Səhabələr

Xeybər

Rəsulullah (s.ə.s.) Hudeybiyyədən dönəli iyirmi gün idi. Bu müqavilə ilə Məkkədən gözlənilən təhlükələr nəzarət altına alınmış, böyük bir narahatlıq aradan qaldırılmışdı. Çünki Hudeybiyyə müqaviləsi ilə birlikdə Məkkə müşrikləri və Xeybər yəhudilərinin Mədinəyə hücum etmək məsələsində qurduqları ittifaq dağılmış olurdu. Ancaq yenə də Bəni-Qureyzə, Bəni-Qaynuqa və Bəni-Nadir yurdlarından sürgün edilib Xeybərdə məskunlaşan və burada daim təhlükə törədən yəhudilərin nə zaman, necə bir reaksiya verəcəyini, necə hərəkət edəcəyini qabaqcadan kəsdirmək mümkün olmurdu. Xüsusilə, Səlləm ibn Əbu Huqayq, Kinanə ibn Rabi və Huyyey ibn Ahtab kimi nüfuzlu adamlar burada yerləşmiş, Xeybərdəki yandaşlarının dəstəyi ilə "intiqam" təhdidləri yağdırırdılar. Belə ki, onlar ətraf qəbilələri də təhrik edərək Məkkə ordusunun Xəndəyə qədər gəlməsində önəmli rol oynamışdılar. Məkkəyə qədər gəlib müşrikləri Allah Rəsuluna və möminlərə qarşı körükləyən heyətdən on doqquz nəfər Xeybərin nüfuzlu adamları idi, ətrafdakı qəbilələrə də getmişdilər. Mədinəyə hücumun əvəzində onlara Xeybərin məhsullarından verməyi vəd etmişdilər! İntiqam duyğusu ilə hərəkət edir, fürsət gözləyirdilər. Ümid bəslədikləri Xəndək müharibəsinin də "nəticə" verməməsi onları təşvişə salmışdı.

Müsəlmanların bunun hesabını soruşacağını bilirdilər. Bu gümanla da birinci hərəkət etmək istəyir, Rəsulullah və əshabını qabaqlamağı, Teyma, Fədək və Vadil-Qura yəhudilərini də özləri ilə götürüb Mədinəyə ani basqın etməyi planlaşdırırdılar.

Xüsusən, Əbu Rafidən sonra rəhbər olan Üseyə ibn Zarim intiqam alacağına and içmiş, camaatı da buna təhrik edirdi. Qatafanla da görüşmüş, Mədinəyə hücum barəsində onları razı salmağı bacarmışdı. Onun bu səylərini əhali də təqdir edir, onu yoldaşlarının intiqamını alacaq bir lider kimi alqışlayırdılar. Xülasə, Xeybər fitnə ocağına çevrilmiş və hər an partlamağa hazır idi!