Səhabələr

Müqavilənin pozulması və Fəth müjdəsi

– Ya Rəsulullah, – deyir Hz.Əbu Bəkir, – Sizin deyil, onun sizin ayağınıza gəlməsi daha münasibdir!

Əbu Kuhafəni Allah Rəsulunun qarşısında oturdur. Peyğəmbərimiz mübarək əllərini yaşlı Əbu Kuhafənin çiyinlərinə qoyub:

– Müsəlman ol ki, qurtulasan! – buyurur. Dəvət Rəsulullahdan gəlincə Əbu Kuhafəyə qəbul etmək qalırdı və oradaca müsəlman olur! Hz.Əbu Bəkri də Allah Rəsulunu da bu mənzərə ən azı Məkkənin fəthi qədər sevindirir![20] Bir aralarda Allah Rəsulu (s.ə.s.) əmisi Hz. Abbasdan:

– Qardaşın Əbu Ləhəbin oğulları Utbə və Muattib haradadır? Onları görmürəm, – deyə soruşur. Məkkə dövründə, yəni hicrətdən əvvəl  onlar Allah Rəsulunun (s.ə.s.) kürəkənləri idi. Ata Əbu Ləhəbin və Məkkə əhlinin təzyiqinə davam gətirməyib və sırf Allah Rəsuluna hicran, sitəm, dərd olsun deyə qızlarını boşamışdılar. Amma indi vəfa zamanı idi; Sərvəri-Kainat  (s.ə.s.) hər kəs kimi Utbə ilə Muattibə də qucaq açırdı. Hz.Abbas:

– Onlar da qaçan Məkkə müşrikləri ilə gözdən itdilər, – deyə cavab verir.

– Onları Mənim yanıma gətir, – buyurur Rəsulullah. İsrarlı idi və Hz.Abbas atına sıçrayıb  qardaşı oğullarının dalınca gedir. Nəhayət, onları Urnə adlı yerdə tapır və əvvəlcə Rəsulullahın onlar haqqında dediklərini çatdırıb, İslama dəvət edir. Utbə və Muattib qardaşları bunu gözləmirdi və Rəsulullahın mərdliyindən təsirlənib əmiləri ilə birlikdə hüzura gəlirlər. Onların gəlişini görən Allah Rəsulunun üzü bədirlənmiş ay kimi parlayır. Qalxıb qardaşları ayaq üstə qarşılayır! Sonra da əllərindən tutub Mültəzəmə qədər gəlir. Və əllərini açıb dua edir!

Bir müddət orada qalıb geri dönür və Onun üzündəki sevinci görən Hz.Abbas:

– Ya Rəsulullah, Allah (c.c.) Səni həmişə sevindirsin! Üzündə gördüyüm sevinc bambaşqadır!

– Rəbbimdən bu iki əmim oğlunu Mənə bağışlamasını dilədim. O da Mənim bu diləyimə cavab verib onları Mənə bağışladı, – buyurur.

Həmin gün Məkkədən qaçanlar da vardı: Abdullah ibn Zibara, İkrimə ibn Əbi Cəhil, Safvan ibn Ümeyyə,Vəhşi ibn Harb, Zül-Cövşən, Haris ibn Hişam, Saib ibn Sayfiyy, Adiyy ibn Hiyar, Uqbə ibn Haris və Müaviyə ibn Əbi Sufyan kimi Rəsulullahın şəfqətindən qaçan neçə insan vardı. Ancaq hərəsi bir vəsilə ilə gəlib o şəfqət dolu hüzurun qarşısında hidayətə çatmış və beləliklə, əvvəlki səhvlərini düzəltmək üçün Rəsulullaha təslim olub yeni bir həyat səhifəsi açmışdılar.

Din naminə həssaslıq

Kainatın Sərvəri Allah Rəsulu (s.ə.s.) yalnız Məkkənin fəthi ilə kifayətlənmir, insanların bundan sonra prinsip kimi qəbul edəcəyi yeni hökmləri təbliğ edir, cəmiyyətin mənimsəməsi üçün yol göstərirdi. Belə ki, dinin ortaya qoyduğu qəti hökmlər insanların anlayış və düşüncələrinə görə dəyişiləsi deyildi və zahirən insanın əleyhinə görünsə belə, yerinə yetirilməli idi. Cəmiyyətin varlığı, gələcəyi, insanların maddi-mənəvi səadəti bu hökmlərin sosial həyatda işləkliyindən asılı idi. Çünki bu hökmləri Ahkəmül-Hakimin olan Allah insanlar üçün buyurmuşdu, bütün dərdlərin dərmanı vardı burada. Onu həyatının əsası olaraq qəbul edən toplumlarda firavanlıq, əmin-amanlıq, ondan uzaqlaşıb istədikləri kimi yaşayanlarda isə özbaşnalıq və xaos hakim olurdu.

Əshabına səslənən Allah Rəsulu (s.ə.s.):

– Həqiqətən, Allah (c.c.) içki və donuz satışı ilə birlikdə ölü heyvan və bütlərin də ticarətini haram buyurdu, – deyir. Səhabələrdən biri ayağa qalxıb:

– Ya Rəsulullah, ölü heyvanın yağı haqqında nə buyurursunuz? Çünki ondan gəmi və dəri yağlamaq üçün və lampalarda istifadə olunur!

Görünür, əllərində sözügedən maddələrdən bir qədər vardı və bunları qeyri-müsəlmanlara satıb gəlir əldə etməyi düşünmüşdülər! Allah Rəsulu (s.ə.s.) bu sözlərdən cəlallanır. Hər yeni hökmdən istisnalar çıxarıb məsələnin ciddiyyətini azaldan bu düşüncə tərzinin haraya qədər gedəcəyi məlum deyildi. Sərxoş edən içkilərin içilməsi və donuz, ölü heyvan ətinin yeyilməsi, onsuz da haram idi. Məkkənin fəthindən sonra bütlər də tarixə qarışmışdı! İndi isə yeni bir əmr gəlirdi: haram olan bu cür əmtəənin ticarətini etmək də haramdır və Allah Rəsulu məhz bunu elan edirdi. Buna görə də səhabənin sualına cavab olaraq:

– Allah (c.c.) Yəhudiləri qəhr etsin! – deyə söz başlayır. Demək ki, bir dəstə Yəhudi belə bir vəziyyətlə qarşılaşarkən hökmün sahəsini daraltmış, haram olan xüsusları özləri üçün halala çevirmişdilər. Allah (c.c.) onlara ölü ətinin yağlarını haram buyurduğu zaman onu əridib donduraraq satdılar və sonra da pulunu yeməyə başladılar, – deyərək bu cəhətə diqqət çəkir. Bu, camaatını – əshabını hərtərəfli, kamil şəkildə yetişdirmənin adı, ünvanı idi və O (s.ə.s.), əvvəlkilərdən nümunə gətirərək ilahi hökmü öz istəklərinə görə dəyişdirənlərin başlarına necə müsibətlərin gəldiyini də öz əshabına göstərmiş olurdu.

Qarşıya çıxan hər hadisə yeni bir təcrübə demək idi və bu günlərdə başqa bir hadisə də baş vermişdi: İslamı yeni qəbul etmiş bir qadın oğurluq etmişdi! Müsəlman olmuşdu, amma o gün hər kəs İslamı mənimsəməmişdi ki! Qadın Məkkənin tanınmış ailələridən idi. Vərdişini tərgidə bilməmiş və yenə başqasının malına əl uzatmışdı.

Cinayət olan yerdə cəzası da olmalıydı. Cəzasız qalan günah və ya gecikən ədalət cəmiyyət üçün hər zaman partlamağa hazır olan bir bomba demək idi ki, bu qadının etdiyi cinayət də cəzasız qalmamalı idi. Ancaq qadının yaxınları öz ailələrinə mənsub bir nəfərin cəzalandırılmasını qürurlarına sığışdırmır, Rəsulullahın "xüsusi münasibət (müamilə)" göstərməsini istəyirlər! Hüzura gəlib Rəsulullaha şəxsən xahiş etməyə də cəsarətləri çatmır və işi həvalə etmək üçün münasib bir adam axtarırdılar.

Nəhayət: "Rəsulullahın sevimlisi Üsamə ibn Zeyddən başqa heç kim bunu Ona söyləməyə cəsarət etməz," – deyib işi Hz.Üsaməyə tapşırmaq qərarına gəlirlər. O zaman Hz.Üsamə o qədər yaşlı deyildi ki, bu məsələnin nə ilə nəticələnəcəyini əvvəlcədən görə bilsin. Və gəlib məsələni Kainatın Sərvəri Rəsulullaha (s.ə.s.) nəql edir. Amma peşman olur, çünki ilahi əmrinin icrasında "xüsusi münasibət" istəyən bu düşüncə tərzinə cəlallanır Rəsulullah. Özünə aid məsələlərdə mümkün qədər əfv etməyə üstünlük verən Allah Rəsulunun toplumun hüququna aid bir haqqın ləğvi ilə bağlı istəyi eşidəndə halı dəyişir. Üzünü gənc Üsaməyə tutub:

– Allahın qoyduğu hökmü dəyişdirmək üçünmü vasitəçilik edirsən?! – deyir. Üsamə xəcalətindən rəng alıb rəng verir. Başını aşağı salır:

– Ya Rəsulullah! Allahdan mənim bağışlanmağımı diləyərsənmi? – deyib fərqinə varmadan atdığı səhv addıma görə əfv istəyir.

Ancaq bu yalnız Üsamənin bağışlanması ilə həll ediləsi məsələ deyildi. Bir cinayət baş vermişdi və buna bənzər hadisələrin kökünü kəsmək üçün təsirli addımlar atılmalı idi.

Buna görə də Allah Rəsulu (s.ə.s.) səhabələrin toplanmasını gözləyir və namaz qılındıqdan sonra onlara dönür, Allaha həmd edib sözə başlayır:

– Şübhəsiz ki, sizdən əvvəlkilərin həlak olmasının əsas səbəbi oğurluq edən kimsəsiz və zəiflərə cəza vermələri, əsil-nəcabətliləri isə bağışlamaları oldu. Allaha and olsun ki, Məhəmmədin qızı Fatimə də oğurluq etsə, heç tərəddüd etmədən ona da lazımi cəzanı verərəm!

Sözünü qurtaran Allah Rəsulu Hz.Bilalı çağırıb qadına düşən cəzanı icra etməyi əmr edir.[21]

Heç gözləmədikləri bir reaksiya idi və bundan sonrakı ayrı-seçkilik bütün təmənnaları da kökündən qoparıb atmağı ifadə edirdi. Məkkəlilər bir yeni şey də öyrənirlər; Allahın əmri qarşısında boyunlar qıldan incə, güclü-gücsüz, əsilli-kimsəsiz, varlı-yoxsul – hamı eyni idi.

 
[1]. Allah Rəsulundan buna bənzər bir dəyərləndirməni də Meymunə validəmiz eşidəcəkdi. Gecənin bir vaxtı dəstəmaz almağa qalxan Allah Rəsulu üç dəfə: "Ləbbeyk," ardınca da yenə üç dəfə: "Yardım ehsan edildi," – deyir. Meymunə validəmiz: "Elə bil, kiminləsə danışırsan, yanında kimsə varmı?" – deyə soruşur. Rəsulullah (s.ə.s.): – Bu Kab oğullarının başlarına gələn müsibətləri şeirlə danışan adamları var ha. Bəkir ibn Vaillər onlara hücum etmiş, onlar da Qureyşin Bəkir ibn Vaillərə kömək etdiyini deyib Məndən yardım istəyir! Bax: Taberani, Mu’cemu’l-Kebir, 23/433 (1052), Mu’cemu’s- Sağir, 2/167 (968); İbn Hacer, el-İsâbe, 4/631
[2]. Yalnız bu basqına qatılmaqla kifayətlənməmiş, hər cür silah, minik heyvanı və ləvazimatlarla da yardım göstərmişdilər. Basqında iştirak edən Qureyş əyanları işin içində olduqlarını göstərib mövcud sazişi açıq-aşkar pozmamaq üçün gecənin qaranlığına baxmayaraq, üz və gözlərini örtmüşdülər. Ancaq Əbu Sufyanın bu məsələyə qarşı çıxması və ya bu işdə ümumiyyətlə iştirak etməməsi şəklində müxtəlif rəvayətlər var. Bax: Vâkıdî, Megâzî, 1/783; İbn Sa’d, Tabakât, 2/134; Sâlihî, Sübülü’l-Hüdâ ve’r-Reşâd, 5/201
[3]. Hz.Damra ilə Qureyşə üç təklif göndərilir: 1. Öldürülən huzalıların diyətlərini ödəmək idi ki, Məkkə bunu seçdikdə maddi tərəfini ödəməklə işin içindən çıxacaqdı. 2. Məkkə Nüfasə ilə olan ittifaqı ləğv etməli idi ki, bununla Bəni-Nüfasə möminlərin qarşısında müttəfiqsiz qalacaq və Rəsulullah quldurluqla məşğul olan bu qövmün üstünə yeriyib dərsini verəcəkdi. 3. Qarşılıqlı olaraq Hudeybiyyə müqaviləsinin ləğv olunmasını qəbul etməli idilər ki, bu da onların (qureyşlilərin) açıq şəkildə müharibə elan etməsi demək idi. Bax: Vâkıdî, Megâzî, 1/787; Sâlihî, Sübülü’l-Hüdâ ve’r-Reşâd, 5/204-205
[4]. Yolun Usfan adlı yerində Büdeyl ibn Vərqa ilə qarşılaşan Əbu Sufyan onların özündən əvvəl Mədinəyə bir xəbər çatdırıb-çatdırmamasını öyrənməyə çalışsa da, bir cavab ala bilmir. Ona görə də çubuqla  dəvələrin peyinini eşələyir, "acvə" və "quş dimdiyi" adlı xurma növlərinin çəyirdəyini görəndə onların Mədinədən gəldiyini anlayır. Bax: İbn Hişam, Sire, 5/50; Vakidi, Megazi, 1/792; Taberi, Tarih, 2/154
[5]. Bütün qapıların üzünə bağlanmasına baxmayaraq, ümidini itirməyən Əbu Sufyan  Peyğəmbərimizin qızı Fatimə validəmizin də yanına gedərək Rəsulullahla danışmaq üçün kömək istəsə də, bu qapıdan da əliboş dönür. Vəziyyət o yerə çatır ki, o vaxt hələ balaca uşaq olan Hz.Həsəndən də mədəd umur. Bax: İbn Hişam, Sire, 5/51; Taberi, Tarih, 2/154; Süheyli, Ravdu`l-Unf, 4/148
[6]. Mədinə xəbərlərini Məkkəyə gətirən Əbu Sufyanı çətin günlər gözləyirdi. Onsuz da Məkkə onun gecikməsindən narahat olmuş, müsəlman olduğunu danışmağa başlamışdılar. Məkkəyə çatan Əbu Sufyan olanları danışır. Onlar da bundan narazı olduqlarını dilə gətirir, Əbu Sufyanı tək qoyub gedirlər. Məkəni dalğa-dalğa ümidsizlik bürüyürdü. Əbu Sufyana deyirdilər: – Sən heç kimin razı olmayacağı bir işə razılıq vermisən. Nə sənə, nə də bizə faydası olan bir nəticə ilə geri döndün! Allaha and olsun ki, sənin himayənin də bir mənası yoxdur, onlar üçün bunu pozmaq çox asandır. Əli isə sadəcə səni ələ salmışdır! Bax: İbn Kesir, el-Bidâye ve’n-Nihâye, 4/322, Sîre, 3/534; İbn Kayyım, Zâdu’l-Meâd, 3/347
[7]. Hətta bu əmri aldıqdan sonra Aişə validəmizin yanına gələn atası Əbu Bəkir (r.a.) bu hazırlığın səbəbini soruşur, Rəsulullahın haraya gedəcəyini öyrənmək istəyir. Ancaq Aişə validəmiz bunu Allah Rəsulunun (s.ə.s.) ən sadiq dostu və doğma atası Əbu Bəkrə də demir, suallara sükutla cavab verməklə Rəsulullahın sirrini açmır. Əslində, daha sonra Rəsulullah hüzura gələn Əbu Bəkirlə də danışacaq və gizli saxlamaq şərtilə səfərin səbəbini ona da söyləyib hazırlıq görməsini istəyəcəkdi. Bax: Vakidi, Meğazi, 1/796
[8]. "Mümtəhinə" surəsi, 60/1-3
[9]. Yolda qatılanlarla birlikdə bu rəqəmin on iki min nəfərə çatması da rəvayət olunur. Bax: Kurtubî, el-Câmi’ li ahkâmi’l-Kur’ân, 8/97; İbn Kayyım, Zâdu’l-Meâd, 3/411; İbn Esîr, el-Kâmil fi’t-Tarih, 1/335; Sâlihî, Sübülü’l-Hüdâ ve’r-Reşâd, 5/266
[10]. Mövzu ilə bağlı dörd müxtəlif rəvayət birləşdirilərək  verilmişdir. Bax: Sâlihî, Sübülü’l-Hüdâ ve’r-Reşâd, 5/214 vd.; el-Akk, Abdurrahmân, Mevsû’atü Uzamâi Havle’r-Resûl, 2/1044
[11]. Bu dəstənin 900 nəfər olması haqqında da bilgilər var. Vakidi, Megazi, 1/813; Salihi, Sübübül-Hüda ver-Reşad, 5/219
[12]. O gün Rəsulullahın bu dedikləri Hz.Cabirə Mədinədə eşitdiyi sözləri xatırladır. Belə ki, bir gün Allah Rəsulu (s.ə.s.) ona: – Allah (c.c.) bizə Məkkə fəthini müyəssər etdiyi zaman Məkkə müşriklərinin küfr naminə bizim əleyhimizə fəaliyyət göstərdiyi Kinanəoğullarının Hayfında düşərgə salacağıq, – demişdi. Həmin gün müşriklər buraya toplaşaraq müsəlmanları Məkkədən sürgün edib ölümlə üz-üzə qoymuşdular. Ancaq taleyin hökmü başqa idi və indi Allah Rəsulu əshabı ilə hələ o vaxt tərif etdiyi yerə gəlmiş və ölümlərinə fərman verilən yerdən müzəffər olaraq Məkkəyə girirdi. Bax: Vakidi, Meqazi, 1/825; Salihi, Sübübül-Hüda ver-Reşad, 5/230
[13]. "İsra" surəsi, 17/81
[14]. Peyğəmbərimizə Zəmzəm suyu verən şəxsin Onun digər əmisi Haris ibn Abdulmuttalib olması da rəvayət edilir. Bax: Vakidi, Megazi 1/833;  Salihi, Sübübül-Hüda ver-Reşad, 5/235
[15]. Açarı gecikdiyini görən Allah Rəsulu (s.ə.s.) bir neçə nəfər səhabəni onun evinə göndərəcək və məhz anası bundan sonra razı olub açarı verəcəkdi. Bax: Vakidi, Meğazi, 1/833; Salihi, Sübübül-Hüda ver-Reşad, 5/237
[16]. Fəthin baş verməsi ilə birlikdə peşmançılıq içində qıvrılan Hz.Ömər bu sözlərdən sarsılır və o gündən sonra Hudeybiyyədə etdiyi çıxışlara görə ömür boyu nafilə namaz qılıb oruc tutacağına, zəkat və sədəqə verib tövbə və istiğfar edəcəyinə söz verir. Bax: Vâkıdî, Megâzî, 1/607; İbn Seyyid, Uyûnu’l-Eser, 2/120; İbn Kesir, Sîre, 3/320, el-Bidâye ve’n-Nihâye, 4/192
[17]. "Yusuf" surəsi, 12/92
[18]. "Nisa" surəsi, 4/58. "Allah sizə əmanətləri öz sahiblərinə qaytarmanızı və insanlar arasında hökm etdiyiniz zaman ədalətlə hökm etmənizi əmr edir. Həqiqətən, Allahın bununla sizə verdiyi öyüd necə də gözəldir! Əlbəttə, Allah hər şeyi eşidəndir, görəndir!"
[19]. Rəsulullah bu borcları Həvazindən qayıdandan sonra ödəyir. Ödəyəndə də: "Bu, bir həqiqətdir ki, alınan borcun əvəzi təşəkkür etmək və onu geri qaytarmaqdır," – buyurur və Allahdan borc aldığı şəxslərin mallarına bərəkət  diləyir. Bax: Vâkıdî, Megâzî, 1/863; Sâlihî, Sübülü’l-Hüdâ ve’r-Reşâd, 5/258
[20]. Daha sonra Rəsulullah (s.ə.s.) Hz.Əbu Kuhafənin saç və saqqalının rənginin dəyişdirilməsini istəyəcək və qara rəngdən uzaq durmağı məsləhət görəcəkdi. Buna görə də, onun saç və saqqalını xına ilə boyayacaqdılar. Bu İslamda bir ilki ifadə edirdi. Bax: İbn Abdilberr, İstiab, 3/1036 (1773); İbn Hacer, el-İsâbe, 4/453
[21]. Həmin xanım səhabə bundan sonra səmimi qəlbdən tövbə edərək Rəbbinə yönələcək və qalan ömrünü iffətlə yaşayacaqdı. Hətta Hz.Aişə validəmiz bu qadının vaxtaşırı yanına gələrək söhbət etdiyini, bütün qəlbi ilə İslama təslim olduğunu və özünün də Rəsulullahı onun ehtiyaclarından xəbərdar etdiyini deyəcəkdi. Bax: Müslim, Sahih, 3/1315; Beyhaki, Sünen, 8/267