qəza edirdi?! Hamısı da növbə çəkməyə könüllü razılıq verən Hz.Bilalı qınayır![25]

Onlar üzüntü çəksə də, qədər öz hökmünü icra edir. Allah (c.c.) Məhəmməd ümmətinin namazı keçirməsinə də mərhəmətindən bir qapı açır və bundan sonra eyni vəziyyətdə necə davranmaqla bağlı Rəsulullahın şəxsində hər bir möminə yol göstərir. Öncə:

– Bura şeytanların oturduğu bir vadidir, – buyuraraq hərəkət əmri verir və o bölgəni tərk edirlər.