Səhabələr

Xeybər

Görünür, Xeybərə heç gözləmədikləri bir anda çatmaq və onları hazırlıqsız yaxalamaq istəyirdi. Tez-tez dodaqlarından bu dua eşidilirdi: "Allahım! Keçmişə kədərlənib gələcək qayğısı ilə əndişə duymaqdan, gücsüzlükdən, zəiflikdən, xəsislikdən, qorxaqlıqdan, bel bükən borcla zalım və haqsız kimsələrin müdaxiləsindən Sənə sığınıram!"

Abbad ibn Bişr çoban qiyafəsində Xeybər yəhudiləri üçün casusluq edən bir adamla qarşılaşmış və onu yaxalıb danışdırmaq istəmişdi. Əvvəlcə adam yəhudilərin bu döyüş üçün nə qədər hazırlıq gördüyünü və heç bir gücün onları yenə bilməyəcəyini söyləməyə çalışsa da, ancaq Hz.Abbadın sıxışdırması nəticəsində həqiqəti demək məcburiyyətində qalmışdı. Həqiqətən də, qatafanlılar dörd minə qədər əsgərlə Xeybərə köməyə gəlmiş və çoxdan döyüş hazırlıqlarına başlamışdılar!

Rəsulullahın hüzurunda da casus dediklərini təkrar edincə orada olan Hz.Ömər adamın boynunu vurmaq istəmiş, ancaq Hz.Abbadın amanına görə Allah Rəsulu (sallallahu əleyhi və səlləm) buna icazə verməmişdi.[4]

Bu ərəfədə münafiqlərin rəisi iş başında idi. Yəhudilər tədbir görsün deyə Allah Rəsulu və əshabının Xeybərə doğru hərəkət etməsi xəbərini çatdırmağa çalışırdı.

Səfər zamanı Allah Rəsulu (sallallahu əleyhi və səlləm) Xeybər qalalarından Şıqq və Natat arasındakı bir bölgəyə gəlincə düşərgə salmaq əmrini verir. Kol-koslu bir yer olsa da, orada  namaz qılırlar!

Yenidən hərəkətə başlayıb Xeybərlə üzbəüz bir yerə çatdıqda əshabına:

– Dayanın, – deyə nida edir.

Əmrə itaətdə örnək olan bu insanların hamısı dərhal dayanır, Rəsulullahın nə edəcəyini maraqla gözləməyə başlayırlar. Görünür, yenə ciddiyyət və təmkinlə Rəhmli Rəbbinə yönələcək və hər zamankı kimi halını ərz edəcəkdi. Əllərini  qaldırıb dua edir: "Allahım! Ey yeddi qat səma və onun kölgələdiyi hər şeyin, yerlərin və onların üzərindəkilərin də Rəbbi! Ey şeytanların və onların azdırdıqlarının, küləklərlə onların sovurduqlarının da Rəbbi! Biz Səndən bu bölgənin və bu bölgə insanlarının xeyir və yaxşılığını diləyir, buradan və burada olanlardan gələ biləcək şərlərdən də Sənə sığınırıq!"

Hər şeyə rəğmən, Allah Rəsulu iman əleyhinə birləşib savaşa hazırlaşanlar üçün belə xeyir naminə dua edir, belə bir yerdə səmimi qəlbdən Rəbbinə üz tutub onların yaxşılığını istəyirdi. Duasını bitirən kimi, yenə əshabına dönür və:

– Haydı, indi Allahın adı ilə irəliləyin, – buyurur.

Xeybərin önünə çatanda gecə yarı idi. Rəsulullah bir yer seçib qərargahını qurur və ertəsi günün hazırlıqlarına başlanır. Gecə olduğu üçün Allah Rəsulu təhəccüd namazını da burada qılır, ilk şəfəqlə sabah namazına durur. Əshabı da onun arxasında idi! Yenə əllər duaya açılmış, Uca Allahdan qələbə istəyirdilər!

Bu əsnada Hübab ibn Münzir Rəsulullaha (sallallahu əleyhi və səlləm) yaxınlaşır:

– Ya Rəsulullah, – deyir, – qərargah qurduğun bu yer əgər Allahın bir əmridirsə, buna heç bir söz deyə bilmərik. Ancaq bu hərbi seçimdirsə, biz də düşündüklərimizi söyləmək istəyirik!

Sonrakılara da örnək olan  bir çıxış qarşısında Allah Rəsulu:

– Xeyr, bu şəxsi bir seçimdir, – buyurur.

– Onda, ya Rəsulullah! Bura onların qalalarına çox yaxındır və üstəlik onların hamısı Natat qalasında qərar tutmuşdur. Eyni zamanda onlar ox atmaqda mahir insanlardır və atdıqları oxlar yuxarıdan aşağıya doğru daha sürətlə bizə çatar. Bu vəziyyətdə biz onlara ox atmaqda çox çətinlik çəkəcəyik! Heç olmasa, qara daşlıq və qayalıqların arxasına keçək ki, onların oxu bizə qədər gəlib çatmasın! – deyir İbn Münzir.